22 May 2018 10:38
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun müəllim və tələbələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət sahəsində tanınmış simaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən institutun rektoru, professor İbrahim Yuldaşev Azərbaycan və özbək xalqları arasında dostluq əlaqələrindən danışaraq, xalqlarımız arasında tarixi yaxınlıq, qədim dövrlərdən başlayan dostluq əlaqələrimizin bu gün də uğurla davam etdiyini xüsusi qeyd edib. O, mədəniyyət sahəsinin gələcək mütəxəssislərinə Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği layihəsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Rektor İbrahim Yuldaşev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atdığını söyləyib. O, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq ölkəmizdə yaşayan bütün millətlərə və qadınlara böyük hüquqların verilməsi Cümhiriyyətimizin əldə etdiyi nailiyyətlər olduğunu vurğulayıb. Natiq Ulu Öndər Heydər Əliyevdən sitat gətirərək, bugünkü müstəqil Azərbaycanın AXC-nin tarixi varisi olduğunu qeyd edib.

Daha sonra konsert proqramı iştirakçılara təqdim edilib. Azərbaycanlı tarzən, əməkdar artist Sahib Paşazadə və Özbəkistan Dövlət Konservatoriyasının gənc istedadlı fortepianoçusu Alfiya Usmanovanın birgə konsert proqramında bir sıra maraqlı Azərbaycan və Qərb klassiklərinin əsərləri ifa olunub.

Tarzən Sahib Paşazadənin ifasında “Çahargah rapsodiyası”, “Ay Laçın”, Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə”, Fərhad Bədəlbəyli “Şuşa”, Montinin “Çardaş”, Bramsın “Macar rəqsi” və s. əsərlərin ifası iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Sonda hər iki musiqiçi çıxış edərək dostluq konsertinin Azərbaycanın istiqlalının 100 illiyinə həsr etdiklərini və bu məqsədlə çıxışın onlara şərəf verdiyini söyləyiblər.

Qeyd edək ki, tədbir yerli mətbuatda geniş işıqlandırılıb və azərbaycanlı tarzən Sahib Paşazadə haqqında Özbəkistan mətbuatında məqalələr verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Müəllif: Teleqraf.com