30 Aprel 2014 18:43
822

BMT Ali Təmsilçisi: “Azərbaycan Prezidentinin qlobal təşəbbüslərinə hər zaman dəstək verəcəyik”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Eşad İskəndərov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Qrupunun görüşündə iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohada səfərdədir. DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş İndoneziyada bu ilin avqustunda keçiriləcək Sivilizasiyalar Alyansının Qlobal Forumunun gündəliyinin tərəfdaş ölkələriylə müzakirə məqsədilə keçirilir.

E.İskəndərov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nüməyəndəsi Nasser Əbüdələziz Əl-Nassirlə görüş keçirib. Görüşdə Ali nümayəndə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclədirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu qeyd edib, BMT Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və bu sahədə Azərbaycan Prezidentinin təşəbbüslərinə hər zaman dəstək verməyə hazır olduqlarını ifadə edib. Ali nümayəndəyə təşəkkürünü bildirən E.İskəndərov ölkə başçısının dini tolerantlıq və mültikulturalizm sahəsində təşəbbüsləri haqqında ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycanın tolerantlıq modelinin İndoneziyada keçiriləcək növbəti Qlobal Forumunda Sivilizasiyalar Alyansı ilə birgə təqdimatının keçirilməsi haqqında razılıq əldə edilib.

Yüzdən artıq dövlət və beynəlxalq təşkilatın iştirak etdiyi və dünən başlamış görüşün iclasında çıxış edən komitə sədri Azərbaycanda mədəniyyətlərarası dialoq və dini tolerantlığın əsrlərlə formalaşmış ənənələrə dayanaraq yüksək səviyyədə inkişaf etdiyindən, həmçinin bu tolerantlığın daha da möhkəmləndirilməsi və dünyada örnək olaraq təbliğ edilməsi məqsədilə ölkəmizin həyata keçirdiyi tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Mədəniyyətlərarası Forumu çərçivəsində, Forumun əsas partnyoru olan BMT Sivilizasıyalar Alyansının ölkəmizin dəstəyi ilə 20-dən artıq tədbirin keçirilməsini vurğulayan natiq bunun Azərbaycanın SA-nın inkişafına dəstəyinin nümunəsi olduğunu qeyd edib.
E.İskəndərov həmçinin qeyd edib ki, DQİDK ilə BMT SA arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən 2 qurum qlobal dinlərarası dözümlülük və dialoqa müsbət təsir göstərəcək layihələr həyata keçiriblər.

Bunların sırasında Heydər Əliyev Fondunun təşəbbüsü qeyd olunan S.Y.Bakuvinin yubileyinə həsr edilib və UNESCO-nun baş qərargahında ötən il keçirilmiş elmi simpozium; BMT və Avropa Parlamentlərinin qərərgahlarında keçirilmiş “Azərbaycan-tolerantlıq məkanı” adlı fotosərgilərin birgə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub. Dövlət komitəsinin sədri həmçinin İndoneziyada keçiriləcək Sivilizasiyalar Alyansının Forumunda bu təcrübədən istifadə olunaraq konkret layihələr təcrübəsinin geniş yayılmasına xüsusi diqqətin ayrılmasını da təklif edib.

BƏXTİYAR


Müəllif: