2 May 2014 22:08
1 196

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad edilməsi o qədər də təəccüblə qarşılanmadı. Bir neçə ay idi ki, onun adı "nurçuluq"da hallanırdı. Azərbaycanda “Gülən camaatı”na yaxın məmurlar sırasında yer alan İskəndərovun tərcümeyi-halına baxdıqda uğurlu təhsil karyerasına malik olduğunu, bu üzdən sıçrayışla yüksəldiyini sezməmək mümkün deyil. 1972-ci ildə Bakıda anadan olmuş, orta məktəbi qızıl medalla bitirən və Bakı Dövlət Universitetinin "Tarix" fakültəsini fərqlənmə diplomu ilə bitirən keçmiş komitə sədri ABŞ-ın Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə təhsilini davam etdirib.

AMEA, XİN, BMT, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunda işləmiş E.İskəndərov bir müddət İstanbulda işləyib.

2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

31 may 2012-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 23 aylıq fəaliiyəti dövründə komitə sədri ölkədəki dini icmalarla, xüsusilə də, Qafqaz Müsəlmanlar İdarəsi və onun sədri Allahşükür Paşazadə ilə normal münasibətlər qurmağa cəhd edib. "Nurçuluq"a xas əsas xüsusiyyətlərdən olan - özünü sakit, tolerant aparmaq, dövlət qurumları ilə, ictimai təşkilatlarla, media ilə normal münasibətlər qurmaq, müxalifətlə məsafə saxlamaq kimi nüansları E.İskəndərovun da fəaliyyətində müşahidə etmək mümkün idi. Elə son vaxtlar E.İkəndərovla bağlı yazıların əksəriyyəti onun "nurçularla" əlaqəsi mövzusunda idi.

Mətbuatda yazılanlara inansaq E.İskəndərov Fətullah Gülənin təsirinə 2000-ci ildə, Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyərkən düşüb. Onun Nyu-York və İstanbulda “Hizmət hərəkatı”nın əsas simaları ilə birgə fotoları da yayılıb. Keçmiş komitə sədrinin Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri, vəzifəsindən çıxarılan Elnur Aslanovla birlikdə ölkədə nurçu ədəbiyyatının populyarlaşması üçün konkret fəaliyyət planı işləyib hazırladığı da yayılan məlumatlar sırasındadır. Hər iki şəxslə birlikdə millət vəkili Ceyhun Osmanlının da adı hallanırdı.

Müşahidələr göstərir ki, həm E.Aslanovun, həm də E.İsgəndərovun vəzifələrindən azad olunmasının kökündə "etimad" və ya "etibar" məsələləri durub. Onlar prezidentin etmiadını doğrulda bilməyib, yaxud onlara mühüm dövlət postlarını etibar etmək olmaz. Sözsüz ki, bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar olub. Daxil olan siqnallar, aparılan təhlillər hər iki şəxsin hakim komanda ilə yollarının ayrılmasına səbəb olub. Baş verənləri hakimiyyətdə gənclərə qarşı basqı, təcrübəli məmurların yeni simalara qısqanması kimi qiymətləndirmək doğru olmazdı.

E.İsgəndərov və E.Aslanov barəsində yazılanları təkzib etməklə kifayətləndilər, amma əməllərində “hizmət hərəkatı” ilə yaxın olmadıqlarını sübut edə bilmədilər. Son təyinatılar, "vurulmalar" həmçinin göstərdi ki, hansısa dini təriqət, kökü şübhəli mərkəzlərə gedib çıxan qüvvələrin öz adamlarını Azərbaycanın hakim dairələrinə sırımaq kimi uzun müddətli cəhdləri boşa çıxdı. Azərbaycan dövləti üzərində uğursuz ekspriment aparmaq istəyənlər ölkədə sekulyar, elmi və məntiqi əsaslara söykənən idarəetmə sisteminun olduğunu bir daha gördülər.

Ayxan


Müəllif: