19 Avqust 2014 17:26

Ərəstun Oruclu: “İstənilən ölkənin operatorunun nömrəsinə daxil olub dinləyə bilirlər”

Avqustun 16-da “Der Spiegel” jurnalı etibarlı mənbəyə istinadən Almaniya Federal Kəşfiyyat Xidməti – BND-nin 2009-cu ildən öz NATO müttəfiqi Türkiyəni izləməsi ilə bağlı məlumat yayıb. Jurnalın yazdığına görə, BND ABŞ dövlət katibi Con Kerri və onun sələfi Hilari Klinton tərəfindən edilən zəngləri də dinləyibmiş.

Almaniya hökumət rəsmiləri bunu məqbul hesab edərək 2009-cu ildə Türkiyənin rəsmi olaraq hədəf seçildiyini təsdiq edib. Hökumət dinləmə səbəbləri kimi Türkiyə hökumətinin Almaniyada türk klubları və dərnəkləri ilə siyasi məqsədləri reallaşdırmağa çalışmasını, başda PKK olmaqla sol və sağ qrupların fəaliyyətindəki narkotik qaçaqmalçılığını göstərib.

Həmin xəbərdən sonra avqustun 18-də Türkiyə Almaniyanın Ankaradakı səfiri Eberhard Pohlu məhkəməyə verib. Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, məlumatın doğruluğu sübut olunarsa, bu çox ciddi məsələ olacaq. Almaniya hökuməti məsələyə tam aydınlıq gətirməlidir. “Almaniya hökumətinin alman mətbuatının yaydığı xəbərə qənaətbəxş açıqlama verməsini, əgər doğrudursa, dərhal bu fəaliyyətə son qoymasını gözləyirik”, - nazirliyin bəyanatında deyilir. Bəyanatda həmçinin qeyd olunur ki, yayılan xəbər türk və alman təhlükəsizlik əməkdaşlığına xələl gətirə bilər.

Bəs, belə hal olanda hökumətlər hansı addımı atmalıdır? Ümumiyyətlə, bu dinləmələr necə mümkün olur? Gələcəkdə bizim ölkəmiz də bu cür təhdidlərə qarşı nələr etməlidir?

Bu istiqamətdə suallarımızı cavablandıran “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, MTN-in keçmiş əməkdaşı Ərəstun Oruclu bildirib ki, Almaniya ilə Türkiyə arasında baş verənləri qalmaqal adlandırmaq olmaz. Ancaq onun sözlərinə görə, hər halda Türkiyə narazılığa başlayıb: “Düzü, mən nəsə deməyə çətinlik çəkirəm. Çünki mən Türkiyənin Almaniyaya hansısa ciddi təsir imkanlarının olduğunu təsəvvür etmirəm. Bu məsələ müəyyən diplomatik, siyasi narazılıqla bitəcək. Yəni, dərin konfliktlər yaranmayacaq. Ona görə ki, birincisi alman mətbuatı BND-nin türk rəsmilərini dinləməsinin səbəbi kimi rəsmi Ankaranın Almaniyadakı türk icmasını siyasiləşdirməsini, o cümlədən PKK ilə bağlı Türkiyənin müəyyən fəaliyyətini izlədiklərini göstərmişdi. İkincisi, hər kəsə bəllidir ki, dünyanın bir çox ölkələri bu cür praktika həyata keçirir. Bu aşkara çıxanda isə heç bir dava-şava olmur. Xatırlatmaq istərdim ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin hal-hazırda Rusiyada yaşayan sabiq əməkdaşı Edvard Snouden açıqlamasında demişdi ki, ABŞ Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Fransua Ollandın da telefonları dinləmişdi. Bunun da ətrafında böyük ajiotaj, bir qalmaqal yaranmadı. Çünki əslində bu bir növ reallıqdır. Hər kəs başa düşür ki. bugünkü texniki imkanlar çərçivəsində bir çox ölkələr buna qadirdir və bunu həyata keçirir. Bacarırsa, demək hansısa hallarda bunu həyata keçirir. Bu məsələ ətrafında qalmaqal o zaman yaradılır ki, qalmaqala ehtiyac var. Qalmaqalın başqa səbəbləri olur, amma bunu bir səbəb, bəhanə kimi istifadə edirlər. Bu baxımdan mən düşünmürəm ki, Türkiyə ilə Almaniya arasında nəsə böyük bir qalmaqal olacaq. Müəyyən diplomatik söz atışması ola bilər. Amma bundan o tərəfə getməyəcək. Çünki hər halda Türkiyə hökumətinin Almaniyadakı türk icmasına müəyyən siyasiləşdirici təsirləri var və bu, məqalədə də təsadüfən vurğulanmayıb. Deməli, alman tərəfinin də ortaya qoyacağı hansısa məqamlar var”.

Bu dinləmələrin nə cür mümkün olmasına dair sualımızı cavablandıran Ə.Oruclu deyib ki, bu, mürəkkəb bir işdir:

“Ümumiyyətlə, söhbət ilk növbədə mobil telefonların dinlənilməsidən gedir. Demək olar, bütün mobil operatorlar GSM – Global Sistem Mobile adlandırılan eyni şəbəkədədir. Sadəcə olaraq hər mobil operatorun və hər nömrənin öz şifrə və kodları var. Yaxşı mütəxəssislər o şifrə və kodları rahatca sındıra və dünyanın istənilən ölkəsindəki istənilən operatorun istənilən nömrəsinə daxil ola və dinləyə bilirlər. Yəni, texniki baxımdan bunun üçün müvafiq texniki ləvazimat dəsti, mütəxəssislər olmalıdır. Bu da hazırkı texniki səviyyədə çətin məsələ deyil. Təbii ki, daha mürəkkəb dinləmə sistemlərini, deyək ki, şifrələnmiş rabitənin, hökumət rabitəsi kimi, müəyyən məxfi işlər üçün istifadə olunan telefon əlaqələrinin də şifrələrini sındırıb dinləyə bilirlər. Amma bu daha mürəkkəb işdir. Bunu ancaq çox güclü xüsusi xidmət orqanları bacarır”.

Bəs, ölkəmiz də belə bir təhdidlə üzləşə bilərmi?

Ə.Oruclu deyir ki, mobil və müdafiəsiz, xüsusi mühafizəsi, şifrələri olmayan rabitə növlərini çox asanlıqla dinləmək mümkündür: “Dünyanın istənilən bucağında oturub, Azərbaycandakı şəbəkəyə daxil olub dinləmək mümkündür”.

Ə.Oruclu qeyd edib ki, Azərbaycan bir çox ölkələr üçün maraqlıdır: “Həmin ölkələrin də hər birinin nəzəri cəhətdən bizi dinləmək ehtimalı var”.

Müsahibimiz, həmçinin bildirib ki, texniki baxımdan dinləmənin qarşısını almaq mümkündür, amma çox mürəkkəbdir: “Bunun üçün müvafiq texnika da var. Hansısa radiomaneələr, müxtəlif diapazonlarda radiodalğalar yaradan qurğular var ki, onlar nəinki telefon danışıqlarını izləməyə maneələr yaradır, hətta ətrafda yerləşdirilmiş və adi danışığı belə yazan qurğunun da işinə maneçilik yaradır, onu pozur. Belə texnika hazırda dünyanın bir çox ölkələrində açıq satışdadır və kifayət qədər ucuzdur, 350-500 dollar civarındadır. Amma məsələ ondadır ki, xüsusi xidmət orqanları da elə professional texnika ilə işləyirlər ki, həmin texnika bu maneələrin özünü neytrallaşdıra bilər. Yəni, burda bir yarışma gedir. Həm dinləmədən qorunma, həm də dinləmə qurğularının təkmilləşməsi arasında daimi bir rəqabət gedir”.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...