1 May 2014 00:01
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kooperasiya Universitetinin yataqxanasında yanğın baş verib.

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 30 ünvanında yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib. Yüzdən çox ailənin yaşadığı binanın elektrik naqillərində baş verən qisaqapanma güclü tüstülənməyə səbəb olub.

Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, alovun qarşısı alınıb və yanğının mənzillərə keçməsinə imkan verilməyib. Sakinlərin sözlərinə görə, yataqxana qəzalı vəziyyətdədir bu səbəbdən də binaya qaz verilmir. Sakinlər ev işlərində elektriklə işləyən qızdırıcılardan istifadə etmək məcburiyyətində qalırlar.

Bina sakini Mahir İmanov deyir ki, oturduğumuz yerdə yanıb. FHN gəldi, bu hal artıq 3-cü dəfədir ki, baş verir. Elektrik naqilləri yüklənir, ona görə olur.

Bina sakini Badam Əliyeva isə bildirib ki, uşaqlar boğulurdu, güclə çıxmışıq.

Az keçmədi ki, yataqxanadakı sakinlərin vəziyyətilə maraqlanmaq üçün əraziyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nərimanov rayonu üzrə sektor müdiri Məhəmmədhüseyn Dadaşov da gəldi. Sakinlərlə söhbət zamanı sektor müdiri binanadakı vəziyyətlə tanış olduğunu və yaxın vaxtlarda burada yaşayanların köçürüləcəyini bildirdi.

Məhəmmədhüseyn Dadaşov deyir ki, bu bina da siyahıya alınıb, yaxın vaxtlarda köçürüləcək. Təkcə aprel ayında Nərimanov rayonundan 3 binadan 1000 qaçqın ailəsi köçürülüb.

Baş verən hadisə nəticəsində yataqxanaya elektrik enerjisinin verilişi dayandırılıb. Sektor müdiri sakinlərə söz verdi ki, günün sonu təmir işləri yekunlaşacaq və binaya elektrik enerjisinin veriliş bərpa olunacaq. O ki, qaldı sakinlərin sosial problemlərinə, onlar yeni mənzillərə köçürülənə qədər bir qədər də səbr etməli olacaqlar.


Müəllif: Teleqraf.com