22 May 2018 19:25
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan “Qarabağ klanı”na qarşı mübarizə kontekstində hakimiyyətə gəlib. Bu səbəbdən onun haqqında Qarabağ məsələsinə diqqət ayırmayacağı rəyi formalaşıb.

Bunu Teleqraf.com-a politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq hesab edir ki, son günlər Paşinyanın xarici işlər naziri və müdafiə nazirini Azərbaycanla sərhəd bölgələrinə göndərməsi təsadüfi deyil:

“Hazırda Paşinyanın fəaliyyətinə mane olacaq əsas qüvvə “Qarabağ klanı”dır. Buna görə də, nazirləri sərhəd bölgələrinə göndərməklə, ritorik bəyanatlar verməklə o, Qarabağ məsələsini ön planda tutduğunu göstərməyə çalışır. Bu, əslində diqqəti Ermənistan daxilində baş verən ictimai-siyasi proseslərdən yayındırmaq cəhdidir.

Çünki etiraz aksiyaları dayanmır və bu aksiyaların başqa bir fazaya keçmək ehtimalı var. Artıq Paşinyanın ümidləri doğrultmadığı məsələsi gündəmə gəlib. Hələ ki hakimiyyət dəyişikliyinə nail olmuş kütlə sakitləşməyib. Aksiyalar cəmiyyətdə ziddiyyətlər və problemlər yaradıb.

Bu baxımdan Paşinyanın Qarabağ məsələsi ilə bağlı fəaliyyəti diqqət yayındırmağa xidmət edə bilər.
Amma bu prosesin məqsədyönlü təxribat kimi ortaya çıxması da mümkündür.

Əgər Qarabağ məsələsi “Qarabağ klanı”nın hakimiyyətdən getməsinə zəmin yaratmışdısa, bu dəfə həmin məsələ “erməni klanı”nın - Paşinyanın da taxtdan düşməsinə zəmin hazırlaya bilər. Qarabağ ətrafında alovalanan münaqişə onun üçün böyük fəlakətə yol aça bilər. Çünki Nikol Paşinyan öz davranışları ilə özü haqda elə təəssüratı yaradıb ki, Qarabağ məsələsi ilə bağlı danışıqlardan yayınmağa cəhd edir.

Başqa sözlə, Paşinyan seçkilərə qədər Qarabağla bağlı danışıqlar masası arxasında oturmaq istəmir və bu prosesdən yayınmağa çalışır”.


Müəllif: Teleqraf.com