8 May 2014 17:12
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi təəssüf ki, hələ də özünü doğrultmayıb. Bu sistemi yenidən təşkil edib ayağa qaldırmaq lazımdır. Bunu isə yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bacarar. Çünki bu onların işidir”.

Bu sözləri “Axar.az”a nəqliyyat eksperti Məzahir Rüstəmov Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Nəqliyyat Nazirliyindən alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nəzdinə veriləcəyi barədə xəbərlərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, NİİM yarandığı ilk gündən Nəqliyyat Nazirliyinə verilməsi səhv və yanlış addım idi: “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə Nəqliyyat Nazirliyi deyil, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzarət etməlidir, çünki bu sahənin mütəxəsisləri də ordadır, o nazirliyin kurasiyasıdır. Mərkəzin bu günə qədər nəqliyyatda heç bir dəyişikliyə nail ola bilməməsinin səbəbi də budur. Nəqliyyatın intellektual idarəsi sırf rabitə və texnologiya, ötürülmə, texniki məsələlərlə əlaqədardır. Burada əsas məqsəd operativliyi təmin etməkdir”.

NİİM rəhbəri olmuş Elnur Baimov Teleqraf.com-a açıqlamasında qurumun Nəqliyyat Nazirliyindən alınaraq RYTN-ə verilməsi təklifinə münasibəti mənfi oldu: "Bu, çox absurd təklifdir. Hesab edirəm ki, mərkəz öz işini yüksək səviyyədə görür. Ümumiyyətlə, mən bu təklifi şərh etmək istəmirəm. Yaxşı olardı ki, məsələ ilə bağlı NİİM-in hazırkı rəhbərliyindən münasibət öyrənəsiz".

Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və “Avto FM” radiosunun Nəqliyyat Nazirliyindən alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə veriləcəyi barədə xəbər yayılıb.

Ruslan


Müəllif: