14 Avqust 2014 19:25
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı cəbhə bölgəsinə səfərlərinin yekunları ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub göndərib.

QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məktubda cəbhə bölgələri, yerli əhali ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

QAT sədri qoşunların təmas xəttində yerləşən Ağdamın Əfətli, Çıraqlı, Çəmənli, Tərtərin Qapanlı, Qaradağlı, Qazaxın Məzəm, Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kimi kəndlərinə dövlət tərəfindən xüsusi status verilməsini və bu kəndlərin əhalisinin hər cür vergilərdən azad olunmasını, işıq, qaz pullarının ödənilməsində güzəştlərin edilməsini, kənd təsərrüfatı işləri üçün pul şəklində yardımın göstərilməsini təklif edib. Eyni zamanda atəşkəsin tez-tez pozulması nəticəsində orta məktəblərdə dərslərin müntəzəm və keyfiyyətli keçirilmədiyi nəzərə alınaraq bu kəndlərin məzunlarına ali məktəblərə qəbul zamanı imtiyazların nəzərdə tutulması, təhsil haqqından azad olunmaları zəruri sayılıb.

Məktubda bildirilir ki, bu kəndlərdə təhsillə bağlı problemlər var: “Atəşkəsin tez-tez pozulması dərslərin müntəzəm və keyfiyyətli həyata keçirilməsinə imkan vermir. Ona görə də bu kəndlərin məzunlarına ali məktəblərə qəbul zamanı imtiyazların nəzərədə tutulması, təhsil haqqından azad olunmaları yaxşı olardı”.
Sənəddə düşmən gülləsindən ölən kənd sakinlərinin yas mərasiminin, yaralananların müalicəsinin təşkilinin, zərərçəkənlərin zərərinin dövlət tərəfindən ödənilməsi təklifi də yer alıb.

Qeyd edilib ki, cəbhəboyu kəndlərin hər birində tibb məntəqəsi və ən azından bir təcili yardım maşınının olmasına ciddi ehtiyac var. Tərtərin Qapanlı kəndində, Ağdam-Bərdə-Tərtər “dörd yolu”ndakı qəsəbələrdə içməli su probleminin həlli istiqamətində hökuməti təcili işlər görməyə çağıran QAT sədri cəbhə bölgələrində gənclərin işsizlikdən əziyyət çəkmələrinə diqqət çəkib, yeni iş yerlərinin açılmasının, dövlət proqramı çərçivəsində bu ərazilərdə kiçik və orta sənaye müəssisələrinin tikilməsinin vacibliyini vurğulayıb.

Səxavət


Müəllif: