14 May 2014 12:10
506

Jurnalist Fərahim İlqaroğlu Daxili İşlər Nazirliyinə çağırılıb.

Bu barədə “Axar.az”a jurnalistin özü məlumat verib. O, vəkili ilə bərabər DİN-ə çağırıldığını bildirib: “Məni bu gün Daxili İşlər Nazirliyinə çağırıblar. Günorta saatlarında vəkilim Elçin Sadıqovla ora yollanacağıq. Bizi bura çağıran isə mənim işimi aparan müstəntiq Mikayıl Qüdrətovdur. Çox güman ki, burada ifadəm alınacaq”.

Qeyd edək ki, Fərahim İlqaroğlu bir müddət öncə evinin qarşısında hücuma məruz qalmışdı. Daha sonra onu döyən şəxsin kimliyi müəyyənləşdirilmişdi. Həmin şəxsin Tural Bayramov olduğu bildirilmişdi. Mətbuat Tural Bayramova sifarişin Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov tərəfindən verildiyi deyilmişdi.

Onu da xatırladaq ki, bu gün mətbuat Tural Bayramovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını iddia edib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bu istintaqın sonunda Aynar Məmmədovun da həbs olunacağını demişdi.


Müəllif: