10 May 2014 09:45
509

Mayın 9-da Ankarada yerləşən möhtəşəm Heydər Əliyev Parkında Ümummilli Liderimizin anadan olmasının 91-ci ildönümü münasibətilə böyük bir xatirə tədbiri, şənlik və ağacəkmə aksiyası həyata keçirilmişdir.

Tədbirdə Səfirliyimizin əməkdaşları, Türkiyənin millət vəkilləri, ARDNŞ-ın Türkiyə nümayəndəsi Kənan Məmmədov, Türkiyə Respublikası Meşə və Su Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli rəsmisi İsmail Belen, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, Ankara şəhər təhsil şöbəsinin müdiri Erol Bozkurt, çox sayda ictimai xadim, Ankara ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak etmişlər.

İlk olaraq, Səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin heykəli önünə çiçəklər qoymuş və onun mənəvi hüzuru önündə baş əymişlər.

Daha sonra tədbir, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnlərinin səsləndirilməsi ilə başlamışdır. Ardından, Səfir Faiq Bağırov, iqtidar partiyası AKP-dən olan millət vəkili Adnan Yılmaz, ARDNŞ-ın Türkiyə nümayəndəsi Kənan Məmmədov, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengezer, tələbə və müdavimlərimizin təmsilçiləri, həmyerlimiz Prof. Dr. Əflatun Nemətzadə Ulu Öndərimizlə bağlı xoş fikirlərini həyata keçirdikləri çıxışlarında dilə gətirmişlər.

Səfir Faiq Bağırov öz çıxışında, Ulu Öndərimizin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən və iki qardaş ölkə əlaqələrinin inkişafındakı müstəsna rolu ilə bağlı geniş şəkildə əsaslı fikirlər səsləndirmişdir.

Çıxışlardan sonra, Ulu Öndərimizin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şer müsabiqəsinin qaliblərinə Səfir Faiq Bağırov və millət vəkili Adnan Yılmaz tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Ardından Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə gözəl rəqslər nümayiş etdirmişlər. Şənlikdən sonra Heydər Əliyev Parkında Ümummilli Liderimizin anadan olmasının 91-ci ildönümü münasibətilə 91 ağac əkilmişdir.

Bildirmək istərdik ki, Türkiyənin Ceyhan, Qaziantep və Kahraman Maraş şəhərlərində də Səfirliyimiz Ulu Öndərimizin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər həyata keçirmişdir. Belə ki, Ceyhan və Qaziantep şəhərlərində yerləşən Heydər Əliyev məktəblərində şer, rəsm və inşa müsabiqələrinin qaliblərinə hədiyyələr təqdim olunmuş, sözügedən məktəblərdə də konsertlər təşkil olunmuşdur. Ayrıca Qaziantep Universitetində və Kahraman Maraş şəhərində yerləşən Sütcü İmam Universitetində Ümummilli Liderimizin anadan olmasının 91-ci ildönümü münasibətilə konfranslar və inşa müsabiqələri təşkil olunmuşdur. Qeyd olunan tədbirlərdə Səfirliyimizin Təhsil Müşviri Nəcibə Nəsibova iştirak edərək Ulu Öndərimizlə bağlı geniş çıxışlar həyata keçirmişdir.


Müəllif: