28 Aprel 2014 12:45
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əli Əliyevin elə bir xüsusi kriteriyası yoxdur ki, məndən öndə olsun"

Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) birləşmək məsələsini müzakirə etmək üçün danışıqlara başlayıblar. Hər iki partiya komissiyalar yaradaraq təkliflər hazırlayırlar. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu rəhbəri olduğu partiya ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) arasındakı əməkdaşlıq müzakirələrilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Sərdar bəy, VİP-lə birləşmək ideyası hansı zərurətdən doğub?
ADP ilə VİP arasında əməkdaşlığın forması ilə bağlı hazırda araşdırma aparılır. Bununla bağlı komissiya yaradılıb. Hələ ki, birləşməkdən söhbət getmir. İnteqrasiya imkanları müzakirə olunur. Əgər iki partiya arasında bir neçə məsələ ilə bağlı maraqlar üst-üstə düşərsə, birləşmək niyə də olmasın? Ədliyyə Nazirliyində 55-ə yaxın partiya qeydiyyatdan keçib. Amma gündəmdə cəmi 3-4partiya var. Deməli, 50-yə yaxın partiya ya siyasi müstəvidən silinməlidir, ya da öz aralarında birləşməlidir. Ölkədə həddindən artıq partiyanın olması demokratik bataqlıq yaradır. Xüsusilə də, eyni siyasi mövqeni paylaşan partiyaların olması siyasi institutların inkişafını əngəlləyir. ADP-nin birləşmə ilə bağlı təcrübəsi var. Azərbaycan Partiyası, Demokratik Azərbaycan Partiyası, Rəsul Quliyevin Demokratiya və Ekologiya Fondu, ümumilikdə, 7 partiya ilə birləşmək təcrübəmiz olub. Biz hətta Müsavat Partiyası, Leyla Yunusun rəhbərlik etdiyi Şimali Azərbaycan Demokrat Partiyasına birləşməklə bağlı təkliflər etmişdik. ADP inteqrasiya ilə bağlı hər zaman təşəbbüskar, güzəştlərə hazır olub. Bu mənada VİP-lə birləşməklə bağlı müzakirələrin başlanmasında bizim üçün təəccüblü heç nə yoxdur. Başqa partiyalarda ayrılmaq, bizdə isə birləşmək təcrübəsi var. İndi biz VİP-in təkliflərini gözləyirik. Təkliflər real olacaqsa, onu praktiki tətbiq etməklə uğur qazanmaq mümkün olacaqsa, razılığımızı verəcəyik.

- Bununla bağlı ADP-nin təklifləri nədən ibarətdir?
- Biz üç nəfərdən ibarət komissiya yaratmışıq. VİP-in təkliflərini gözləyirik. Təklifləri dəyərləndirib öz qiymətimizi verəcəyik.

- Belə məlumatlar var ki, siz Əli Əliyevə ADP-nin sədr postunu təklif etmisiz? Bu nə dərəcədə doğrudur?
- Rəsmi müzakirələr komissiyalar arasında olacaq. Sədrlərin mövqeyi həlledici deyil. Əli Əli bu ideyanı ümumi şəkildə verəndə mən müzakirəyə hazır olduğumu qeyd etmişdim. Əli Əliyevin tərəfdarları AMİP-dən ayrılanda təklif etmişdilər ki, ADP ilə birləşək. Bəziləri isə müstəqil partiya yaratmağı vacib saymışdı. İkincilər güclü çıxdılar və VİP-i yaratdılar. Mən o vaxt demişdim ki, Azərbaycanda problem partiyaların sayında deyil, gücündədir. Çox partiyanın olması müxalifətin gücünün göstəricisi sayıla bilməz. Biz VİP-lə əməkdaşlığın müxtəlif formalarını sınaqdan keçirmişik. Amma bir partiya olaraq fəaliyyət göstərməmişik. Hələ 2006-cı ildə mən hesab edirdim ki, Əli Əliyevin siyasi perspektivi var. Əgər o, mən deyən yolla getsəydi, daha çox uğur qazana bilərdi. Siyasi liderliyin xüsusiyyətlərindən biri də, yeni dövrə hazır olmaqdır. Əli Əkərimli, İsa Qəmbər müəyyən dövrün liderləridir. Amma Əli Əliyev yeni dövrün, yeni nəslin siyasi lideri ola bilərdi. Mən Əli bəyə təklif edirdim ki, heç vaxt ilkin dövrlərdə birinci olmağa çalışma, özünü hazırla. Ona ADP-də yüksək post təklif etmişdim. ADP-də kimin hansı postda olmasının elə bir fərqi yoxdur. Mən dəfələrlə sədr postunu kiməsə güzəştə getmişəm. İlyas İsmayılov, Rəsul Quliyevin müavini olmuşam. Hətta indi Əli Əliyevin ADP-yə gəlməsi fonunda mənim və ya onun müavin olması problem yaratmır. Yaş və təcrübə baxımından bu qəbulolunan ideya deyil. İlyas İsmayılovun, Rəsul Quliyevin yaş və dövlətçilik təcrübəsi baxımından kriteriyaları məndən üstün idi. Təvəzökarlıqdan uzaq da olsa, deməliyəm ki, Əli Əliyevin elə bir xüsusi kriteriyası yoxdur ki, məndən öndə olsun. Bu mənada mənim müavin, onun sədr olmasınə cəmiyyət qəbul etməyəcək.

- Əli Əliyev bir vaxtlar ənənəvi siyasi liderlərlə eyni cərgədə dayanırdı. Amma birdən-birə klassik müxalifətdən kəskin uzaqlaşma xəttini götürdü və bu onun da üzərində "hakimiyyətyönlü" damğasının vurulmasına səbəb oldu. Maraqlıdır ki, Müsavat Partiyası və AXCP yaxud onların yaratdığı bloka qarşı tənqidi mövqedə dayanan partiyalar cəmiyyətdə birmənalı qarşılanmır...
- Bu problemi ADP-də yaşayır. AXCP və Müsavat Partiyasına, yaxud Milli Şuraya münasibət müxalifətçiliyin kriteriyalarını müəyyən etmir. İnsanların arasında belə fikirlər var ki, Milli Şura, Müsavat Partiyası müxalifət deyil. Sisyasi partiya həm hakim həm də müxalifət partiyalarına münasibətdə rəqib olmalıdır. Sən öz fərqliliyini göstərməlisən. Bizdə qəribə bir yanaşma var. Əgər müxalifətlə bir ittifaqdasansa, onun bütün eybəcərliklərinə, nöqsanlarına göz yummalısan. Tənqid edirsənsə, deməli dost deyilsən, satılmısan. İnsan öncə özünə müxalifətdə olmalıdır. Mən birinci özümə, sonra partiyama, siyasi düşərgəmə, daha sonra isə iqtidara müxalifətdəyəm. Təbii ki, müxalifətdəki deyil, hakimiyyətdəki partiya ilə mübarizə aparıram. Əli Əliyev İsa Qəmbərin postu uğrunda mübarizə aparmır, onu tənqid edir. Mən də düşünürəm ki, Milli Şura Rusiyanın proyektidir. Sonrakı hadisələr də bunu təsdiqlədi. Müsavatı da tənqid etmişəm, müsavatçılar da ADP-ni tənqid ediblər.

- Niyə məhz VİP-lə yaxınlaşmaq qərarına gəldiz. Axı "ana müxalifət" adlandırılan partiyaların VİP-ə qarşı münasibət birmənalı deyil...
- Onların VİP-ə qarşı münasibəti o zaman dəyişdi ki, Əli Əliyev öz mövqeyini ortaya qoydu, müxalifətdəki eybəcərlikləri tənqid etməyə başladı. Onlar da Əli Əliyevə qısqanc münasibət göstərdilər. Düşündülər ki, Ə.Əliyev onların mövqelərini əllərindən ala bilər. Bir partiyanı müxalifət saymırsansa, onunla bir blokda təmsil olunmaq istəmirsənsə, özünə yaxın buraxmırsansa, aşağılayırsansa, o da sənə qarşı sərt mövqe nümayiş etdirəcək. Özünü "ana müxalifət" adlandırırsansa, siyasi mədəniyyətin digər partiyalardan üstün olmalıdır. Azərbaycan müxalifətində bizim iri hesab etdiyimiz partiyaların heç biri sağlam ittifaqın təşəbbüskarı olmayıb. Dağıtmağın təşəbbüskarı olublar, amma yaratmağın yox. Qocaman partiya özünü ağsaqqal kimi aparıb yol göstərməkdənsə, yolu azdırır, dağıcılıqla məşğul olur. Ona görə də dünən yaranan partiya Müsavatı, AXCP-ni tənqid etmək məcburiyyətində qalır.

Ruslan Xəlil


Müəllif: Ruslan Xəlil