24 Fevral 2015 17:50
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəyənmirsiz, gedib Sovet İttifaqında yaşayın”

“Azərbaycan alimlərinin sayına görə Ermənistandan çox geri qalır”.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsi Milli Təhlükəsizlik Konsepsiyası qədər əhəmiyyətli sənəddir: “Ona görə də biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının statusu haqqında məsələnin müzakirəsinin üzərində çox qalmağa ehtiyac yoxdur. Dünyada bunun çox təcrübəsi var”.

“5 min magistrdən cəmi 2500-ü oğlanlardır”

Z.Oruc deyib ki, Azərbaycanda alimlərin orta yaş həddi 58-60 arasında dəyişir: “Bununla da alimlərimiz yaşlanır, ancaq onları əvəz edəcək kimsə qalmır. Azərbaycan Cənubi Qafqazda bütün paremetrlərinə görə, lider dövlətdir. Amma acı da olsa, bunu etiraf etməliyik, Azərbaycan bir məsələdə Ermənistandan geri qalır. Bu da alimlərin sayındadır. Azərbaycanda hər 100 min nəfərə düşən alimlərin sayı 1 faiz, Ermənistanda isə hər 100 min nəfərə görə 3,6 faiz təşkil edir”.

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə toxunan Z.Oruc qeyd edib ki, Azərbaycanda 5 min magistrdən cəmi 2500-nü oğlanlar təşkil edir.

Spiker Oqtay Əsədov isə Zahid Oruca cavab verərək bildirib ki, burada gender ayrı-seçkiliyi ilə müqayisə aparmaq doğru deyil: “Ermənistanı onun öz əhalisi qədər qoruyan xarici ölkə ordularının hərbçiləri var. Amma Azərbaycanı qoruyan bir nəfər belə xarici hərbçi yoxdur”.

“Sovet İttifaqı dağıldı, Azərbaycan elmi axsadı”

AVP sədri, deputat Fəzail Ağamalı deyib ki, “Elm haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirə olunması tarixi hadisədir: “Əminəm ki, bütün millət vəkillərinin dəstəyi ilə bu qanun layihəsi birinci oxunuşda qəbul olunacaq. Bu qanunun elminin inkişafına müsbət təsiri olacaq. Nəhayət ki, Azərbaycan elmi ölüm nöqtəsindən çıxaraq, inkişafa qədəm qoyacaq. Keçmiş Sovet İttifaqı dağılandan sonra Azərbaycan elmi də inkişaf yolunda axsadı. Elmdə yaranan problemləri təkcə Elmlər Akademiyasının üzərinə yıxmaq olmaz. Akif Əlizadəni AMEA-nın rəhbərliyinə gətirmək çox ciddi addımdır. İndi Akif müəllimin üzərində çox ağır yük var. Əminəm ki, o, bu yükün altından çox uğurla çıxacaq”. F.Ağamalı deyib ki, Azərbaycan elmi inkişaf etdirmək çox vacibdir: “Bu gün ABŞ-ın gücü onun elmindədir. Azərbaycan da öz alimlərini inkişaf etdirməlidir, gənc alimlər pul qazanmaq üçün başqa peşələrin dalınca qaçmamalıdır”.


“Bəyənmirsiz, gedib Sovet İttifaqında yaşayın”

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deputat Fəzail Ağamalıya irad tutub: “Fəzail müəllim, deyirsiniz ki, bu qanun qəbul olunandan sonra Azərbaycan elmi öz ölü nöqtəsindən tərpənəcək. Bu, çox ciddi ittihamdır. Doğrudur, Sovet İttifaqı dağılandan sonra Azərbaycan elmi əvvəlki kimi inkişaf etməyib, amma bu o demək deyil ki, indi Azərbaycan elmi inkişaf etmir? Əgər Azərbaycanda elm inkişaf etmirsə, o zaman siz hansı diplomu almısınız? Buranı bəyənmirsinizsə, o zaman gedib Sovet İttifaqında yaşayın”.

YAP-çı deputat S.Novruzov isə deputat həmkarı Zahid Oruca cavab olaraq bildirib ki, orduya təkcə savadsız adamlar getməli deyil, eyni zamanda savadlı adamlar da getməlidir: “Bu gün ABŞ ordusu öz elmi ilə də inkişaf edir. Bu gün Azərbaycanda gənc alimlər gedib orduda öz elmlərini daha da təkmilləşdirə bilərlər. Bu da Azərbaycan ordusuna böyük fayda olar”.

S.Novruzov AMEA-nın prezidenti Akif Əlizadənin fəaliyyətinə də toxunub: “Əvvəllər AMEA ya yubileylər, ya da dəfn mərasimləri üçün yarayırdı. İndi Akif müəllimin rəhbərliyi altında AMEA inkişaf edir. Yeni-yeni nailiyyətlər əldə olunur”.

Nemət


Müəllif: