14 Avqust 2014 15:28
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası Rusiyada ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı pisləyib.

Bu barədə Teleqraf.com-a açıqlamasında AKP sədri Rauf Qurbanov məlumat verib. Onun sözlərinə görə, iyulun 12-də Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun 70 illik yubileyi münasibətilə Moskada səfərdə olub:

“Tədbirdə iştirak elədim, AKP adından Züqanova öz şəkli həkk olunmuş və qızıl hərflə işlənmiş lövhə təqdim etdik. Hədiyyəmiz onun çox xoşuna gəldi. Bundan başqa ildə 4 dəfədən az olmayaraq Kommunist Partiyaları İttifaqına daxil olan respublika komitələrinin iştirakı ilə icraiyyə komitəsinin iclası keçirilir. İclasda Azərbaycandakı ictimai-siyasi durumu, partiyamızın ötən dövr ərzində fəaliyyəti və təşkilatlanması barədə məlumat xarakterli çıxış etdim. Xüsusilə diqqətə çatdırdım ki, Azərbaycanda başqa respublikalardan fərqli olaraq sabitlik və iqtisadi yüksəliş müşahidə olunur. May ayında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosundakı çıxışını həyəcan kimi tədbir iştirakçılarının diqqətinə çatdırdım. Qeyd etdim ki, ABŞ səfiri öz vəzifə səlahiyyətini aşaraq müstəqil və suveren dövlətin daxili işlərinə qarışır”.

R.Qurbanov qeyd edib ki, İcraiyyə Komitəsinin iclasında çıxışların əksəriyyəti Ukraynada baş verən hadisələrə, Ukrayna Kommunist Partiyası ilə bağlı narahatlığa yönəlmişdi: “Kommunist Partiyaları İttifaqı adından Ukrayna prezidenti, baş nazirinə baş verən hadisələrlə əlaqədar öz münasibətlərini bildirmək üçün müraciət olundu. Orada Ukrayna Kommunist Partiyasının ləğv olunması ilə bağlı məsələ qaldırılıb. Məsləhət bilindi ki, hamı öz respublikasına qayıdanda fərdi şəkildə Ukrayna rəhbərliyinə müraciət də etsin. Biz də AKP adından bu müraciəti etdik, Moskvadakı müraciətə də partiya rəhbəri kimi imza atmışdım”.

AKP sədri əlavə etdi ki, Züqanovun yubileyinə Rusiya Prezidenti Vladimir Putinin qatılacağı gözlənilsə də, RKP sədrinə təbrik məktubu göndərilib: “Bir neçə dəfə Züqanovun yubiley tədbiri təxirə salınmışdı və izah edilirdi ki, Prezident Administrasiyasının xahişi ilə təxirə düşür. Administrasiyadan nümayəndələr olsa da, şəxsən Putinin özü yığıncağa qatılmamışdı. Vladimir Putin Züqanovu özü qəbul edib ona Çapayevin büstünü hədiyyə etmişdi”.

R.Qurbanov AKP-nin builki bələdiyyə seçkilərinə qatılacağını da söyləyib: “Sentyabrda partiyanın Mərkəzi Komitəsinin pleniumu keçiriləcək. Gündəlik tam hazır olmasa da, partiyanın qarşısında duran əsas məsələ dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədardır. Biz seçkilərə çox ciddi hazırlaşırıq”.

Nərgiz


Müəllif: