11 Fevral 2015 14:23
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2014-cü ildə orta məktəbi "5" qiyməti ilə bitirən məzunların yalnız 42,46 faizi attestat qiymətlərini doğrulda bilib. Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün “Abituriyent-12” jurnalının təqdimat mərasimində çıxış edərkən deyib.

Yüksək qiymətlər nisbətən şişirdilib

Məleykə Abbaszadənin fikrincə, məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olsa da, yüksək qiymətlər nisbətən şişirdilib: “Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.

64,7 faiz abituriyent “2” alıb

TQDK rəsmisi deyib ki, 2014-cü ildə abituriyentlərin 64,7 faizi imtahandan "2", 13,6%-i "3", 15,7%-i "4", 6%-i isə "5" qiymət alıb. 2013-cü ildə bu göstəricilər uyğun olaraq 65%, 13,8%, 15,7%, 5,6% olub: “Göründüyü kimi, bu il "2" və "3" qiyməti alanların faizi nisbətən azalıb, "5" qiyməti alanların faizi artıb, "4" qiyməti alanların faizi isə dəyişməyıb. Qəbul olanların 29,9%-ni "3", 40,2%-ni "4", 15,5%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 27,7%, 41,3%, 14,8% olub”.

Sədr bildirib ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-inı Kəngərli, Sədərək və Babək rayonlarının 2014-cü ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən az olub.

SEVİL


Müəllif: