12 Fevral 2015 12:17
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Kollegiyasının 14 yanvar 2015-ci il tarixli qərarlarına əsasən bu ildən ixtisas qruplarının sayı dörddən beşə artırılıb.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla).

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verir və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.

Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Yeni dəyişikliklərə əsasən, bu ildən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfin¬dən mərkəzləşdirilmiş qaydada keçirilir.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.2.1. abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;
5.2.2. təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
5.2.3. riyaziyyat fənni üzrə balın miqdarı
5.2.4. ana dili fənni üzrə balın miqdarı
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.2-1.1. təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası
5.2-1.2. riyaziyyat fənni üzrə balın miqdarı
5.2-1.3. ana dili fənni üzrə balın miqdarı

Bundan əlavə yeni dəyişikliklərə əsasən əvvəllər IV ixtisas qrupuna daxil olan torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və meşəçilik ixtisasları I ixtisas qrupuna aid ediliblər, əvvəllər I ixtisas qrupuna daxil olan geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı və nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları II ixtisas qrupuna aid ediliblər.

Sevil Hilalqızı


Müəllif: