29 Aprel 2014 14:13
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”

II Qlobal Açıq Cəmiyyətlər Forumunun III sessiyasında “Açıq cəmiyyətlər mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli kimi” mövzusu geniş müzakirə olunub. Paneldə Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Serbiyanın sabiq ölkə başçısı Baris Tadiç, Latviyanın sabiq prezidenti Vaira Vike Freiberqa iştirak edib.

Teleqraf.com-un xəbərinə görə, sessiyada qeyd olunub ki, əsl açıq cəmiyyətlər münaqişə və kənar müdaxilələrdən qaçmaqla, yalnız beynəlxalq əməkdaşlıq yolu ilə hər bir şəxsin öz imkan və bacarıqları ilə ümumi rifaha xidmət edə bilən əlverişli cəmiyyət yarada bilər. Panel iştirakçıları həmçinin, münaqişələrin həlli və sosial inteqrasiya sahəsində öz təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın əsas faydalı prinsipləri barədə məlumat veriblər.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib ki, təhlükəsizlik və sabitlik olmadan dayanıqlı insani və iqtisadi artıma nail olmaq çox çətindir. H.Çətin ilk növbədə mövcud münaqişələrdən danışarkən sovet dövrünün mirası olan Dağlıq Qarabağ münaqişəsini qeyd etməyin vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, bu münaqişə regionda sülhə əsas maneədir və ən uzun sürən münaqişələrdən biridir. Bununla H.Çətin vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub. Erməni təcavüzü nəticəsində bir milyondan çox insanın yurd yuvasından didərin düşdüyünü vurğulayan H.Çətin ATƏT-in Minsk qrupunun 20 ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, bu sahədə konkret addımların atılmadığını qeyd edib.

Eyni zamanda bildirib ki, sülh və sabitlik üçün ilk növbədə Ermənistan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılmalıdır. O, bildirib ki, Ermənistan iqtisadi cəhətdən acınaqlı vəziyyətdədir və belə bir şəraitdə düşünməlidir ki, onlar indiyədək nəyi itiriblər və bu münaqişə həll edildikdən sonra nə əldə edə bilərlər: “Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin xüsusilə enerji layihələrinin həyata keçirilməsində iştirak edə bilər və bu əməkdaşlığın başlanğıcı üçün ilk növbədə Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.

Daha sonra çıxış edən Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin terrorizm, ksenofobiya, insanların dözümsüzlüyü hallarının münaqişələrə gətirib çıxardığını deyib. Sülh üçün milli barış lazım olduğunu qeyd edən İ.Serageldin vurğulayıb ki, sabitliyi tam bərpa etmək üçün bütün cəmiyyət buna səy göstərməlidir.

Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku vurğulayıb ki, münaqişələrin həllində etnik və dini icmaların iştirakı əsas məsələdir. O, bildirib ki, mövcud münaqişələr bu icmalar arasında dialoq qurmaqla aradan qaldırıla bilər.

Daha sonra Serbiyanın sabiq prezidenti Boris Tadic çıxış edərək hazırda dünyada mövcüd olan münaqişələrin əksəriyyətinin səbəblərinin siyasi maraqlar və tarixi hadisələrlə bağlı olduğunu qeyd edib. O, həmçinin Serbiyanın keçdiyi müharibələrdən danışaraq bildirib ki, siyasi gərginliyə yol verməmək üçün bütün aspektlər nəzərə alınmalıdır.

Sonda çıxış edən Latviyanın sabiqprezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa bildirib ki, hazırda dünya qarşısında duran əsas məsələ 2015-ci ildən sonra insanlığın daha nə ilə üzləşəcəyini əvvəlcədən proqnozlaşdırmağa çalışmaqdır.

Sessiyanın sonunda çıxış etmək üçün söz alan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko bildirib ki, dünya təhlükəsizliyindən danışarkən, hazırda Avropanın, xüsusilə də Şərqi Avropa və ona yaxın regionun üzləşdiyi mövcud təhlükələrin həlli yolları tapılmalıdır.

Sessiya iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə başa çatıb.

Səxavət


Müəllif: Teleqraf.com