12 Mart 2015 09:50

Vahid Əhmədov: “Söhbət banklarla, faiz dərəcələri ilə əlaqədar problemlərdən gedir”

“Rəqabət Məcəlləsi keçən sessiyada gündəliyə salınmışdı. Amma hələlik Milli Məclisin plenar iclasına çıxarılmayıb. Və belə bir məlumat da almışıq ki, Rəqabət Məcəlləsinin üzərində İqtisadiyyat və Sənaye Nazirliyində iş gedir. Müəyyən məsələlər var ki, onları beynəlxalq təşkilatlarla razılaşdırırlar. Amma hələlik bu məcəllənin Milli Məclisin plenar iclasına çıxarılmasına rəy verilməyib. Ona görə də hələlik qalır. Amma çox işlər təmin olunub. Mən sizə deyim ki, bu məcəllənin qəbul edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına müəyyən qədər müsbət təsir göstərəcək. Odur ki, bu məcəllə böyük əhəmiyyət kəsb edir və onun qəbulu mütləq lazımdır. Bununla belə inanmıram ki, onu bu sessiyada müzakirələrə çıxarıb qəbul etmək mümkün olsun”. Bunu deputat Vahid Əhmədov Rəqabət Məcəlləsinin bu sessiyada qəbul edilib-edilməyəcəyi haqda məsələyə aydınlıq gətirərkən deyib.

Deputat “Təhsil kreditləri haqqında” qanun layihəsindən də danışıb. Deyib ki, bu qanun layihəsinin qəbulu olduqca vacib və əhəmiyyətlidir: “Cəmiyyətin belə bir qanuna ciddi ehtiyacı var. Siz fikir verin “Təhsil haqqında” qanun layihəsi qəbul ediləndən sonra mən və həmkarım Əli Məsimli sözügedən qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etmişik, eyni zamanda, son vaxtlar da “Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olundu. O da çox əhəmiyyətli bir qanundur. Azərbaycanda elmin inkişafına müəyyən qədər təsiri olacaq. Amma “Təhsil kreditləri haqqında” qanun layihəsi hələlik qəbul olunmayıb. Çünki bu qanun layihəsinin bir sıra problemləri - banklarla, faiz dərəcələri ilə əlaqədar problemləri var. Ona görə bu qanun layihəsi öz həllini tapmayıb. Lakin bir daha belə hesab edirik ki, adıçəkilən qanun layihəsi tezliklə qəbul olunmalıdır”.

“Elm haqqında” qanuna toxunan Vahid Əhmədov qeyd edib ki, burada əsas fikir ayrılıqları magist və doktorantların hərbi qulluqdan azad edilib-edilməməsi ilə bağlıdır: “Mən, ümumiyyətlə, oğlan magistrlərin də, doktorantların da hərbi qulluqdan azad edilməsinin və ya onlara möhlət hüququnun verilməsinin tərəfdarıyam. Amma biz müharibə aparan ölkəyik, Ermənistanla Azərbaycan arasında 27 ildən çoxdur ki, müharibə gedir. İlbəil də Azərbaycan ordusunu möhkəmləndiririk, vəsaitlər ayırırıq və sairə. Ona görə də bizdə ildə dörd dəfə çağırışdı. O çağırışla əlaqədar problem yarana bilər. Odur ki, o məsələni biz mütləq Müdafiə Nazirliyi ilə razılaşdırmalıyıq. Amma qanun birinci oxunuşda keçdi. İkinci oxunuşda yəqin ki, bu məsələyə bir daha qayıdacağıq. Çünki o çox ciddi bu məsələdir. Ola bilər ki, biz çağırış vaxtı lazım olan kontingenti yığa bilməyək, müəyyən problemlər - ordudan yayınma halları yaransın. Amma yenə deyirəm, mən onun tərəfdarıyam ki, oğlan doktorantlar və magistrlər hərbi xidmətdən azad olunsun”.

Nemət


Müəllif: