12 May 2014 15:37
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Azərbaycan Kitabxanaçılarının Ümumrespublika Konfransında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev dövlət büdcəsindən maliyyələşən bəzi kitabxanaların bağlanması zərurətindən danışıb: “Mən nazir ola-ola mənim saytıma ancaq Milli Kitabxanaya yeni nəşrlərin gəlməsi barədə məlumat daxil olur, başqa heç bir kitabxanaya yeni nəşrin gəlməsi barədə məlumat daxil olmur”.

Mədəniyyət Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədovanın Teleqraf.com-a bildirdiyinə görə, Maliyyə Nazirliyinin apardığı monitorinqin nəticələrinə əsasən nazir belə bir fikir bildirib. Amma nazirin bəzi fikirləri təhrif olunub: “Maliyyə Nazirliyi təkcə kitabxanalarda yox, mədəniyyət evləri, klubların da işini yoxlayıb. Doğrudur, nazirimiz də çox əsəbiləşmişdi ki, nazirliyin yerlərdəki əməkdaşlarının səhlənkarlığı üzündən Maliyyə Nazirliyi belə nəticəyə gəlib.

Təbii ki, kitabxanaya dair müşavirə olduğu üçün nazir yalnız kitabxanaların nöqsanlarından danışdı. Amma nazir yalnız Milli Kitabxanalarının fəaliyyətini dəyərləndirmədi. Elə kitabxanalar var ki, elektron fəaliyyəti Milli Kitabxanadan da irəlidədir”.

Sektor müdiri deyib ki, Maliyyə Nazirliyinin əməkdaşları bu yoxlamalarda bir qədər qeyri-obyektivliyə, hətta qərəzə yol verib: “Yerlərdən bizə məlumatlar çatır ki, Maliyyə Nazirliyinin əməkdaşları bir kitabxanada bir neçə dəfə araşdırma aparıblar. Bu məsələ ilə bağlı Maliyyə Nazirliyinin rəqəmlərini analiz etmişəm, təxminən 80 faizə yaxın kitabxana bağlanmalıdır. Səbəblər isə məntiqə sığmır”.

Lətifə Məmmədova hesab edir ki, belə bir addımın atılması Azərbaycanda kütləvi savadsızlığa gətirib çıxara bilər: “Elə kəndlər var ki, heç orda məktəb də yoxdur. Orda sosial-mədəni obyekt kimi bir kitabxana fəaliyyət göstərir. Bu kitabxana pis işləyirsə, ora oxucu gəlmirsə, şəraitsizdrisə, məgər bağlanmalıdır?! Gəlin elə edək ki, belə kitabxanalarda nəzarəti gücləndirəcək”.

Azərbaycanda ümumilikdə 3500-ə yaxın kitabxana var. 5-6 il öncə isə 4500 kitabxana fəaliyyət göstərib. Bu kitabxanaların bir qədəri birləşdirldiyi üçün sayı azalıb.

SEVİL


Müəllif: