24 May 2018 19:43
2 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi son illərin əksər ekran və ya qeyri-ekran əsərləri kimi “bayağı xaltura” janrındadır.

Bunu Teleqraf.com-a tərcüməçi-yazar Nadir Qocabəyli deyib.

Yazar qeyd edib ki, filmdə Qarabağ probleminin nə mahiyyəti, nə də ağrısı yoxdur: “Rüstəm İbrahimbəyov özünün də daxil olduğu bir ovuc zümrənin – “rusdilli-kosmopolit bakılıların” ənənəvi əttökən mikromühitlərinin təsvirini canlandırmağa çalışıb və ortaya düşük bir şey çıxıb.

Mən bu filmdə sənətdən əsər-əlamət görmədim, başdan-ayağa ucuz, bayağı, şablon bir maskaraddır.

Mənim qətiyyən "rusdilli-kosmopolit bakılıları" aşağılamaq fikrim yoxdur. Buna heç imkanım da çatmaz. Onlar nəinki Azərbaycanın tamhüquqlu, hətta ikiqat, üçqat, beşqat vətəndaşlarıdır. Ancaq onlar Azərbaycan xalqının sifəti, onun tam ifadəsi, təcəssümü deyillər. Özünü Azərbaycanın kübar zümrəsi, aristokratiyası sayan bir ovucdurlar. Erməni-azərbaycanlı münaqişəsinə təkcə onların ailə-məişət problemləri, erməni ərləri və arvadları, ziyafətləri, içki məclisləri, teatrları, Moskva turları fonunda baxmaq tamamilə yanlışdır”.

Nadir Qocabəylinin sözlərinə görə, Qarabağ bizim üçün geniş və dərin, eyni zamanda, daha ağrılı, daha faciəvi bir dərddir:

“Biz münaqişədə minlərlə mərd oğlumuzu, nakam gəncimizi itirmişik, Xocalıda bizim körpələrimizi, qadınlarımızı, qocalarımızı öldürüblər. Bizim yaralarımızdan hələ də qan sızır. Amma İbrahimbəyov və onun kimilər yalnız ermənilərlə badə-badəyə vurmağın, erməni qızlarla kef etməyin xiffətini çəkir, bu mövzuya “əsərlər” həsr edirlər. Halbuki Qarabağ mövzusunun bədii inikası, ekran həlli onun həqiqi mahiyyətinə, miqyasına adekvat olmalıdır”.


Müəllif: Teleqraf.com