11 Mart 2015 10:38
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin payızında Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Ötən seçki illərində ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz fəallığı ilə seçilib. Bu QHT-lərdən bir qismi əhalinin maarifləndirilməsinə yönəlik addımlar atıbsa, müəyyən hissəsi də müşahidəçilərin hazırlanmasına və exit-poll tədqiqatı keçirilməsi ilə bağlı işlər görüb.

Bəs, görəsən, bu il QHT-lər seçkilərlə bağlı nə kimi işlər görəcək?

"Xaricdən gələn bəzi sifarişlər əsasında hesabatlar hazırlanıb"

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, rəhbərlik etdiyi təşkilat parlament seçkilərində müşahidəçilik missiyası həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, fond həmçinin exit-poll keçirməyi düşünür: "Amma hər şeydən əvvəl zəruri olan resursların əldə olunması çox vacibdir. Müşahidəçilərin hazırlanması, onlar üçün zəruri təlimlərin keçirilməsi və o cümlədən onların seçkidən öncə müşahidələr aparması lazımdır. Əgər müşahidəçi yalnız seçki günü müşahidə aparırsa, o, seçki prosesi haqqında tam hesabat hazırlaya bilməz. Çünki bundan əvvəlki təcrübələr göstərir ki, bəzi hallarda müşahidəçilər yalnız səsvermə günü müşahidə həyata keçirməklə hesabat hazırlayırlar. Bir sıra hallarda seçki məntəqələrində heç müşahidəçi olmurdu və mənbə olmadan hesabatlar hazırlanırdı. Bu da istənilən halda faktların təhrif edilməsinə gətirib çıxarırdı. Eyni zamanda, müşahidəçilik missiyasının üstün tərəflərindən biri ondan ibarətdir ki, o, öz missiyasını müstəqil şəkildə həyata keçirir. Hansısa ayrı-ayrı daxili və ya xarici qüvvələrdən asılı vəziyyətdə olmur. Əgər müşahidəçi asılı vəziyyətdə olarsa, onda hesabatda qərəzlilik əks olunar. Bundan əvvəlki seçkilərdə bir çox hesabatlarda biz onun şahidi olmuşuq. Eyni zamanda, prezident və parlament seçkiləri siyasi-hüquqi akt olduğu üçün digər ölkələrin və daxildə maliyyə, sənaye qruplarının ciddi maraqları var. Onlar seçki prosesi zamanı öz vasitəçilərindən istifadə etməklə çalışırlar ki, müxtəlif təşkilatları, siyasi qrupları ələ alaraq öz maraqlarına uyğun olaraq seçki hesabatı hazırlatdırsınlar. Bu da çox təhlükəlidir və Azərbaycanın milli suverenliyi ilə bağlı bir məsələdir. Təəssüflər olsun ki, bundan əvvəlki seçkilərdə müşahidəçilər çox zaman xaricdən gələn bəzi sifarişlər əsasında hesabatlar hazırlayıblar. Məhz bu hesabatlarda siyasi sifarişi görmək mümkündür".

Ə.Nuriyev deyib ki, exit-poll keçirmək çox böyük peşəkarlıq tələb edən məsələdir. Onun sözlərinə görə, bu tədqiqat üçün zəruri resurslar lazımdır: "Əgər biz qeyd etdiyim resurslara nail ola bilsək, zəruri imkanlar əldə olunsa, bu proseslərdə iştirak etmək barədə düşünürük. Yox, əgər problemlər olarsa, prosesə aktiv şəkildə qoşula bilməyəcəyik".

"İlk exit-pollu biz keçirmişik"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təmsil etdiyi təşkilat 2004-cü ildən indiyədək Azərbaycanda keçirilən seçkilərin və referendumun monitorinqini aparıb. Onun sözlərinə görə, hətta ilk dəfə Azərbaycanda exit-poll tədqiqatını AVCİYA keçirib: "Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı məlumatı iyun ayından yaymağa başlayacağıq. Əvvəlki illərdə seçki kampaniyasının müddəti uzun idi və sonradan bu, 23 günə endirildi. Bununla bərabər namizədlərin qeydiyyata alınması və imza toplanmasının müddəti qısaldıldı. Yəni, əvvəlki illərə nisbətən bu dəfə biz də öz işimizi daha yığcam görməyi düşünürük. May ayının axırı, iyun ayının əvvəli seçki qərargahı öz iş qrafikini müəyyən edəcək".

M.Zülfüqarlı bildirib ki, ötən illərdə olduğu kimi seçkiləri müşahidə eləmək və seçici fəallığının artırılması istiqamətində işlər görüləcək: "Regionlarda seminarlar keçirərək seçici fəallığının artırılmasına dəstək veririk. Həmçinin müşahidəçilər üçün treninqlər keçiririk. Bizə həmin müşahidənin nəticələrinə uyğun olaraq seçkiyə münasibət bildiririk. Eyni zamanda, bir neçə mərhələdə monitorinqlər həyata keçiririk".

"Hələ dəqiqləşdirməmişik"

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, parlament seçkilərinə hələ müəyyən müddət var. Onun sözlərinə görə, təşkilat olaraq parlament seçkilərində hansı formada iştirak etməklə bağlı daxildə müzakirələr aparılır: "Hələ addımlarımız dəqiqləşməyib. Amma monitorinqlər də ola bilər, exit-poll da keçirilməsi mümkündür. Eyni zamanda parlamentdə hər hansı namizədlə iştirak da ola bilər. Bu ayın sonu və gələn ayın əvvəllərinə müzakirələr zamanı fikrimizi qətiləşdirəcəyik və mediaya açıqlama verəcəyik".

"Konfranslar, treninqlər keçirəcəyik"

Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, rəhbərlik etdiyi qurum bu seçkilərdə də seçki maarifçiliyi istiqamətində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, həmçinin seçici fəallığı istiqamətində təbliğatı gücləndirmək və müxtəlif konfranslar, treninqlər keçirməklə seçkilərin demokratik mühitdə keçirilməsinə dəstək olacaq: "Bu işdə də forum öz üzərinə düşən lazımi işləri yerinə yetirəcək. Ümumiyyətlə, forum keçirəcəyi tədbirlər və ya işlər barədə müəyyən proqram hazırlayır və bu proqrama uyğun işlər görülür. Amma seçkidən öncə qondarma erməni soyqırımı iddialarına qarşı tədbirlərimiz var və bu istiqamətdə fəaliyyət göstəririk. Seçki ilə bağlı işlər də nəzərdə tutulub”.

BƏXTİYAR


Müəllif: