4 Mart 2015 14:13
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, növbəti belə fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Kamaz” markalı, 35BF757 dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq müşaiyət altında “İpək Yolu” gömrük terminalına gətirilib və nəqliyyat vasitəsində olan mallara baxış keçirilib.

Baxış zamanı avtomaşının içərisindən heç bir yük müşaiyət sənədi olmayan 115120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8372 ədəd fişəng aşkar edilərək götürülüb.

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən isə respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaretlər aşkar olunub.

Azərbaycan Respublikasının vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi “Mercedes Benz E 200” markalı, “99-GX-179” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif: