23 May 2018 19:49
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə “Altılıq”la nüvə anlaşmasından sonra İrana qarşı beynəlxalq sanksiyaların bir hissəsi ləğv edildi. Bu, İrana milyardlarla dollar maddi vəsait qazandırmaqla yanaşı, onun yenidən dünyaya açılması üçün fürsət yaratdı. İranda yaşayan bütün xalqlar, o cümlədən, Güney Azərbaycan türkləri ümid edirdilər ki, hakimiyyət bundan sonra islahatlara gedəcək və vəziyyətin normallaşdırılması istiqamətində addımlar atacaq. Nüvə anlaşması radikal dini-siyasi rejimin özünün də yumşalmasına olan ümidləri artırdı.

Bu sözləri Teleqraf.com-a Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili deyib.

Təşkilat yetkilisinin sözlərinə görə, sazişdən əvvəl İran hakimiyyəti bəhanə edirdi ki, islahatların həyata keçirilməsi, yaxud mövcud problemlərin həll edilməsi üçün kifayət qədər pul yoxdur:

“Lakin sazişin imzalanmasından sonra İran hakimiyyəti əldə etdiyi milyardlarla dollar maddi vəsaiti islahatlara yönəltmək yerinə Suriya, İraq, Yəmən, Livan və Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatlara xərclədi.

Beləliklə, sazişin imzalanmasından sonra dini-siyasi rejim İran daxilində yaşayan xalqlara, o cümlədən, Güney Azərbaycandan olan soydaşlarımıza qarşı daha radikal mövqe tutdu. Üstəgəl, iqtisadi və daxili problemlərin həlli ilə məşğul olmaqdan yayındı. İndi də həmin pulları Yəmən və Suriyadakı müharibələri qızışdırmaq üçün sərf edir. Bu fonda da, İranda yaşayan xalqlar üzərində təzyiqləri artırıb.

Hazırda daxildə total sosial-iqtisadi böhran baş verir. Edamların, kriminal hadisələrin sayı, yoxsulluğun dərəcəsi, qanunsuz narkotik ticarətinin həcmi artıb. Seçkilər də şəffaf keçirilmir. İranda yaşayan hər kəs ümidini məsuliyyətsiz aparan hakimiyyətdən kəsib”.

Məhsa Mehdili vurğulayıb ki, Güney Azərbaycan bölgədə sülhün bərqərar olmasının tərəfindədir: “Biz həmçinin, bölgədə yaşayan xalqlara öz gələcək müqəddaratlarını təyin edilməsi hüququnun verilməsini istəyirik. Amma diktator rejimləri buna imkan vermir. Supergüclərin bölgəyə ayaq açmasına şərait yaradan da, xalqların problemlərinin həlsiz qalmasını təmin edən də həmin rejimlərdir.

Məsələn, Bəşər Əsəd xalqın tələblərinə cavab versəydi, bu gün Suriyada bu qədər qan tökülməzdi və bu ölkə ayrı-ayrı siyasi qüvvələrin savaş meydanına çevrilməzdi”.


Müəllif: Mənsur Rəğbətoğlu