28 May 2018 10:35
5 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Dünya müharibəsinin amansız hərbi maşını altında əzilən Rusiyanın çar mütləqiyyəti 1917-ci ilin fevralında tarix səhnəsindən çəkildi. 28 noyabr 1917-ci ildə bölgənin aparıcı millətləri olan türk, gürcü və erməni nümayəndələrindən ibarət, Y.P.Gegeçkorinin sədrliyi altında, müsəlman komissarlar (nazirlər) Fətəli xan Xoyski (xalq maarif komissarı), Məhəmmədyusif Cəfərov (ticarət və sənaye komissarı), Xudadat bəy Məlikaslanov (yollar komissarı) və Xəlil bəy Xasməhəmmədovun (dövlət nəzarəti komissarı) da daxil olduqları Zaqafqaziya Komissarlığı adlı yerli hökumət quruldu.

Komissarlıq 25 yanvar 1918-ci ildə diyarda siyasi vəziyyət haqqında məsələni müzakirə edərək Zaqafqaziyanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin çağırılması haqqında qərar qəbul etdi. Seymdə Müsəlman fraksiyasının sayı sabit olaraq 44 nəfər qalsa da, Seymin fəaliyyəti boyunca bəzi deputatlar başqaları ilə əvəzlənib və orada ümumən 53 nəfər müsəlman deputat olub. Həsən bəy Ağayevin Seym sədrinin birinci müavini, Mirhidayət Seyidzadənin katib vəzifələrini daşıdıqları Seymdə azərbaycanlı deputatlar 17 komissiyasının hamısında fəal və səmərəli çalışıblar.

22 aprel 1918-ci ildə Zaqafqaziya Rusiyadan ayrıldı, müstəqil Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti (ZDFC) dövləti elan edildi. Gürcüstanın 26 mayda öz müstəqilliyini elan etməsilə yalnız 34 gün yaşaya bilmiş müstəqil ZDFC və Zaqafqaziya Seymi tarix səhnəsindən silindi, 26 may günü Seym son toplantısını keçirərək özünü buraxdı.

Azərbaycan Milli Şurası, müstəqilliyin elanı

Zaqafqaziya Seymi tarixə qovuşsa da, onun 44 nəfərlik Müsəlman fraksiyası 27 may 1918-ci ildə Azərbaycan Milli Şurası şəklində tamamilə yeni və şərəfli bir tarixin başlanğıcını qoydu. Milli Şuranın sədri hələ Batumda Osmanlı nümayəndələri ilə danışıqlar aparan Məhəmmədəmin Rəsulzadə, onun müavinləri Həsən bəy Ağayev və Mirhidayət Seyidov, katibləri isə Mustafa Mahmudov və Rəhim ağa Vəkilov seçildilər. Mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi altında Azərbaycan Milli Şurasının növbəti iclası keçirildi.

Həsən bəy Azərbaycanın müstəqil bir dövlət olması məsələsini səsverməyə qoydu. Katib Mustafa Mahmudov Milli Şura üzvlərinin adlarını tək-tək oxudu. Hər üzv ayrı-ayrılıqda “razıyam” cavabını verdi. Yekunda sədr Həsən bəy Ağayev üzvlərə müraciətlə dedi: “Bu saatda, yəni 9-a 10 dəqiqə işləmiş Azərbaycanın istiqlaliyyəti Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmişdir”.

Beləliklə, Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini (Əqdnaməni) qəbul etdi. Əqdnamə 6 maddədən ibarətdi:

“1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqasyadan ibarət olan Azərbaycan dəxi kamiləlhüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xəlq cümhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlətlərlə münasibati-həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər.

5. Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları içün geniş meydan burakır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər bütün Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur”.

Cümhuriyyətin Gəncə dönəmi

Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən Azərbaycanın tarixi-siyasi mərkəzlərindən olan qədim Gəncə şəhərinə köçdü. Bu zaman Gəncədə real hakimiyyət Osmanlı dövlətinin Cənubi Qafqazda asayişi bərpa etmək üçün göndərdiyi Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşanın əlində idi. 17 iyun 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti, 7-ci iclası keçirildi.

Baş nazir Fətəli xan Xoyski Milli Şura üzvlərindən Tiflisdə təşkil etdiyi hökumətin istefasını qəbul etməyi xahiş etdi. İstefanı qəbul edən Milli Şura yeni kabinənin təşkilini də Xoyskiyə tapşırdı. Azərbaycan Milli Şurası iyunun 17-də Azərbaycan Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiqlədi. Xoyski yenidən hökumət başçısı seçildi.

Xoyski hökuməti 1918-ci il iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etdi. Buna səbəb Şaumyanın başçılığı ilə Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Xalq Komissarları Sovetinin tabeliyindəki 18 min nəfərlik 1-ci Qafqaz qırmızı korpusunun Gəncəyə doğru yürüşə başlaması təhlükəsi idi. 21 iyunda hökumət qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul etdi. Hökumətin 12 iyulda çıxardığı önəmli və maraqlı bir qərar Azərbaycan Cümhuriyyətinin bütün ərazisində vaxtın Bakı vaxtı ilə hesablanması haqqında oldu. Bu, bir növ, hakimiyyətin Bakını alacağına inamının da ifadəsi idi. Xoyski hökumətinin Gəncə dövründə qəbul etdiyi ən mühüm qərarlardan biri də 1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlmanlar üzərində zorakılıqları araşdıracaq Fövqəladə İstintaq Komissiyasının (FİK) yaradılması idi.

Gəncədə oturmuş bir hakimiyyətin müvəqqəti də olsa özünə paytaxt seçdiyi şəhərin hələ də Rusiya çariçası Yelizavetanın adını daşıması, əlbəttə, həm dövlət adamlarının, həm də yerli əhalinin qüruruna toxunurdu. 30 iyul 1918-ci il tarixli qərarla Gəncənin qədim adı özünə qaytarıldı. Avqustun 11-də ümumi səfərbərlik elan edildi. 1894-1899-cu illərdə anadan olmuş kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırıldı.

Bakının qurtuluşu

Azərbaycan Cümhuriyyəti hökuməti Gəncəyə gəldikdən sonra növbəti hədəfi ölkənin işğal altındakı bir nömrəli strateji əhəmiyyətli şəhəri Bakını “Sentrokaspi diktaturası”ndan azad etmək, paytaxtı oraya köçürməkdi. 28 may 1918-ci ildə Azərbaycanın istiqlalı elan olunduqdan sonra hərbi yardım üçün rəsmən Osmanlı dövlətinə müraciət edildi. 1918-ci il iyunun 4-də Batumda iki dövlət arasında 11 maddəlik müahidənamə bağlandı. Müahidənamənin 4-cü maddəsinə əsasən, Mürsəl paşanın komandanlığı altında Beşinci Qafqaz diviziyası Azərbaycana göndərildi. Həmin diviziya ilə general-leytenant Əli ağa Şıxlinskinin komandanlığındakı Azərbaycan hərbi qüvvələri “Qafqaz İslam Ordusu” adı altında birləşdirildi, rəhbərlik Nuru paşaya tapşırıldı. 15 sentyabrda Qafqaz İslam Ordusu Bakıya daxil oldu, şəhər azad edildi. Bakının azad edilərək müstəqil Azərbaycan dövlətinin yeni paytaxtına çevrilməsi ilə bağlı hökumət başçısı Fətəli xan Xoyski öz minnətdarlıq və təbrikini Nuru paşaya bu sözlərlə bildirdi: “...Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim zati-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim”.

Qələbə münasibətilə isə Ənvər paşa o zaman İstanbulda olan Məhəmmədəmin Rəsulzadəni təbrik edir. Rəsulzadə bu barədə yazır: “O zaman biz İstanbulda idik. Mərkəzi Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransda iştirak üçün digər Qafqaz Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cumhuriyyətini təmsil edən Heyəti-Mürəxxəsənin rəisi idik. O dövrün hərbiyyə naziri və Başkomandan vəkili olan Ənvər Paşa həzrətləri telefon etdi: “Əmin bəy, Bakı alındı!”. Bu qısa xəbərin məndə doğurduğu təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

Bakı azad edildikdən sonra Azərbaycan hökuməti tezliklə tam tərkibdə Gəncədən Bakıya köçdü.

Məclisi-məbusanın (parlamentin) açılışı

I Dünya müharibəsi başa çatınca dünyanın yeni xəritəsini cızacaq Paris Sülh konfransı yaxınlaşırdı. Öz müstəqilliyini hər vasitə ilə qorumağa çalışan Azərbaycan Cümhuriyyəti də orada bütün xalqın adından danışa biləcək bir siyasi qurumla təmsil olunmaq istəyirdi. Heyəti-Vükəla rəisi (Baş nazir) F.x.Xoyski Milli Şuraya müraciət etdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlıq işinə hökumətin vaxtı çatmadığından bu vəzifəni Milli Şura öz üzərinə götürsün. Milli Şura təkliflə razılaşdı. Şuranın Məhəmmədəmin Rəsulzadənin sədrliyi altında 19 noyabrda keçirilən iclasında məsələ geniş müzakirə edildi. Elə həmin gün Milli Şura Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) yaradılması haqqında qanun qəbul etdi.

7 dekabr 1918-ci ildə gündüz saat 1-də H.Z.Tağıyevin Nikolay küçəsində yerləşən keçmiş qız məktəbinin (indiki AMEA Əlyazmalar İnstitutunun) binasında müsəlman Şərqində ilk parlamentin açılışı oldu. Məclisi-Məbusanın bu ilk iclasında Əlimərdan bəy Topçubaşov onun sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. (Əlimərdan bəy öncə İstanbulda, sonra isə Parisdə Azərbaycan təmsilçisi olduğu üçün Parlamentə gerçək sədrlik Həsən bəyin üzərinə düşdü). Artıq 1919-cu ilin sonlarına yaxın Məclisi-Məbusanda 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı. Hesablamalarımıza görə, fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub. Cəmi 17 ay yaşamasına baxmayaraq Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanı 1918-ci il dekabrın 7-sindən 1920-ci ilin 27 aprelinədək 145 iclas keçirdi və ölkənin ən önəmli həyati məsələlərini həll etdi .

Müstəqilliyin tanınması uğrunda mücadilə

I Dünya müharibəsi bitdikdən sonra 1918-ci ilin sonlarından savaşın nəticələrinin müzakirələrinə başlandı. Bu məqsədlə Parisdə Versal Sülh Konfransı çağırıldı, ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiya bu tarixi konfransın başlıca təşkilatçıları oldu. Konfransın əsas məqsədi qalib Antanta dövlətləri ilə məğlub Almaniya-Osmanlı bloku arasında saziş bağlamaq, eləcə də parçalanmış Rusiya imperiyasının gələcəyi ilə bağlı qərar verməkdi. XX əsrin siyasi xəritəsinin müəyyənləşdiriləcəyi bu tədbirdə Cənubi Qafqazda müstəqilliklərini elan etmiş üç ölkə mütləq şəkildə iştirak etmək, mövcudluqlarını tanıtmaq istəyirdi.

Məclisi-Məbusan hökumətlə birgə keçirdiyi iclasda Parisə göndəriləcək Heyəti-Mürəxxəsənin (tam səlahiyyətli nümayəndə heyətinin) tərkibini müəyyənləşdirdi. Əlimərdan bəy Topçubaşov heyətin sədri seçildi. Heyəti-Mürəxxəsə aprelin 22-də İstanbuldan Parisə doğru yol aldı və mayın 7-də Parisə çatdı və buraya yetişincə fəal işə başladı.

1919-cu il mayın 28-də – Azərbaycan Cümhuriyyəti istiqlalının birinci ildönümü günü Heyət Konfransın əsas lideri, “Vilson prinsipləri”nin müəllifi olan ABŞ prezidenti Vudro Vilsonla görüşdü. Topçubaşov ABŞ prezidentinə hökuməti adından bunları bəyan etdi: “Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır... Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”. Ancaq Vilson Amerikanın dünyanın kiçik hissələrə bölünməsini istəmədiyini, Azərbaycan məsələsinin “rus məsələsi”ndən əvvəl həll edilə bilməyəcəyini söylədi.

Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Versal Ali Şurasının sessiyasında bildirildi ki, Cənubi Qafqazda üç mühüm hadisə baş verir. Birincisi, bolşevik Rusiyasının qoşunları cənub istiqamətində hərəkət edir; ikincisi, geri çəkilən Denikin ordusu bu respublikalara soxula bilər, üçüncüsü, kamalçılar Rusiya ilə razılıq əsasında bu respublikalara müdaxilə edə bilər, buna görə də Azərbaycan və Gürcüstan de-fakto tanınmalıdır. Yanvarın 11-də Ali Şura İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə bu məzmunda bir qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Аzərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyır”.

Beləliklə, Azərbaycanın müstəqilliyi 11 yanvar 1920-ci ildə Paris Sülh konfransında de-fakto tanındı. Yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyinin Baş katibi Jül Kambon Ali Şura üzvlərinin və müttəfiq ölkələrin Azərbaycanın de-fakto tanıması barədə Paris Sülh konfransının rəsmi qərarını Ə.Topçubaşova təqdim etdi. Bundan bir gün öncə – yanvarın 14-də isə Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli vətəndaşlarına müraciət edərək tanınma haqqında məlumat vermiş, bu münasibətlə 14 yanvar Azərbaycanda qeyri-iş günü elan edilmişdi.

Rusiyanın Cümhuriyyəti işğal etməsi

Azərbaycan Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm işlər görsə də, Osmanlı dövlətinin I Dünya müharibəsində yenilməsi və ordusunu Qafqazdan çəkməyə məcbur olması, onlardan sonra Müttəfiq orduların Bakıya gəlişi və hakimiyyəti xeyli dərəcədə qəsb etməsi, Denikinin Rusiyada qalib olacağına ümid bəsləyən Antantanın Cənubi Qafqaz cümhuriyyətlərinə hərbi yardım göstərməməsi, Gürcüstan və Azərbaycanın hərbi qüvvələrini Rusiya müdaxiləsi təhlükəsinə qarşı uğursuz əlaqələndirilməsi, ermənilərin Qarabağda Rusiyanın sifarişli ilə qiyam qaldırması, istiqlal savaçı aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurması, Məclisi-Məbusanda və hökumətdə Rusiyanın təhriki ilə müxalifətin pozuculuqla məşğul olması və b. amillər Cümhuriyyəti ağır durumda buraxırdı.

Moskvanın istəyinə uyğun olaraq ermənilər 1920-ci il martın 22-də Novruz bayramı gecəsi Xankəndindəki Azərbaycan ordusu hissələrinə hücum etdilər. Bundan sonra onlar bütün Dağlıq Qarabağda, Naxçıvan və Ordubadda da Azərbaycan əleyhinə qiyam qaldırdılar. Qazaxda da hakimiyyət əleyhinə çıxışlar baş verdi. Azərbaycan ordusunun başlıca qüvvələri erməni qiyamını yatırtmağa göndərildi. Bakıda cəmi 2 minlik qüvvə qaldı ki, o da hakimiyyət binalarını qoruyurdu.

Bolşeviklərin Azərbaycanda yaydığı başlıca təbliğatlardan biri bu idi ki, Bakıya gələn XI ordu Türkiyənin istiqlal savaşına yardım etmək üçün ərazimizdən keçmək istəyir, ancaq “ingilislərə satılmış mənfur müsavatçılar” buna yol vermir. Təbliğatçıların arasında Türkiyəli hərbçi və müəllimlərin çoxluğu xalqı bu sözlərin doğruluğuna xeyli inandırırdı.

XI ordu aprelin 26-sında artıq Azərbaycan sərhədlərini keçərək 27 apreldə Quba və Qusarı işğal etdi. Həmin gün səhər tezdən bolşeviklərin silahlı dəstələri həm Bakı şəhəri daxilində, həm də onun kənarlarında 10 mühüm obyekti: dəmiryol vağzalı, poçt, teleqraf, radiostansiya, polis məntəqələri, iri neft mədənləri və sənaye müəssisələri, hərbi və ticarət limanı və b. yerləri ələ keçirdilər. Bakının şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsi kəsildi, bu da hökumətin əyalətlərdəki özünə sadiq hərbi hissələri vaxtında köməyə çağırmasına imkan vermədi.

İşğal əməliyyatında Xəzər hərbi donanması önəmli rol oynadı. Donanma gəmilərinin heyəti bu dönəmdə bolşeviklərdən və onlara rəğbət bəsləyən matroslardan ibarətdi. Hakimiyyəti 2 saat ərzində hələ mövcud olmayan Azərbaycan Sovet hökumətinə təhvil vermək ultimatumu göndərən hərbi gəmilər sahildə düzülərək öz toplarını hökumət binalarına tuşlamışdılar.

Ultimatumu müzakirə etmək üçün Məclisi-Müəssisanın iclasından öncə sədr Məhəmmədhəsən Hacınski və üzvlər M.Rəsulzadə, Q.b.Qarabəyov, A.b.Səfikürdski və A.b.Qardaşovdan ibarət bir komissiya yaradıldı. Komissiyanın qərarını müzakirə etməzdən öncə Məhəmmədəmin Rəsulzadə təklif etdi ki, çıxardığımız tarixi qərarı millətdən xəbərsiz çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Onun təklifi bəyənilərək qəbul edildi.

Nəhayət, 27 aprel 1920-ci il axşam saat 11.00-də Parlament əksəriyyət səslə hakimiyyətin aşağıdakı şərtlərlə bolşeviklərə təhvil verilməsini qəbul etdi:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır;

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir;

4. Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlament və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir;

7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

Cümhuriyyət dönəmində qazanılanlar

23 aylıq Azərbaycan Cümhuriyyəti dönəmində ölkəmiz mühüm uğurlar əldə etdi. İlk dəfə hakimiyyətin üç qolundan (hökumət, yəni nazirliklər; parlament və məhkəmə) ibarət dövlətimiz oldu. Hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı, milli ordumuzun əsası qoyuldu. 1919-cu ilin oktyabrında Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil müəssisəsi – Hərbiyyə Məktəbi yaradıldı.

Parlamentin 30 oktyabr 1919-cu ildə qəbul etdiyi “Mətbuat haqqında Nizamnamə”yə əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək, buraxmaq və satmaq üçün hökumətin heç bir icazəsi tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Ölkənin milli azlıqları Azərbaycan ərazisində özlərinin mədəni-maarifçi cəmiyyətləri ilə təmsil olunmuşdular. Rus, erməni, yəhudi, polyak, alman, fars və başqa milli icma və koloniyalara məxsus ən müxtəlif cəmiyyətlər sərbəst fəaliyyət göstərirdi. Hökumət onlara qayğı göstərir, fəaliyyətinə şərait yaradırdı.

1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi, cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Əsasnamədə Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları səsvermə hüququna malik idilər. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəd idi. Burada qadınlar da səsvermə hüququna yiyələnirdi.

1 oktyabr 1918-ci ildə hökumət çox mühüm qanun qəbul edərək bolşeviklərin milliləşdirdiyi neft mədənlərini keçmiş yiyələrinə qaytardı.

27 iyun 1918-ci ildə Fətəli xan Xoyski hökuməti türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi. Dövlət dilinin türkcə olması Azərbaycan Cümhuriyyətinin təhsil sahəsindəki apardığı bir sıra islahatlara da yol açdı. Bu islahatlar içərisində ictimai-siyasi-mənəvi baxımdan ilk ən önəmli tədbirin məktəblərin milliləşdirilməsi olduğunu desək, yanılmarıq. Bununla 100 ildən artıq müddətdə bir çox nəsillərin beyninə zorla yeridilən ruslaşdırma ideologiyasının qarşısına möhkəm sipər çəkilirdi. Baş nazir Xoyskinin imzaladığı 28 avqust 1918-ci il tarixli “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərarla müəyyən edilirdi ki, bütün tədris müəssisələrində təlim yalnız ana dilində aparılmalıdır və dövlət dili olan türk dilinin məktəblərdə tədrisi məcburidir.

Hələ 8 aprel 1919-cu ildə hökumət xalq maarif nazirinə tapşırmışdı ki, 1919-1920-ci dərs ilinin başlanğıcından Bakıda Universitet açsın, bundan ötrü 10 milyon manatı aşmamaqla smeta tərtib etsin, Universitetə Kommersiya Məktəbinin (indiki Pedaqoji Universitetin) binası verilsin. Məsələnin müzakirəsi Məcisi-Məbusana keçirildi. Çoxaylıq gərgin müzakirələrdən sonra 1 sentyabr 1919-cu ildə o, Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdi. Bu, Azərbaycan xalqının tarixindəki ən işıqlı səhifələrdən biridir. Cümhuriyyətin gördüyü ən mühüm işlərdən biri də xarici ölkələrdə ali təhsil almaq üçün 100 gənci dövlət hesabına göndərməsidir.

23 ayda görülən bu işlər onu deməyə əsas verir ki, Azərbaycan Cümhuriyyəti işğal edilməsəydi, ölkəmiz bu gün dünyanın ən güclü ölkələrindən biri olacaqdı.


Müəllif: Dilqəm Əhməd