16 May 2018 12:11
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadr var. Lakin bu, daim yenilənən bir sahədir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında nazirlikdə kadr dəyişikliyinin olacağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu vaxta qədər nazirlikdə heç kim işindən azad edilməyib: “Bildiyiniz kimi bu vaxta qədər Kənd Təsərrüfatı Nazirliyində heç kim işindən azad edilməyib. Sadəcə yerdəyişmələr olub, bu formada da davam edir”.

Nazirlikdə yeni kadrlara daha çox imkan yaradılması ilə bağlı fikirlərə münasibət bildirən nazir müasir düşüncəli kadrlara önəm verildiyini deyib: “Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, innovativ və müasir düşüncəli kadrlar olsun”.

İnam Kərimov nazir təyin ediləndən sonra fermer və aidiyyəti qurumlarla keçirdiyi görüşlərdən sonra aşkarlanan problemlərdən də danışıb:
“Prosesin içərisindəyik, məqsədimiz problemləri eşitməkdir. Cənab prezident tərəfindən qarşımıza qoyulan əsas fəaliyyət istiqaməti fermer və kəndlilərə yaxın olmaq, onların qayğısını dinləmək, problemləri yerində dinləməkdir. Nazirlik olaraq həmin problemlərin həllinə çalışmaq bizim əsas işimizdir”.


Müəllif: Gülxar