23 May 2018 20:25
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai şüura film vasitəsilə təsir etmək daha asandır. Bu, dünyada qəbul olunmuş formadır.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

O qeyd edib ki, bu gün kitab az oxunur, başqa təbliğat formaları o qədər də təsir etmir, ancaq filmlərin milyonlarla auditoriyası var:

“Filmlə hansısa ideyanı verirsən, o da dərhal insanların beyninə çökür, möhkəmlənir, yanlış, yaxud doğru rəy yaradır. Mən Rüstəm İbrahimbəyovun belə bir filmin ssenarisini hazırladığını eşitmişdim. Gözləyirdim ki, görək, nə cür verəcək. Çünki Qafqazda erməni, gürcü və azərbaycanlı münasibətlərini ekranlaşdırmaq həddən artıq incə, həssas məsələdir. Hələ “Mimino” filmini çəkərkən, gürcü-erməni münasibətlərinə həssaslıqla yanaşmışdılar. Həmin filmdə azərbaycanlılara da yüngülvarı yer verilmişdi. Bu baxımdan xüsusilə, indiki münaqişəli vəziyyətdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalının, Xocalı soyqırımının baş verdiyi bir zamanda bu mövzuya müraciət etmək və onu doğru-düzgün əks etdirmək ciddi cəsarət və məsuliyyət tələb edirdi”.

Hələlik filmlə bağlı ermənilərin mövqeyinin ortada olmadığını deyən A.Nağı özünün də filmi tam izləmədiyini, yalnız bir neçə dəqiqəlik fraqmenti seyr etdiyini vurğulayıb:

“Ancaq hər halda ilk baxışdan görünür ki, İbrahimbəyov azərbaycanlıları burda reallığa uyğun olmayan obrazda təqdim edir. Bu da yanlış bir fikirdir. İbrahimbəyov dünya vətəndaşı olmağa çalışır. Biz onun ermənilərlə əməkdaşlığı ilə bağlı bir neçə il bundan əvvəl də sərt etirazımızı bildirmişdik. Həmin vaxt o bildirmişdi ki, Bakı ermənilərsiz pis görünür və sair. O vaxt demişdik, indi də təkrar edirik ki, İbrahimbəyov özünü dünya vətəndaşı sayır. Hesab edirəm ki, bu, onun özünə bəraət qazandırmaq cəhdidir. Əslində, o, ermənilərə bağlıdır, burda müəyyən maraqları, o cümlədən müəyyən mərkəzlərdən maliyyə maraqları da var. Çox təəssüf edirəm ki, o, maddiyyata uyaraq öz dövləti, xalqı haqqında bu cür yanlış təsəvvür yaratmağa çalışır. Bir daha onun nəzərinə çatdırmaq istəyirəm ki, dünyada heç bir normal düşüncəli insan kosmopolit olmaq istəmir. Hər kəs öz xalqının nümayəndəsidir və öz xalqını təmsil, tərənnüm etməlidir. İbrahimbəyov yanlış yolda olmamalıdır. Əgər o doğrudan da dünya miqyasına çıxmaq istəyirsə, ilk növbədə milli olmalı, Azərbaycan xalqına mənsub olduğunu göstərməlidir. Onun yaşı çox keçib, ancaq təəssüf ki, o, bunu başa düşmədi. Onun ömrü müəyyən mənada yanlış yaşanmış bir ömür oldu. Təəssüf ki, o bu yanlış xətti davam etdirir. Zənnimcə, İbrahimbəyov bu rəylərdən nəticə çıxarmalı və yanlış hərəkətlərinə son qoymalıdır. Hər halda Azərbaycandan gələn bu rəylərə sağlam münasibət göstərməlidir. Ən azı dünyasını dəyişdikdən sonra Azərbaycan xalqının yaddaşında necə qalacağını düşünməlidir”.

Qeyd edək ki, ssenari müəllifi R.İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşaqın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və genişürəkli erməni uşağının obrazı təqdim olunur.


Müəllif: Səxavət Həmid