20 Avqust 2014 15:33
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müasir jurnalistikasının inkişafında bir çox insanların rolu olub. Sovet İtifaqı dağıldıqdan sonra yeni informasiya sisteminin formalaşması, dünya mediasına inteqrasiya mühüm amillərdən biri kimi Azərbaycanda formalaşan yeni kütləvi informasiya vasitələrinin qarşısında dayanırdı.

Belə bir məqamda Rəşad Məcidin rəhbərliyi ilə təsis edilən “525-ci qəzet” media məkanında “söz sahibi”nə çevrilə bildi. Sabah məhz bu qəzetin, eləcə də Azərbaycan Yazıçılar Birliyində katib kimi fəaliyyət göstərən, ictimai fəaliyyəti ilə hər zaman öndə olan Rəşad Məcidin 50 yaşı tamam olur.

Rəşad Məcidin həyat və yaradıcılığı

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

R.Məcid bu illər ərzində Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb. 2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.
Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə "Hələ ki vaxt var" adlı şeirlər, 2004-cü ildə "10 sentyabr" adlı hekayələr, 2009-cu ildə "Əlvida və salam" və ən nəhayət 2014-cü ildə "Dəlicəsinə" adlı kitabları çapdan çıxıb.

“Özünəməxsus yeri olan insanlardan biridir”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rəşad Məcidi yubileyi münasibətilə təbrik edərək qeyd edib ki, o, Azərbaycanın ictimai həyatında və mətbuat sahəsində kifayət qədər söz sahibidir. Onun sözlərinə görə, R.Məcid həm də Yazıçılar Birliyində özünəməxsus yeri olan insanlardan biridir: “O, Azərbaycanda ən nüfuzlu mətbuat orqanlarından birinə rəhbərlik edir və öz işgüzarlığı, bacarığı, qabiliyyəti ilə öz həmkarları arasında nüfuz qazanmış bir baş redaktordur. Eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi daim obyektivliyi və punktuallığı ilə seçilən bir media orqanının rəhbəridir. O həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü kimi müzakirə olunan məsələlərdə daim obyektiv olub. Bir sözlə bir həmkarım kimi Rəşad Məcidi təbrik edirəm, cansağlığı arzulayıram”.

V.Rəhimzadə əlavə edib ki, R.Məcid yaxşı dostdur, gözəl ailə başçısıdır: “Onun 50 yaşının tamam olması şəxsi həyatında deyil, eyni zamanda dostlarının, yaxınlarının həyatında çox böyük bir əlamətdar hadisədir. Bundan sonra da Rəşad Məcidə ən əsası can sağlığı və yaradıcılığında yeni uğurlar arzu edirəm”.

“Rəşad Məcid əsilli, nəcabətli adamdır”

Tanınmış jurnalist Qulu Məhərrəmli qeyd edib ki, cəmiyyətdə, o cümlədən media ictimaiyyətində çox az sevilən insanlar var. Onun sözlərinə görə, sayı az olan belə sevilən şəxsləri insanlar qiymətləndirir: “Rəşad Məcid cəmiyyətdə çox müsbət imici olan adamdır, çünki iliyinə qədər səmimidir. Yəni, Rəşad düşüncəsində səmimidir, insanlarla səmimidir, açıqdır. Buna görə onu çox sevirlər və mən də onu çox istəyirəm. Mən onunla 1998-ci ildə bir aylıq ABŞ-da səfərdə olmuşuq, düzünü desək, onda Rəşadı kəşf elədim. Yaşının azlığına baxmayaraq, onda bir müdriklik, ağsaqqallıq, böyük-kiçik yeri bilmək gördüm. Sonradan onun atasını tanıyanda, ailəsi ilə tanış olanda bildim ki, bu haradan qaynaqlanır. Yəni, Rəşad Məcid əsilli, nəcabətli adamdır. O dünyanı elə uşaq vaxtından görüb, dərk eləməyə başlayıb”.

Q.Məhərrəmli deyib ki, jurnalist kimi Rəşadın çox böyük uğurları var: “Hesab edirəm ki, “525-ci qəzet”i məşhurlaşdırmaq, sonra zamanın havasına uyğun olaraq onu yaşatmaq Rəşad Məcidin bacarığıdır. İndi çox çətindir, həm hörmətli, ləyaqətli olasan, həm də sənin xatirini istəsinlər, eyni zamanda istədiklərini gerçəkləşdirəsən. Amma Rəşad bunu bacarır. O, adamları, dostları qiymətləndirir, onlara gözəl dəyər verə bilir. Ona görə də hesab edirəm ki, Rəşadın şəxsi keyfiyyətləri, ictimai düşüncəsi onu bir şəxsiyyət kimi formalaşdırır və bu gün ona görə çox sevilir. Həmçinin, Rəşad böyüklərə, ağsaqqallara xüsusi hörmət edən adamdır. O, küçədə bir ahıl insanın əlindən zənbilini alıb ona kömək edə bilər, eyni zamanda özünün mənəvi ağsaqqal bildiyi insanlara da çox yaxından yardımçı olur. Özünü də bu köməyi hiss etdirmədən eləyir. Xarici səfərlərdə olarkən bunun dəfələrlə şahidi olmuşam. Yaradıcı adamları qiymətləndirir, gənclər üçün yol açandır. Bu mənada Rəşadla bizi çox şeylər birləşdirir”.

Q.Məhərrəmlinin sözlərinə görə, adamlar var ki, çoxlu əsərlər yazır: “Amma Rəşad təkcə “10 sentyabr” hekayəsi ilə özünün təkcə poetik düşüncədə yox, həm də nəsrdə də keçilməyən yolları keçmək qabiliyyətini göstərdi. Çox istedadlı adamdır, Rəşad qədər şeir bilən çox az adam var. Müasir Azərbaycan şairlərini demək olar ki, hamısını əzbər bilir. Özü də yaxşı şeirlər yazır. Düzdür “Siqaret” şeirini çox da bəyənmədim, amma ümumiyyətlə Rəşad Məcidin zərif cinsə xüsusi bir rəğbəti var. Bu da onun içinin doluluğu ilə bağlıdır. Burada təkcə kişilik faktoru rol oynamır, ümumiyyətlə, Rəşadın çox zərif keyfiyyətlərindən biridir ki, insanlara dəyər, qiymət verməyi bacarır. Hər kəs bu davranışı bacarıb axıra qədər göstərə bilmir. Rəşadı təbrik edirəm, “böyük oğlan” olmağını arzulayıram. Eləcə də hər zaman dostların əhatəsində, həmişə belə diqqətli olmağını və bundan sonra qalan yolları çox rahatlıqla getməyi arzulayıram”.

“Rəşad, yaxşı ki, varsan”

“525-ci qəzet”in baş redaktorunun müavini Yusif Rzayev bildirib ki, Rəşad Məcidi 40 ildən çoxdur tanıyır: “Rəşad mənim ən doğma adamımdı, ən çox güvəndiyim insandı, böyük qardaşımdı. Bir il olar ki, Rəşadla bağlı bir yazı yazmaq istəyirəm – yazının cızma-qaraları da hazırdı, amma nədənsə oturub yazını birnəfəsə yazmağa gücüm çatmır. Yəqin ona görə ki, adam özünə doğma bildiyi, özünün bir parçası saydığı insan haqqında yazanda həm də özü haqqında yazmış olur deyə, çətinlik çəkir. Amma yəqin ki, bir gün o gücü tapıb dediyim yazını mütləq yazacağam...

Rəşad Məcidi tanımaq, onunla dost olmaq, etibarını qazanmaq xüsusi qabiliyyətdir. Eyni zamanda, onu tanıyıb, onunla bir yerdə çalışıb ondan öyrənməmək də o qədər qüsurdur. Bir müddət Rəşadla bir yerdə işləyib böyüyə hörmət, təmənnasız yaxşılıq etmək bacarığı, istedadlı cavanlara qayğı göstərmək, insanların hiss və duyğularına hörmətlə yanaşmaq, dosta etibar kimi çox önəmli keyfiyyətləri mənimsəməmək qəbahətdir. Rəşad elə insanlardandır ki, onu tanımaq, dost olmaq qazancdı və bu sərvəti heç bir maddi dəyərlə qiymətləndirmək olmaz.

Rəşadın 50 yaşı tamam olur. Maşallah, enerjili, işıqlıdır, hər bir işi içdən, ürəkdən görməyi sevən adamdı, ondan ancaq müsbət enerji ala bilərsən. Amma bir şərtlə - sən özün də adam olmalısan.
Təbrik edirəm, bağrıma basıram və deyirəm: Rəşad, yaxşı ki, varsan, yaxşı ki, səni tanıyıram...”

“Ona güvənirəm”

Gənc yazar Sahilə İbrahimova R.Məcidin hər zaman ona dəstək olduğunu deyib: “Ona istənilən vaxt, istənilən mövzuda kömək üçün müraciət etsəm, bundan imtina etməyəcək. Bir sözlə ona güvənirəm, Rəşad müəllim yaxşı himayədardır, ürəyi yumşaq adamdır. Mən Rəşad müəllimi, həqiqətən çox istəyirəm, onu yubileyi münasibətilə təbrik edirəm”.

S.İbrahimova qeyd edib ki, bəzən gənc yazarlarla Rəşad müəllim arasında incikliklər olur: “Amma hamımız onu o qədər çox istəyirik ki, bir deyim var, uman yerdən küsərlər. Biz ondan çox şeylər umuruq deyə, bəzən küsürük. Lakin bu o demək deyil ki, Rəşad müəllimə sevgimiz azalır. Biz onu çox istəyirik və istəyəcəyik də. Bir daha Rəşad müəllimi təbrik edirəm”.

P.S “Teleqraf Holdinq” olaraq biz də Rəşad Məcidi yubiley münasibətilə təbrik edir, uzun ömür can sağlığı arzu edirik.

Bəxtiyar Məmmədli


Müəllif: