12 May 2014 16:09
2 002

İki xalq artisti – İlhamə Quliyeva ilə Məleykə Əsədova arasında qalmaqal yenidən alovlanıb.

Teleqraf.com xəbər verir ki, buna aktrisa Məleykə Əsədovanın yaradıcılığının 25 illiyinə həsr olunan “Səhnəmizin kraliçası” adlı sənədli film səbəb olub.

Belə ki, filmə verilən ad İlhamə Quliyevanı özündən çıxarıb. Bununla barışmayan xalq aristi “Şoubiz” verilişi vasitəsilə məsələyə sərt münasibətini bildirib:

“Mən belə şeylərə baxıram, gülüb dincəlirəm. “Primadonna”, “kraliça” adları mənim adımla bağlıdır. Səkkiz tacım var. Onların hamısını, öz zəhmətimlə, layiqli yerlərdən almışam. Azərbaycan mədəniyyətinin bir kraliçası var, o da mənəm! Bəzi müğənni və aktrisalar özlərini "kraliça" adlandırırlar. Əzizlərim, “halva-halva” deməklə, ağız şirin olmur. Teatr sənətimizdə kraliçalar olub. Hökumə Qurbanova, Nəsibə Zeynalova. Bu gün də teatrda kraliça Bəsti Cəfərovadır. Bu adı özünə qoyan bilir ki, mənim sözlərim onadır. Hər kəs öz yerini bilməlidir. Siz bilirsiniz ki, mən kimdən danışıram. Özlərinə film çəkdirib, adını “Səhnəmizin kraliçası” qoyublar. Ayıbdır… Bunlar necə də utanmırlar. Özlərinə belə ad qoyurlar. Bir daha deyirəm, “primadonna”, “kraliça” adları mənə məxsusdur. Bu adları Amerikada, Türkiyədə rəsmi almışam”.

Məleykə Əsəsdova da susmayıb. O, səhnəyə və sənətə dedi-qodu və qalmaqallarla gəlmədiyini deyib:
“Viktor Hüqonun “Mariya Tüdor” əsərinin motivləri əsasında “Qadın sevgisi” tamaşasında baş rolu oynamışam. 25 ildir ki, səhnədəyəm. Bu illər ərzində şöhrətimi qoruyub saxlamışam. Bu gün Akademik Milli Dram Teatrıın səhnəsində kraliçayam. Səhnənin kraliçasıyam! Kraliçalıq ruhu gərək insanın daxilində olsun. Mən Məleykə adımla fəxr edirəm. Həyatda Məleykə, Akademik Milli Dram Teatrının səhnəsində Mariya Tüdoram. Mənə atmaca atanlara isə cansağlığı arzu edirəm”.

Xatırladaq ki, İ.Quliyeva ilə M.Əsəsdova arasında qalmaqal bir neçə ildir davam etməkdədir. Belə ki, İ.Quliyeva Rəqsanə ilə Məleykə Əsədovaya onun mahnılarını oxumağı qadağan etmişdi. Bildirmişdi ki, əgər onlardan hər hansı biri onun repertuarına müraciət etsə, məhkəməyə veriləcəklər:

“Mən Məleykəyə də, Rəqsanəyə də rəsmi qadağa qoyuram. Əgər hansısa telekanalda eşitsəm ki, onlar mənim repertuarımdan oxuyurlar, məhkəməyə müraciət edəcəyəm. Məsələ də mənim xeyrimə həll olunacaq”.

M.Əsədova məsələ ilə bağlı kəskin münasibət bildirmişdi. İ.Quliyevanın ona hələ 2003-cü ildə mahnısını ifa etməyə icazə verdiyini demişdi:

“İlhamə xanıma nə oldu ki, 10 il ərzində susdu, indi danışmaq qərarına gəldi? Əgər belədirsə, mən bundan sonra onun mahnılarını oxumaram”.

Aytən Həsənova


Müəllif: