26 May 2018 15:14
3 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir.

- Fazil bəy, Rüstəm İbrahimbəyovun “Qafqaz triosu” filmi ciddi müzakirə olunur, tənqidlər səslənir. Bu məsələ ilə bağlı sizin düşüncələriniz nədən ibarətdir?

- Azərbaycanda müəyyən məsələlərdə kampaniyaçılıq elementləri olur. Bunu inkar etmək mümkün deyil. Fikrimcə, sənətə və ədəbiyyata qarşı kampaniyaçılq yolverilməzdir. Əksinə, fakt təhlil edilməli, sonra mövqe bildirilməlidir. Açığı, insanların yazılı, ədəbi mətnləri oxumadan fikir bildirmələri daha çox özünü göstərir. Amma film elədir ki, onu hər kəsin seyr etmək və mövqe bildirmək imkanı var.

Mənim həmin filmi seyr etməyimdən sonra təəssüratım budur ki, burda məqsədyönlü şəkildə azərbaycanlıların vəhşi obrazı yaradılıb, ermənilərlə müqayisədə azərbaycanlının qorxaq, cəmiyyətin isə prinsipsiz olduğu göstərilib. Üstəlik, filmdə ermənilərin mübarizəsinin haqlı olduğu əsaslandırılır. Yəni daha humanist, mərhəmətli erməni obrazlarına qarşı vəhşi azərbaycanlı obrazı təqdim edilir.

Bu mənada hesab edirəm ki, “Qafqaz üçlüyü” təkcə İbrahimbəyovun ağlının məhsulu deyil. Kiminsə erməni dostları, yaxınları ola bilər. Ancaq bu, insanın prinsipinin dəyişməsi, milli koloritinin itirməsi həddinə gəlməməlidir. Bu, birbaşa Rusiya xüsusi xidmət orqanlarının maraqlarını təmsil edən ssenaridir. Bəlkə də, İbrahimbəyovla yanaşı bu ssenaridə erməni də işləyib, sadəcə adı qeyd olunmayıb. Odur ki, “Qafqaz üçlüyü” sənət əsərindən daha çox kəşfiyyat əsəri, siyasi əsərdir.

Təsəvvür edin, filmdə quyuya düşən erməninin başına bir azərbaycanlı uşağın daş atması epizodu var. Sabah erməni Xocalıda məhz bu uşağın öldürüldüyünü iddia edə bilər. Azərbaycana bu qədər zərbə vurmaq mümkün deyildi.

- İbrahimbəyovun istedadı müzakirə mövzusu ola bilməz. Belə istedadlı adam təsadüfən səhv edə bilərmi?

- Əlbəttə, hər adamın istedadı və başqa üstünlükləri qiymətləndirilə bilər. Amma bu məsələdə südünün bizdən olmadığı aydınlaşır. Filmdə azərbaycanlı qadınların ermənilərə ərə getməsi epizodu var. Bu reallıqda baş verən hadisə deyil. Azərbaycanlı kişilərin erməni qadınlarla evlənmək halları olub, amma bizim xanımlar erməniyə ərə getmirlər. İbrahimbəyovun belə epizodları gözə soxması, hər yerdə millətinə aşağılayıcı münasibəti üzücüdür.

- İddialar var ki, rejissor, ssenarist, yaxud yazıçı xalqını tənqid də edə bilər. İbrahimbəyovun bu filmini cəmiyyətə tənqidi münasibət kimi qiymətləndirmək olarmı?

- Xalqı tənqid etmək, neqativ cəhətlərini göstərmək, bunu ürək ağrısı ilə ifadə etmək olar. Ancaq erməni ilə müqayisəli tənqid artıq siyasətdir. Yəni buradan görünür ki, yanaşma məqsədyönlü xarakter daşıyır. Sən bir mənfi azərbaycanlı obrazı yaz, onun qəddarlığını ver. Yox, əgər sən erməni ilə müqayisə kontekstində verir, humanizm ideyalarını təbliğ edirsənsə, onda ermənin də vəhşisini vəhşi azərbaycanlı ilə bərabərləşdir, göstər ki, ikisinə də münasibətin mənfidir. Və ya iksinin də yaxşı obrazlarını gətir, göstər ki, sən də belə humanist insan tiplərinin tərəfindəsən. Amma sən birini aşağılayaraq digərini qaldırmaq niyyəti güdürsənsə, deməli, niyyətin xarabdır. Məsələnin sadə izahlı budur.

- Siz ciddi ittiham səsləndirirsiniz. Bu filmin Rusiya xüsusi xidmət orqanlarının marağında olduğunu, hətta ssenari müəlliflərindən birinin erməni ola biləcəyinə işarə etdiniz. Bunlar fərziyyədir, yoxsa fakt?

- Başqa cür şərh etmək mümkün də deyil. Məsələn, bu yaşda bir insanın öz xalqına qarşı bu qədər aşağılayıcı yanaşması heç cür qəbul olunan deyil.

Anlayıram ki, İbrahimbəyov siyasi mövqeyinə görə hakimiyyətdən narazıdır. Müəyyən məsələlərə mənfi münasibətdə olduğunu göstərib. Bu adam siyasi mövzuda film çəksəydi başa düşərdik. Bilinərdi ki, daxili narazılığını ifadə edib. Amma o, son filmində Azərbaycan hakimiyyəti, narazı olduğu şəxslərlə bağlı mövqeyini göstərməyib, ümumilikdə Azərbaycan millətinə qarşı nifrətini ortaya qoyub. Filmdə hədəfə götürlən Azərbaycan millətidir.

Film qayadan tullanan cəsur erməni və qorxaq azərbaycanlı obrazı ilə başlayır. Və ya bir erməni Bakıda azərbaycanlının üzərinə silah çəkir və azərbaycanlı qorxudan tir-tir əsir. Bu, nə deməkdir? Erməninin Bakıya gəlib bunu etməsi fantaziyası haradan qaynaqlanır? Bu o deməkdir ki, gəlib sizi Bakıda belə edərik. Rüstəm İbrahimbəyov bunu çatdırmaq istəyir, ermənilərin adından mesaj verir. Problemin kökü dərindədir. Bu, sənət nümunəsi deyil.

Məsələn, Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filmində də müəyyən qıcıqlı detallar var, amma o, sənət əsəridir. Digər əsərlərində də mübahisəli yerlərə rast gəlinir, amma ümumilikdə sənət əsərləri kimi diqqətə çıxıb. “Qafqaz üçlüyü” isə zəif, süni konstruksiya ilə qurulan, tezisləri də xüsusi xidmət orqanlarından gələn bir əsərdir. Heç bunun İbrahimbəyovun özünün ağılının məhsulu olduğunu da düşünmürəm. Ssenarinin müəllifi yerinə erməni adını yazsaydılar düşünərdin ki, heyrət doğurmazdı.

- Cəmil Həsənli iddia edir ki, İbrahimbəyovun əksər əsərləri zamanında mübahisəyə səbəb olub, hətta SSRİ zamanı bəzilərinin göstərilməsi qadağan edilib. Amma zaman keçdikcə bu əsərlər yaşayıb. Bu mövqeyi necə şərh edirsiniz?

- Bu, İbrahimbəyovu vəziyyətdən çıxarmağa hesablanan mövqedir. Yəni əvvəl müdafiə edirdim, indi də müdafiəni davam etdirirəm. Nəzərə alın ki, SSRİ zamanı ideoloji baxımdan çoxlu sayda rejissorlara qadağa və məhdudiyyətlər qoyulub. Rejimin ideologiyasının əleyhinə olan hər məqama məhdudiyyət tətbiq edilirdi.

Burada isə söhbət erməni ilə müqayisəli şəkildə azərbaycanlının sındırılmasından gedir. Azərbaycanlının mənfi obrazının təqdimatından, ermənilərin haqlı mübarizə aparmasının əsaslandırılmasından gedir. Filmdə obrazların, dialoqların müqayisəsində bu, nəzərə çarpır. Dürüst erməni gəlib Bakıda nadürüst azərbaycanlılarla mübarizə aparır... Bu film dürüst erməni xalqının nadürüst azərbaycanlı xalqıyla mübarizə aparmasının səhnəyə gətirilməsidir. Buna bəraət qazandırılması həyasızlıqdan başqa bir şey deyil.

Əgər söhbət kampaniyaçılıqdan getsəydi, mən bunun əleyhinə çıxardım. Belə hallarda dəfələrlə mövqeyimi ifadə etmişəm. Hətta Əkrəm Əylisliyə qarşı kampaniyaçılıq elementi daha çox idi. Çünki bizdə əsər oxuyan azdır. Üstəlik, nəsr əsərində yazıçı fantaziyası işə düşür və bu o qədər də təsir gücü qazanmır. Filmsə tamam başqadır və o, məqsədyönlü şəkildə çəkilib.


Müəllif: Cavad