23 May 2018 12:39
5 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Nüşabə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Nüşabə xanım, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq şərait necə idi?

– Azərbaycan Xalq Cümhuriyyəti birdən-birə yaranmadı. Ümumiyyətlə, hər bir böyük tarixi hadisənin baş verməsi üçün mütləq şərait lazımdır. 1917-ci ildə Rusiya imperiyası süqut etdi. Ancaq onun tərkibindəki yüzdən artıq xalqın heç də hamısı öz müstəqil dövlətini qura bilmədi. Demək, AXC-nin yaradılması üçün mövcud beynəlxalq şəraitlə yanaşı xalqın mücadiləsi də lazım idi. Azərbaycan xalqının 5 min illik dövlətçilik təcrübəsi var. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı bununla xalqın bir daha dövlətə sahib olmayacağı demək deyildi. Nəsildən nəslə ötürülən bu genetik kod 1918-ci ildə Azərbaycan dövlətinin qurulmasına gətirib çıxardı. AXC-nin əsasında Azərbaycan ziyalılarının XIX əsrin ikinci yarısında başlatdıqları və əsrin sonunlarında daha da genişlənən maarifçilik hərəkatı dayanırdı. Bu sırada xüsusilə Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, mesenat kimi bu prosesə maddi dəstək verən Hacı Zeynalabdin Tağıyevin və başqalarının adlarını çəkmək olar. AXC-nin yaradılması həmin dövrdə beynəlxalq siyasi proseslərin və Azərbaycan xalqının apardığı milli mücadilənin, milli şüurun oyanmasının məntiqi yekunu idi.

Bununla belə, qeyd etmək lazımdır ki, AXC-nin yaranması və gələcək fəaliyyəti bilavasitə Azərbaycan xalqının iradəsindən asılı deyildi. Bu, daah çox həmin dövrdə böyük dövlətlərin niyyətlərindən, maraqlarından, eyni zamanda yeni dünya xəritəsini cızmaq istəyən siyasətçilərin istəyindən asılı idi. Artıq I Dünya müharibəsi yekunlaşmışdı. Dünyanın yeni siyasi xəritəsi yaranırdı. Bildiyiniz kimi hər bir müharibənin yekununda ərazilərlə bağlı razılaşmalar olur. AXC-nin yaranmasına da dünyanın siyasi xəritəsinin dəyişilməsi prosesinin bir hissəsi kimi baxmaq lazımdır.

– Azərbaycanın müstəqilliyinin elan olunması və tanınması prosesi necə baş verdi?

– 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən qəbul olunmuş 6 maddədən ibarət Azərbaycanın Müstəqilliyi Haqqında Akt – “İstiqlal Bəyannaməsi” (“Azərbaycan İstiqlalını Mübəyyin Əqdnamı”) Azərbaycan dövlətçiliyinin tarixində ilk konstitusiya aktı idi və bu aktla Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Yeri gəlmişkən, bu gün AXC-nin xidmətləri barədə danışanda bir məqama xüsusi diqqət yetirilməsini zəruri sayıram. AXC-nin ən mühüm xidmətlərindən biri məhz Azərbaycan məfhumunun, Azərbaycan siyasi termininin gündəmə gətirilməsi idi. Həmin dövrdə Azərbaycan adı, ümumiyyətlə, yox idi. Yalnız azərbaycanlıların yaşadığı 3 quberniya var idi ki, bunlar da Bakı, Gəncə və İrəvan quberniyaları idi.

May ayının 30-da isə Azərbaycanın müstəqilliyinin elan olunması haqqında Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin imzaladığı məlumat radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə göndərildi. Konstantinopol (İstanbul), Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristaniya (Oslo) və Kopenhagenə göndərilən məlumatda deyilirdi: “28 may 1918-ci il tarixdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Qafqazın cənub-şərq hissəsində yerləşir”. Bu müraciətdən sonra AXC-nin mövcud olduğu 23 ay ərzində Bakıda 16 ölkənin səfirlik və konsulluqları açılmışdı.

– Bunlar hansı ölkələr idi?

– Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində burada ümumilikdə 16 ölkənin diplomatik nümayəndəliyi fəaliyyət göstərib. 1918-ci ilin sentyabr ayınadək Azərbaycanda yalnız Gürcüstan, Ermənistan və İran səfirləri fəaliyyət göstərirdi. Sentyabrda paytaxt Bakıya köçürüləndən sonra ABŞ və Avropa ölkələrinin də diplomatik nümayəndəlikləri açıldı. Azərbaycanda adları çəkilən dörd ölkədən başqa Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, İsveç, İsveçrə, İtaliya, Litva, Polşa, Ukrayna və Yunanıstan diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Həmin diplomatik nümayəndəliklər təmsil etdikləri ölkələr adından AXC ilə iqtisadi, siyasi, mədəni və sair sahələrdə əlaqələrin qurulmasına dair sazişlər imzalamışdılar.

– Həmin günlərdə baş verən ağrılı hadisələrdən biri də İrəvanın paytaxt olaraq ermənilərə güzəştə gedilməsi idi...

– Tarixi sənədlərdə, o cümlədən Azərbaycanın Müstəqillik Aktında qeyd olunduğu kimi, AXC-nin ərazisi Cənubi Qafqazın cənub-şərq hissəsini əhatə edirdi. Cənubi Qafqazda yaranan milli dövlətlərin sərhədlərinin müəyyənləşdirilməsi zərurəti meydana çıxdıqda yaranan milli respublikalar arasında ən çətin vəziyyətdə qalan və Ermənistan adını elan etmək iddiasında olan, lakin torpağı olmayan bir “dövlət”in torpaq iddiası mübahisə doğururdu. Cənubi Qafqazda dövlət yaratmaq məqsədilə erməni nümayəndələri bu problemin həllinə yardım üçün Azərbaycan müvəqqəti hökumətinə müraciət etdilər. Mayın 29-da erməni Milli Şurası ilə danışıqların aparılması barədə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Azərbaycan Milli Şurasının iclasında məlumat verdi. Həmin məlumatda Ermənistan dövlətinin yaradılması üçün onlara siyasi mərkəz lazım olduğu bildirildi. İclasda Azərbaycan Milli Şurasının üzvləri Xəlil bəy Xasməmmədov, Məmməd-Yusif Cəfərov, Əkbər Şeyxül-İslamov, Məhəmməd Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsini qaçılmaz bir bəla kimi dəyərləndirdilər. İclasda Azərbaycanın qədim mədəniyyət mərkəzi, tarixi torpağı olan İrəvanın ermənilərə güzəştə gedilməsi haqqında qərar qəbul olundu. Bu qərar Milli Şura üzvləri arasında mübahisə doğurdu. Milli Şuranın digər üzvləri bu qərara qarşı çıxdılar. Vəziyyətlə bağlı məlumat vermək üçün Nəsib bəy Yusifbəyli Batumda aparılan danışıqlara ezam olundu. Batum danışıqları zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Türkiyə qarşısında bir sıra öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürdü.

Həmin öhdəliklər belə idi:

I. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaq. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən, Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən qısa zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürürdü.

II. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.

III. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.

IV. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

V. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası, Azərbaycan və Ermənistan arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və dostluq müqaviləsi” ilə təsbit olundu. AXC-nin xarici dövlətlərlə imzaladığı bu ilk müqavilədə Azərbaycanla Osmanlı hökuməti arasında daimi sülh və dostluq əlaqələrinin bərqərar olacağı, Azərbaycan, Gürcüstan və Ermənistanın öz aralarında tezliklə sərhədləri müəyyən edəcək protokol imzalayacaqları, əgər ehtiyac olarsa, dinclik və asayişi möhkəmləndirmək, ölkənin asayişini təmin etmək üçün Osmanlı hökumətinin Azərbaycan Respublikasına hərbi yardım göstərəcəyi bildirilirdi.

– Ancaq sonrakı proseslər bu müqavilənin kağız üzərində qaldığını sübuta yetirdi...

– Bəli, Batum müqaviləsinin imzalanmasından sonra İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi onları şirnikləndirdi. Cənubi Qafqazda yaranmış Ermənistan Respublikası erməni millətçilərinin “Böyük Ermənistan” ideyalarını həyata keçirmək üçün əlverişli şərait yarandığını güman edərək Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. 1918-ci il mayın 29-da 9 min kv. km-lik Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə digər Azərbaycan torpaqlarını işğal edərək hazırda 30 min kv.km-ə yaxın bir əraziyə malikdir. Xüsusilə qeyd etmək istərdim ki, İrəvanın Azərbaycan tərəfindən Ermənistana müqavilə ilə verilməsi müddəti başa çatıb. Az öncə adlarını çəkdiyim tarixi sənədlərdə qeyd edildiyi kimi, Ermənistan Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi.

– İlk Azərbaycan parlamentinin say tərkibi və fəaliyyəti barədə danışmağınızı istərdik...

– Müasir dövrdə olduğu kimi Azərbaycan o dövrdə də tolerantlığı dövlət səviyyəsində həyata keçirirdi. 1918-ci ildə Azərbaycan parlamenti tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Parlamentdə müxtəlif xalqların nümayəndələri təmsil olunurdu. Türk-müsəlman əhali 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1, gürcülər 1 və polyaklar 1 nəfərlə parlamentdə təmsil olunurdular. 23 ay ərzində 270 qanun layihəsi müzakirəyə çıxarılmışdı. Həmin qanun layihələrinin hamısı AXC-nin ətrafında birləşən xaricdə təhsil almış hüquqşünasların zəhmətinin nəticəsi idi. AXC-nin 36 nazirinin 16-sı ixtisasca hüquqşünas idi.

– AXC-nin süqutu prosesi necə baş verdi?

– Cümhuriyyətin süqutu müəyyən razılaşmalar əsasında baş verdi. Ümumiyyətlə, 23 ay ərzində vəziyyət olduqca gərgin idi, sabitlik heç yaranmadı. Bununla belə AXC yaradıcıları çox şeylərə nail oldular. Böyük güclər hətta AXC-nin bayrağının necə olmasına qədər işlərə qarışırdılar. Bizim bayrağımız əvvəlcə qırmızı rəngdə idi, ingilis generalı Tompson Bakıya gələndən sonra dedi ki, bu, Türkiyənin bayrağına bənzəyir, dəyişilməlidir. Bundan sonra Azərbaycanın bayrağı dəyişildi, üçrəngli bayraq qəbul olundu. Yəni, AXC-nin mövcudluğu və onun gələcəyi heç də ona rəhbərlik edənlərin ixtiyarında deyildi. Çünki burda xarici faktorların rolu böyük idi. XI Qızıl Ordunun Azərbaycana daxil olması, hökumətin bolşeviklərə təslim olması və AXC-yə bağlı şəxslərin mühacirətə getməsi barədə müəyyən razılaşma olmuşdu. Ancaq AXC-nin süqut etməsinin də bir nəticəsi var idi. Məhz AXC-nin mövcudluğu sayəsində Azərbaycan 1923-cü ildə yaradılan Zaqafqaziya SSR-ə, 1936-cı ildə isə SSRİ-yə öz adı ilə, bərabərhüquqlu müttəfiq respublika kimi daxil oldu.


Müəllif: Səxavət Həmid