25 May 2018 11:54
3 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfv sərəncamının icrası 9 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Teleqraf.com-un məlumatına görə, cəzaçəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov bildirib ki, 9 nəfər cəzasının qalan hissəsindən azad edilib:

"Prezident İlham Əliyevin imzaladığı sərəncamlar arasında bu dəfəki əfv xüsusilə seçilir. Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu il cənab prezidentimiz 600 nəfərdən çox məhbusu cəzalarının qalan hissəsindən azad edib. 9 saylı cəzaçəkmə müəssisəsində 9 nəfər əfv olunaraq azadlığa buraxılır.

Ümid edirik ki, bu gün əfv olunan məhkumlar bir daha məhkumluq həyatı yaşamayacaqlar".

Əfv olunan Ramid Süleymanov 2 il 2 ayının bağışlandığı üçün prezidentə təşəkkür edib:

"4 il 6 ay müddətinə həbs edilmişdim. Avtomobillə adam vurmuşdum. Cəzamın 2 il 5 ayını çəkdim. Qalan 2 il 1 ayını əfv etdilər. Prezidentimizə dərin təşəkkürümü bildirirəm".

Əfv olunmuş Fərid Məmmədovun anası Fəridə xanım deyir ki oğlunun azad olunmasını dünən xəbər alıb: "Oğlum Fərid Məmmədov 6 il həbs almışdı. Cəzasının 3 il 9 ayını çəkib. Prezidentimizdən Allah razı olsun. Qalan illərini bağışladılar. Allah heç kimin yolunu həbsxanalara salmasın".

Əfv edilən məhkum Fərid Məmmədov isə deyir ki, adının əfv olunanlar siyahısında olduğunu öyrəndikdə inana bilməyib:

"Cəzamın bitməsinə 3 il qalmışdı. Əfv siyahısında adımı eşidən zaman hansı hisləri keçirdiyimi izah edə bilmirəm. Azadlıqda olan hər kəsə cinayətdən uzaq olmağI arzu edirəm".


Müəllif: Könül