17 May 20:14

David Tonoyanın Ermənistanın müdafiə naziri təyin olunması bu ölkədə klanlararası mübarizənin bariz nümunəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, D.Tonoyan bir müddət Ermənistan müdafiə nazirinin müavini işləyib. Ancaq ermənistanlı-qarabağlı klanı arasında gedən mübarizənin qurbanı, həm də iddialı şəxs kimi nazirlikdən uzaqlaşdırılıb, fövqəladə hallar naziri təyin edilib:

“Paşinyan indi onu yenidən Müdafiə Nazirliyinə qaytarmaqla sözügedən nazirlikdə qarabağlıların sayının azaldılması prosesinin başlandığını göstərdi. Tonoyan böyük ehtimalla nazirlikdə təmizləmə işi aparacaq. Paşinyan həm bu təmizləmə işini aparmaq, həm də ümumiyyətlə, Müdafiə Nazirliyi sarıdan əminlik yaranması üçün Tonoyanı həmin vəzifəyə təyin edib”.

Ü.Cəfərov D.Tonoyanın özbaşına hansısa qərar qəbul edə biləcəyini düşünmür:

“Artıq təyinat həyata keçirilib. Onun fəaliyyəti haqqında bir müddət sonra nə isə demək mümkündür. Ancaq bu adam 2016-cı ilin aprelində cəbhə xəttində baş vermiş böyük təxribatın memarıdır. Biz hamımız bunu yaxşı xatırlayırıq. Bütövlükdə götürdükdə o qədər də güclü savada və biliyə malik şəxs deyil. O, sadəcə Paşinyan və onun tərəfdarları tərəfindən keçid dövrü üçün göndərilmiş bir şəxsdir”.

Ü.Cəfərov əlavə edib ki, D.Tonoyan ənənəsinə sadiq qalaraq, yenidən cəbhə xəttində təxribatlar törədə bilər:

“O, istənilən addımı ata bilər. Biz bunu unutmamalıyıq. Çünki bu insan savadı olmasa da, müəyyən tapşırıqları ustalıqla yerinə yetirməyə qadirdir və ondan istənilən addımı atmağı gözləmək mümkündür. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, biz bu insanın hərəkətlərini son dərəcə ciddi nəzarət altında saxlamalıyıq. Ancaq düşünürəm ki, Ermənistan yaxın perspektivdə – Paşinyan ən azı hakimiyyətə tam yiyələnənədək hansısa təxribat törətməyə risk etməz. Çünki bu onun özünün də çox böyük problemlərlə üz-üzə qalması demək olar”.

Bununla belə, Ü.Cəfərov hesab edir ki, hətta, Ermənistanın yeni hakimiyyəti cəbhə xəttində təxribat törətməyə cəhd etsə, belə Azərbaycan tərəfi onu cavabsız buraxmayacaq:

“2016-cı ilin aprelində törədilən hadisələrin məsuliyyəti bu gün də qalıb. Ermənistan, o cümlədən həmin dövrdə müdafiə nazirinin müavini, hazırda isə nazir olan David Tonoyan həmin məsuliyyətdən yaxasını kənara çəkə bilməz”.

Qeyd edək ki, N.Paşinyanın təyin etdiyi yeni müdafiə naziri D.Tonoyan 2016-cı ilin aprel ayında törədilən təxribatın müəllifi hesab olunur. Onun 2016-cı ilin fevralında Ermənistan müdafiə nazirinin müavini kimi hazırladığı “passiv müdafiədən aktiv cilovlamaya” hərbi-siyasi konsepsiyasının qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq. Bu konsepsiya 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir.

Ehtimal etmək olar ki, N.Paşinyan D.Tonoyanı məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə müdafiə naziri təyin edib.


Müəllif: Səxavət Həmid
Загрузка...