4 Mart 2015 17:35
456

“Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Avropa Olimpiya Təşkilatı öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq: “Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. “Amnesty İnternational” təşkilatının I Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-lərdə sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”.

PA rəsmisinin sözlərinə görə, təsadüfi deyil ki, “Azadlıq” radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar: “Halbuki, həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də də rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil.

Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və neçə ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”.

Səxavət


Müəllif: