24 Fevral 2015 10:42
4 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir çox millətləri və xalqları öz imanlarına və inamlarına görə xristian dininə ibadət edirlər. Bu xalqlar dil müxtəlifliyinə baxmayaraq, inanclarına və etiqadlarına görə bir ümumi mənəvi xristian dünyasında birləşərək, bu dünyanın təməlini möhkəmləndirirlər. Onlar xristian dininə məxsus rəmzlər və simvollar qəbul etmişdilər ki, onlardan ən populyar olanı xaçdır.

Xaç rəmzləri öz quruluşuna və bədii həllinə görə zaman-zaman dəyişmiş, müxtəlif tayfalara və xalqlara məxsus atributlarla bəzədilmişdir. Xaç rəmzləri dini simvol olaraq heç bir xalqa və ya milliyətə aid edilməmişdir. Maraqlıdır ki, dünyada heç bir xristian ölkəsi bu xaç rəmzini milliləşdirməmiş, mənimsəməmiş, özününküləşdirməyə cəhd etməmişdir. Dünyanın heç bir xristian ölkəsində belə bir termin olmayıb ki, misal üçün, ingilis xaçı, fransız xaçı və ya alman xaçı deyilsin və s.

Lakin tarixdə heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayan ermənilər XVIII əsrin sonlarından rusların dəstəyi ilə Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra xristian dininin xaç rəmzlərini və digər milli mədəni dəyərləri mənimsəməyə başladılar. Onlar 1836-cı ildən Cənubi Qafqazda Alban kilsələrinə sahib olduqdan sonra isə erməni xaç rəmzləri barədə əfsanələr uyduraraq xaçın ermənilər tərəfindən yaradıldığı barədə geniş təbliğat işləri aparmağa başladılar. Əslində isə xaç rəmzlərinin yaranması xristianlıqdan çox-çox əvvəlki illərə təsadüf edir.

Xaç rəmzlərinin ilk təzahürlərinin meydana gəlməsi, ibtidai icma dövründən başlanır desək yanılmarıq. İnsanlar, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən günəşə böyük möcüzə kimi baxırdıqları dövrdə indiki xaç rəmzlərinin meydana gəlməsi zərurətdən yaranan bir hadisə idi. Beləki ibtidai insanların həyatında soyuqlu və yağmurlu günlər uzandıqca onların qida əldə etmək, qızınmaq üçün günəşi görmək istəyi insanları məcbur edirdi ki günəşin obrazını daş, qaya üzərində həkk edərək onun gəlməsini “tezləşdirsinlər”. O zaman hələ dinlərin mövcud olmadığı bir dövrdə, insanlar özlərinin etiqadlarını, hiss və həyəcanlarını bu cür ifadə etməyə çalışırdılar. Xaçların yaranması qədim əsatirlərdə göstərildiyi kimi, insanların günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar, odu da günəşin yerdəki simvolu kimi qəbul edərək ona sitayiş edirdilər. Beləliklə xaçların yaranma tarixinin atəşpərəstliklə bağlılığının iddia edilməsi heç də əsassız görünmür.

İbtidai insanların təfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağaca bağlayıb hündürlüyə (göylərə) qaldırmaqla, mifik təfəkkürdə yerdə doğulan günəşi yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur. Oda, günəşə etiqad və məhəbbət o qədər müqəddəs və güclü olmuşdur ki, od və günəşin adları insanların yaddaşında and yeri qalmışdı. Atəşpərəstliyin bir çox nüansları yəni inam və etiqad insanların təfəkküründə yaşayaraq, qədim əsrlərdən dövrümüzə qədər gəlib çatmışdır. İndinin özündə belə Azərbaycanın regionlarında “o günəş haqqı”, “o ocaq haqqı”, “o günəşin şölələri haqqı”. “o isti zindan haqqı” kimi ifadələrin işlədilməsi, oda, ocağa insanların inam yeri hətta and kimi işlədilir. İnsanların bu inam və etiqadların nəticəsi idi ki, xristianlığı qəbul etmiş hər bir xalq özlərinə məxsus bir çox bədii ornament və elementləri xaç rəmzlərinin üzərində həkk edirdilər. Bu baxımdan Alban dövrü xaç rəmzləri öz orjinallığı və bədii tərtibatı ilə digər xaçlardan fərqlənirdi.

Araşdırmalar göstərir ki, Cənubi Qafqazda Alban dövrü xaç rəmzlərinin yaranmasında və bədii nümunələrlə zənginləşdirilməsində qədim türk tayfalarının böyük rolu olmuşdur. Qədim dövrlərin nəinki xaç rəsmləri üzərində, ümumiyyətlə xristianlığa qədərki dövrün bütün memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də sujet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi onu göstərir ki, o dövrdə yerli xalqlar içərisində türkdilli tayfalar çoxluq təşkil ediblər. Məz bunun nəticəsidir ki, İslam dini qəbul edildikdən sonra da müsəlman qəbir daşlarında bu cür elementlər və simvollar əks edilirdi. Türkləri özlərinin əzəli və əbədi düşmənləri elan edən ermənilər, bu dövr xaç rəmzlərinin özəlliyini sarsıtmaq üçün Alban dövrü xaç rəmzlərinin ya tamamilə məhv edilməsi, ya da formalarının dəyişdirilməsi üçün çoxsaylı layihələr həyata keçirirlər.

Təsadüfi deyildir ki, Cənubi Qafqazda əsrlərlə qarşılıqlı hörmət və məhəbbətlə dinc yanaşı yaşayan alban və türk xalqları öz bədii yaradıcıqlarında da biri-digərinin mədəni irsinə müraciət etmələri bu xalqların birinin digərinə böyük ehtiramından irəli gəlirdi. Odur ki, bəzən elmi ədəbiyyatlarda Qafqaz Albaniyası dövrü memarlıq abidələrini alban–türk memarlıq abidələri kimi də qeyd olunması heç də təsadüfdən irəli gəlmir. Bütün bunlar Azərbaycanda multikulturalizm ənənələrinin çox qədim dövrlərdən bərqərar olduğunu sübut edir.

Xaç rəmzlərinin öyrənilməsi baxımdan Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə daha çox bağlıdır və ağacın xaçın təsvirinə daha yaxındır. Xaç obrazı, Alban xaç daşlarında sanki müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkədə dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. Bu keyfiyyətlərinə görə Alban dövrü xaç rəmzləri digər xaçlardan kəskin şəkildə fərqlənir. Hazırda Azərbaycanın işğal altındakı ərazilərdəki xaç rəmzlərinin üzərindən ermənilər tərəfindən bəzi simvolların və elementlərin silinməsi bu dövr xaçların korlanaraq sıradan çıxmasına səbəb olur. Ermənilər eyni zamanda bir çox dəyərli elementlərin daş, divar və digər kitabələrdən silərək digər yad elementlərlə əvəzləməklə Alban mədəniyyətini mənimsəməyə çalışırlar. Bu fəaliyyətdən ermənilərin məqsədi:

1. Alban mədəniyyətinin erməniləşdirilməsi;
2. İşğal altıda saxladıqları Azərbaycan torpaqlarının ermənilərə aid olması barədə süni dəlillər yaradaraq bu torpaqlara sahib çıxaraq özlərinə ikinci erməni dövləti yaratmaq olmuşdur.

Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, yəni özünəməxsus yolla getmişdir. Burada söhbət eyni zamanda xristianlığa qədər mövcud olmuş dini – ayinlərin simvolikası əks olunan və müsəlman qəbirlərinin müqayisəsi və Qafqaz Albaniyasının yazılı daşlarından gedir. Bütün Alban yazılı daşların üzərindəki xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini–bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki sonralar üç din altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarının və nişandaşlarının) bax bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.

Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanaraq onu mənimsəməyə və min illik tarixi olan bir dövlətin varlığını inkar etməyə başladılar. Ermənilər Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan dərhal sonra öz mədəniyyətlərinin, dini rəmzlərinin xüsusilədə xaçlarının təkmilləşdirilməsi və kütləvi istehsalı ilə məşğul olmağa başladılar. Bununla da erməni “xaçkarları” meydana gəlməyə başladı. Əslində heç erməni dilinə aidiyyatı olmayan xaçkar sözü fars mənşəli olan bu söz, fars dilindən erməni dilinə keçmişdir. Söz fars dilində «iş, zəhmət» mənasını verir.

Ermənilər Azərbaycan ərazilərinin erməniləşdirilməsində xaç daşlarından daha geniş istifadə edirlər. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının kütləvi istehsalı ilə məşğul olmaları, Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşlarının yeniləşdirilməsi ilə bərabər eyni zamanda, son zamanlar Alban xaçdaşlarının bədii nümunələrindən və ornamentlərindən də istifadə edərək xaçdaşları istehsal edirlər. Bu yolla ermənilər, çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlarda və eləcə də müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirirlər.

Burada qeyd etmək yerinə düşərdi ki, klassik erməni xaç daşları, erməni dini simvolları və rəmzləri xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni – qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni – qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar sadəcə kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.

Bununla belə ermənilər Cənubi Qafqazda öz varlıqlarını yetərincə sübut etmək və yüksək erməni mədəniyyətinin mövcudluğuna insanları inandırmaq üçün, özlərinin nəzarətində olan ərazilərdə müxtəlif dövrlərə məxsus dekorativ sənət nümunələrinin eləcə də daş, divar yazıları üzərində forma və məzmun dəyişiklikləri edir, bu abidələrin ermənilər tərəfindən yaradıldığı və ya inşa edildiyi barədə saxta dəlillər yaradaraq bunları erməni mədəniyyətinin nümunələri kimi təqdim edirlər. Bundan sonrakı mərhələdə isə ermənilər geniş təbliğat kampaniyasına başlayır, öz təbliğat işlərində bu abidələrdən maddi sübut kimi istifadə edirlər. İşğal edilmiş ərazilərdə bu cür mənimsənilməyə daha çox xristianlığa qədər olan dövr Azərbaycan abidələri olan Alban xristianlıq dövrü abidələri məruz qalmışdır. Bu isə Cənubi Qafqazda qədim Alban mədəniyyətinin tamamilə məhv edilmək təhlükəsini artırır. Çox təhlükəli bir məqam da ondan ibarətdir ki, son dövrlər erməni mətbuatı Cənubi Qafqazdakı Alban dövlətini və Alban mədəniyyətinin varlığını tamamilə inkar edərək, bir zamanlar bu ərazilərdə Alban dövləti deyil, qədim bir erməni dövlətinin mövcudluğunu iddia edirlər. Bununlada ermənilər Cənubi Qafqazda min illik tarixi olan Alban dövlətinin mövcudluğunun üstündən birdəfəlik xətt çəkərək, qədim Alban mədəniyyətinə sahib çıxmaqla özlərinin təcəvüzkar bir millət olduqlarını bir daha göstərmiş olurlar.

Alban dövrünün ən mürəkkəb quruluşlu tikililəri isə monastrlar hesab olunurlar. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız Alban dövrü memarlıq abidələrinə məxsusdur. Çünki Alban dövrü memarlıq abidələri üzərindəki elementlər bu dövr abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir. Bu ərazilərdə geniş sahəli, mürəkkəb formaya malik, müasir dövrümüzə qədər daha yaxşı formada gəlib çıxan bazillikaların tikilməsi VI – VIII əsrlərə təsadüf edir. Bazillikaların geniş zalı, sıra sütunları ilə bir neçə nefə (hissəyə) bölünürdü. Ümumi ansambla uyğun olaraq hər nefin şərqində yarımkümbəz formalı çıxıntılar düzəldilirdi. Oradakı iri çıxıntı mehrab rolunu oynayırdı. Bazillikaların üst örtüyü də digər tikintilərdən fərqlənirdi. Belə ki, onların orta hissəsinin kümbəzləri çıxıntı ilə tamamlanırdı. Bir qayda olaraq bazillikaların qərb tərəfində, binanın tavanında xüsusi sütunlar üzərində zəng asmaq üçün yer qurulurdu. Məlumdur ki, ermənilər xristian amilindən istifadə edərək, bu ərazilərdəki abidələri erməniləşdirməklə bu tipli abidələrə sahib çıxmaq istəyirlər. Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə, nə də erməni əxlaqına uyğun gəlmir.

Beləki, Azərbaycan ərazilərindəki Alban xristian abidələrinin tarixi – arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Alban dövrünün xristianlıqla əlaqədar maddi mədəniyyət nümunələrini, memarlıq abidələrini, nişandaşlarını, qəbirüstü abidələri, kilsə avadanlığını, epiqrafik abidələri və s. bu kimi müxtəlif qruplara bölünərək yaşayır və bunun tədqiqatçılar tərəfindən erməni qriqoryan dininə heç bir aidiyyatı olmadığı bildirilir.

Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” adlı 3314 (XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərilir ki, “təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur.

Faiq İsmayılov,
Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü


Müəllif: