1 May 2014 10:34
1 251

Xəyanət dolu CV-nin ştrixləri

Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması faktı ilə bağlı ötən gün rəsmi məlumat yaydı.

Məlumatda qeyd olunurdu ki, aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyətində olublar. Sözügedən şəxslər həmin gün saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb. Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
L.Yunusun vəkili Xalid Bağırov isə bildirib ki, Leyla Yunusun xaricdə əmlakı əvvəlcə müəyyən olunsun, sonra həmin əmlaklar üzərinə həbs qoyulsun.

“Leyla Yunus kimi Antalyada və Almaniyada villalarım yoxdur”

L.Yunusla heç də sıcaq münasibətlərə malik olmayan həmkarı Novella Cəfəroğlu dəfələrlə onu Rusiyaya “işləməkdə” ittiham edirdi. N.Cəfəoğlu hələ Milli Şura yarananda iki hüquq müdafiəçisi arasında yaşanan gərginlik zamanı demişdi ki, L.Yunusun adına müxtəlif xarici ölkələrdə villalar var: “Mənim Leyla Yunus kimi Antalyada və Almaniyada villalarım yoxdur. Onun kimi Bakıda bir neçə evim də yoxdur. O,1992-1993-cü ildə Rusiyaya işləyib, indiyə qədər də Rusiyaya işləyir. Mən elə hüquq müdafiəçilərindən deyiləm. İki otaqlı mənzildə yaşayıram”. Sülh və Demokratiya İnstitutu kimin göstərişi ilə yaradıldı?

N.Cəfəroğlunun Leyla Yunus barədə dediklərini isə qəzetimizə məlumat verən mənbə təsdiqləyib. Onun sözlərinə görə, Leyla Yunus Sülh və Demokratiya İnstitunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı olan Nikolas Daniloff adlı şəxsin təlimatı ilə yaradıbmış. Nikolas Daniloff 1986-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA - Central Intelligence Agency) aidiyyatı olduğu üçün SSRİ-dən arzu olunmaz şəxs (“persona non-grata”) elan edilərək ölkədən çıxarılıb.

Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və qaynı Ramiz Yunusla birlikdə Moskvada yaşayan milliyətcə erməni, Rusiya dövlət strukturlarında Qafqaz problemləri ilə məşğul olan və analitik informasiya mərkəzində çalışan dayıları ilə mütəmadi əlaqə saxlayaraq ondan təlimatlar alıblar. Hətta Azərbaycandakı fəaliyyətlərini pərdələmək üçün Leyla Yunus Nikolas Daniloffun həyat yoldaşı olan Rut Daniloffla rəfiqəlik etməyə də başlayıb və keçirdiyi vaxtaşırı görüşlərini dostluq münasibətləri kimi təqdim edib.

Yunus öz saytında Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edirdi

İndiyədək Azərbaycan hökumətinə radikal mövqeyi ilə tanınan Leyla Yunusun adı əsasən ermənilərlə əməkdaşlıq kimi qalmaqallı hadisələrdə hallanıb. Ötən il Ermənistandakı “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən “İctimai dialoqlar” (www.publicdialogues.info ttp://www.publicdialogues.info/) saytı yaradıldı. Saytın ilk təqdimatı da İrəvanda keçirildi. Saytın istifadəyə verildiyi ilk günü Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyanla müsahibə yayımlandı. R.Ovannisyan Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edirdi və onun fikirləri olduğu kimi saytda yerləşdirildi. Saytın Bakıdakı təqdimatına isə Fransa və Almaniya səfirləri də qatılıb.

Niyə gecə ikən qaçış?

Əslində Leyla Yunusun saxlanılması bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmaqda şübhəli bilinərək barəsində 3 ay həbs qəti imkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovun həbsindən sonra gözlənilən idi. Çünki Leyla Yunus bu hadisədən sonra belə bir açıqlama verdi: “Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xəttilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir. Gəlib məni də həbs etsinlər”.

Amma deyəsən, Sülh və Demokratiya İnstitutunun direktoru buna hazır deyilmiş. Əks halda, o, gecə saatlarında əri Arif Yunusovla birlikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakıdan Dohaya uçmaq istəyərkən saxlanılmazdı. L.Yunusu müşayiət edənlər arasında Birləşmiş Ştatların və Fransanın ölkəmizdəki səfirliklərinin nümayəndələri də olub. Onun xüsusilə ifadə verməli olduğu halda buna gizli şəkildə cəhd etməsi də təsadüfi ola bilməzdi. Ona ölkəni tərk etmək istədiyi gün hüquq-mühafizə orqanları ifadə verəcəyi ilə bağlı müraciət ediblər. Buna razılaşsa da, həmin gün axşam Brüsseldə beynəlxalq tədbirdə iştirak adı ilə hava limanına gəlir. Onları hava limanına qədər diplomatlarla yanaşı Mehman Əliyev (“inqilab ixracatçısı” kimi ad çıxaran SOROS Fondunun Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri) müşayiət edib. Məlumata görə, bu ölkələrin səfirlikləri onlara birtərəfli bilet təşkil etməyi və maneəsiz getmələrini təmin edəcəklərinə söz veriblər. Həmin gün Parisə birbaşa reys olmadığı üçün cütlük Dohaya getmək qərarı alır. Ər-arvada 5 illik Fransada viza məsələsinin 2 saatın içində həll olunduğu deyilir.

Diplomatik qalmaqal yarana bilərdi...

“Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasına görə xarici ölkələrin diplomatik korpusları ölkələrin daxili işlərinə müdaxiləsi yolverilməzdir. Belə bir hal baş versə, beynəlxalq hüquqa görə, diplomatik korpusun ölkəni tərk etməsi tələb oluna bilər. Bununla da diplomatik qalmaqal baş verə bilərdi. Leyla Yunusgilə niyə məhz bu iki ölkənin dəstək verməsi təəccüb doğurur.

Nədən məhz Fransa?

Fransanın Azərbaycandakı səfirliyi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa 5 illik viza verdiyini təsdiqləyib. Amma vizanın növünə aydınlıq gətirməkdən imtina edən səfirlik vizanın hansı prosedurlarla verildiyini açıqlamayıb. Əslində Fransa və ABŞ erməni lobbisinin əsas iqamətgahı sayılır. Bundan başqa Fransada Leyla xanıma qarşı xüsusi simpatiya var. Ötən il mayın 22-də Fransanın Bakıdakı səfirliyində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Fəxri Legion Kavaleri Ordeni ilə təltif edilib. Təntənəli surətdə keçirilən tədbirdə Fransanın İnsan hüquqları və Xolokost faciəsi üzrə səfir Fransua Zimre də iştirak edib. Hüquq müdafiəçisinə mükafatı da məhs Zimre təqdim edib. Hüquq müdafiəçisi özü açıqlamasında qeyd edirdi ki, namizədliyi Azərbaycanda fəaliyyət göstərmiş Fransa diplomatları tərəfindən irəli sürülüb. Deməli, Leyla xanımın diplomatlarla olduqca sıx münasibətləri var və istəsə 2 saatın içində belə viza məsələsi həll oluna bilər.

L.Yunus kimlərin hüququnu qoruyurdu?

Bəs L.Yunus mükafata layiq görülməsi üçün kimlərin hüququnu qoruyub? O, ölkəmizdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən antiterror əməliyyatları zamanı həbs olunan İslam Partiyasının üzvlərini siyasi məhbus kimi qələmə verirdi. İranın ölkəmizdə dəstəklədiyi bu dini ekstremist təşkilatların həbs olunan üzvlərini “siyasi məhbus” hesab edən, Azərbaycan dövlətinin unitarlığına qarşı çıxan “Talişo-sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova “İsaxan Aşurov” adına mükafat verən də L.Yunusdur.

KƏMALƏ


Müəllif: