5 May 2014 14:05
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mayın 11-dən 16-na kimi ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək “Intel International Science and Engineering Fair 2014” beynəlxalq müsabiqəsinin finalçıları müəyyən edilib.

Teleqraf.com-un məlumatına görə, Beynəlxalq Intel ISEF müsabiqəsinin milli seçim mərhələsi iştirakçılara öz elmi işlərini və ixtiralarını təqdim etmək, istedadlı yaşıdları və həmfikirləri ilə tanış olmaq, yeni dostlar tapmaq və ölkənin elmi elitası ilə əlaqə qurmaq imkanı yaradır.

Intel ISEF müsabiqəsinin milli seçim mərhələsi 13-15 fevral 2014-ci il tarixlərində Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində orta ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri arasında keçirilib. 108 şagird 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və səhiyyə, ekologiya, maşınqayırma, kompüter elmləri) 65 tədqiqat layihəsini təqdim edib.

Bu il "Gələcəyin Alimləri" müsabiqəsi Intel korporasiyası, "Madad Azerbaijan", Təhsil Nazirliyi, Gənclər və Turizm Nazirliyi və Azərbaycanın Təhsil İşçilərinin Müstəqil Həmkarlar İttifaqının dəstəyi ilə keçirilib. Müsabiqəyə həmçinin Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti elmi dəstək veriblər.

"Gələcəyin Alimləri" müsabiqəsinin qalibi seçilərək Intel ISEF-də iştirak etmək hüququ qazanan məktəbliləri 16 saylı Texniki-humanitar Liseyin, Bakı Avropa Liseyinin , Gənc İstedadlar Liseyinin şagirdləridir.
Azərbaycan Intel ISEF müsabiqəsinə 2011-ci ildə qoşulub. "Gələcəyin Alimləri" milli müsabiqəsi ilk dəfə 2012-ci ildə keçirilib.

Intel International Science and Engineering Fair – hər il ABŞ-da Intel korporasiyasının təşəbbüsü ilə keçirilən məktəblilərin ümumdünya elmi və mühəndis nailiyyətləri üzrə müsabiqədir. Müsabiqə sadəcə gənc alimlərin müəyyən edilməsinə və dəstəklənilməsinə deyil, həmçinin tətbiqi və fundamental elmlər, habelə, texniki yaradıcılıq sahəsində tədqiqatların inkişaf etdirilməsinə yönəlib.


Müəllif: Teleqraf.com