30 Aprel 2014 17:23
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə belə addım atmaqla erməniləri soyqırım iddiasından vaz keçirəcəyini düşünürsə, səhv edir”.

Bu sözləri Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndinin millət vəkili Flora Qasımova Türkiyənin Uşak vilayəti bələdiyyəsinin Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən “soyqırım” sözünü silməsinə münasibət bildirərkən dedi.


Millət vəkili Türkiyənin bu addımından məlumatlı olduğunu vurğuladı:


“Türkiyənin belə bir addım atmasını çox mənfi qiymətləndirirəm. Bu soyqırımı inkar etmək lazım deyil! Xocalı hadisəsi əsl soyqırım idi. Xocalıda öldürülən insanlar məhz azərbaycanlı, türk olduqlarına görə qətlə yetiriliblər. Xocalıda nə uşağa, nə qocaya, nə qadına məhəl qoymadan insanları öldürüblər. Bir gecədə 600-dən yuxarı mülki vətəndaş vəhşicəsinə qətlə yetirilib. Soyqırım başqa cür necə olur?”


Millət vəkili türkiyənin bu addımını izah etməkdə çətinlik çəkdiyini bildirdi:

Flora Qasımova: “Türkiyənin bu qərarı bizi sarsıdır”

“Türkiyə ermənilərə nə qədər güzəşt etsə də, ermənilər bir o qədər harınlayacaq. Onlar heç vaxt tələblərindən vaz keçməyiblər, keçməyəcəklər də. Əksinə, onlar hələ Türkiyəyə qarşı torpaq iddiası da irəli sürəcəklər”.


Millət vəkilinin sözlərinə görə, bu, Türkiyənin daxili məsələsi olduğu üçün müdaxilə etmək düzgün deyil: “Ancaq biz türkiyəyə ikinci vətənimiz kimi yanaşırıq və ona görə də bu qərar bizi sarsıdır”.


F.Qasımova hesab edir ki, bu məsələnin kökündə hansısa anlaşılmazlıq var: “ Türkiyə ilə Azərbaycan arasında o qədər sıx əlaqələr, dostluq var ki, inanmıram kimlərinsə gücü çatsın bu dostluğu yıxmağa. Bunu nə məqsədlə ediblər, kimlər razı olub bunu etməyə, bilmirəm. Türkiyə kimi böyük bir dövlət on illərdir erməni yalanını ifşa edə bilmir. Ancaq cəmi 20 ildir Azərbaycanda, Xocalıda baş verən bu qətliamı biz dünya ictimaiyyətinə çatdıra bilmişik. Məgər, 1915-ci ildə ermənilər deyildimi türkləri qətlə yetirən? Ola bilər ki, Türkiyə belə addım atmaqla erməniləri soyqırım iddiasından vaz keçirəcəklərini düşünürlər”.



Millət vəkili qeyd edir ki, bu gün Ermənistan soyqırım yalanlarını elə bir səviyyəyə qaldırıb ki, türkləri sevməyənlər də bundan istifadə edir: ”20 ildən çoxdur işğal altında olan torpaqlarımız var. Niyə bu torpaqlarımızı geri qaytara bilmirik? Niyə indiyə kimi Ermənistana heç bir təzyiq göstərilmir? Bütün dünya buna göz yumur. Ancaq Rusiya Krımı tutandan sonra ona qarşı nə qədər təzyiqlər oldu. Milyonlarla azərbaycanlı halal haqqından mərhum olub, ədalətsizliyə düçar olub. Bəs haqqı pozulan azərbaycanlılar insan deyilmi, onların hüququ yoxdumu? Türkiyənin bu addımı da evindən, yurdundan, torpağından olan azərbaycanlıların haqqının pozulması deməkdir”.


Xatırladaq ki, Türkiyənin Uşaq vilayətində Xocalı soyqırımına ucaldılan abidənin üzərindən “soyqırım” sözü silinib. Uşak bələdiyyəsindən “Axar.az”a verilən məlumata görə, “soyqırım” sözünün silinməsi və onun “qətliam” sözü ilə əvəzlənməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyindən göndərilən rəsmi məktubla əlaqəlidir. XİN göndərdiyi məktubda Xocalı qırğınının soyqırım kimi tanınmamasını əsas gətirərək, bu sözlərin yazılmasını “beynəlxalq hüquq prinsiplərinə zidd addım” kimi qiymətləndirib. Hakbuki dünyanın bir neçə ölkəsi, o cümlədən ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırım kimi tanıyıb. /Axar/


Müəllif: