8 May 2014 16:40
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində cari ilin birinci rübü ərzində respublikada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə qeyd edib ki, 2014-cü ilin I rübü ərzində Xidmətə 1385 sənəd daxil olub, həmin sənədlərdən 885 ədədi ərizə 500 ədədi məktub xarakterli olub.

Cari ilin I rübü ərzində Xidmət tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 3277 fakt aşkar edilib. Həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin I rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ isə 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artdığı vurğulanıb.

Əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi sahəsində işəgötürənlərdə məsuliyyət hissinin artırılmasının əsas məqsədlərdən olduğunu qeyd edən F.Əlizadə qeyri-leqal məşğulluq hallarına qarşı tədbirlərdən də söz açıb: “Qeyd olunan müddətdə ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub, əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb. Cari ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153 952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143 796 manatını əmək haqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Xidmət rəisi əmək hüquqlarının təminatı sahəsində aparılan islahatlardan söz açaraq, Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sisteminin cari il iyulun 1-dən tətbiq olunacağını bildirib.

Müşavirədə 4 region rəisinə işlərində yol verdikləri nöqsanlara görə intizam tənbehi verilıb.

İclasda cari ilin yanvar-mart aylarında görülmüş bütün işlərin nəticələri təhlil olunub, həmçinin qarşıda duran vəzifələr müzakirə edilib./modern.az/


Müəllif: