24 May 2018 22:58
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

İfadə azadlığı ən geniş formada incəsənət və bədii əsərlərdə ortaya çıxır. Lakin rejissor Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi həqiqətə uyğun olmayan, çarpıdılmış səhnələri əks etdirir.

Teleqraf.com xəbər verir ki, bunu dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev deyib.

O, rejissorun ermənilərə olan simpatiyasının bu filmdə də özünü göstərdiyini deyib:

“Bu film Azərbaycan dilində çəkilsəydi, mən İbrahimbəyovu qınamazdım. Lakin rus dilində çəkilməsi və mesajın dünyaya verilməsi, həqiqətə uyğun olmayan səhnələri əks etdirməsi səbəbilə bütün tolerantlığıma baxmayaraq, filmi qərəzli və uğursuz hesab edirəm. İbrahimbəyov cavanlığını beynəlmiləl şəhər olan Bakıda keçirib, xeyli erməni dostu olub. Mənim də olub, 14 nömərli rus məktəbində oxumuşdum, bizim sinifdə də vardı. Sonra İbrahimbəyov Moskvaya köçdü və orda onun “beynəlmiləlçiliyi” davam etdi. Aydın olur ki, İbrahimbəyov ermənilərə ümumiyyətlə, nifrət etmir”.

Fərhad Mehdiyev Rüstəm İbrahimbəyovun Azərbaycanın siyasi cameəsindən küsdüyünü bildirib:

“O, müxalifət düşərgəsindən də küsüb, hər halda hesab edir ki müxalifət düşərgəsi lazımi kimi aktiv və əzimli deyil. Adama deyərlər ki, sığındığın Putin Rusiyası nə qədər demokratikdir? Xalqı nə qədər mübarizdir?

Nəhayət, erməni- azərbaycanlı qarşıdurmasında Rusiyanın heç rolu yoxdur?

Görünən budur ki, İbrahimbəyov elə rejissor kimi qalsa, daha yaxşı idi, amma burada ssenarist olub. Xeyli sayda qərəzli ssenarilərə filmlər çəkib və bunun da hansı məqsədi olub? Müsbət məqsədinin olduğunu hesab etmirəm. Burada sadəcə hökumət deyil, bütün cəmiyyət, uşaqlar daxil olmaqla radikal anti-erməni mövqeyində göstərilir. Bu, böyük səhvdir”.


Müəllif: Teleqraf.com