12 Mart 2015 17:17

Vüqar Qədirov: “Ermənistana çağırış deyil, təzyiq edilməlidir”

Şahin Camalov: “Ermənistan o dövlətdir ki, BMT-nin qətnamələrini heçə sayır”

Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “apelyasiya məhkəməsi” azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlayıb. Bundan əvvəl isə separatçı rejimin “məhkəmə”si dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

Girovların azad olunması üçün bır sıra dövlətlərin çağırış etməsinə baxmayaraq, ermənilər beynəlxalq hüquq normalarına laqeyd yanaşır.

Məsələyə münasibət bildirən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov qeyd edib ki, Ermənistan girovların azad olunması üçün heç bir çağırışlara məhəl qoymaq niyyətində deyil: “Çünki Ermənistan BMT-nin Azərbaycanın işğal etdiyi torpaqları azad etməklə bağlı qəbul etdiyi 4 qətnaməyə əməl etmirsə, bir çox beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı qərarlarına riayət etmirsə, təbii ki, Amerikanın loyal çağırışlarına məhəl qoymayacaq. Biz gözləyirik ki, onlar çağırış etməsinlər, birbaşa təzyiq etsinlər. Sanksiyalar tətbiq etsinlər və Ermənistanı təcavüzkar bir dövlət kimi tanısınlar. ABŞ Ermənistanın başını o qədər sığallayıb ki, indi ermənilər onların fikirləri ilə razı olası deyillər. Ermənilər qondarma bir məhkəmə qurmaqla çalışırlar ki, “hüquqi dövlət” olmalarını sırısınlar. Bu məsələlər bir daha göstərir ki, ermənilər nəinki girovlarımızı azad etmək istəmir, eləcə də, torpaqlarımızın işğalda qalmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Yalnız hərbi yolla biz öz torpaqlarımızı işğaldan azad etməliyik”.

V.Qədirov deyib ki, Azərbaycan torpaqlarının işğalında erməni diasporunun və bir çox Amerika senatorlarının fəaliyyəti “böyük”dür. Onun sözlərinə görə, ermənilər heç vaxt ədalətli mövqe tutmayıblar: “Xocalı soqırımını törədən bir millətdən, dövlətdən azərbaycanlı girovların azad edilməsini istəyə bilərik? Ermənilər vandal millətdir və onlar üçün heç bir beynəlxalq hüquqi norma yoxdur. Onlara ancaq ciddi şəkildə təzyiq göstərilməlidir, sanksiyalar tətbiq olunmalıdır və Ermənistan məcbur edilməlidir, onlara çağırış edilməli deyil”.

İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov bildirib ki, İŞİD və digər terror qruplaşmalarının əlində olan girovların azad edilməsinə ABŞ-ın və digər dövlətlərin çağırışlarına məhəl qoyulmadığı kimi Ermənistan da terrorçu bir dövlət kimi buna əməl etmir: “Ermənistan öz istəyi ilə girovların azad olunmasını həyata keçirməyəcək. Baxmayaraq ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland girovların azad edilməsi üçün çağırış etdi. Lakin Ermənistan o dövlətdir ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayır və Azərbaycan torpaqlarını işğaldan azad etmir. Bunlar Xocalı soyqırımını törədiblər”.

Ş.Camalov torpaqlarımızın azad edilməsi üçün müharibədən başqa şansın olmadığını vurğulayıb: “Girovların azad olunması prosesi də məhz bu cür adekvat addım tələb edir. Onu da qeyd edim ki, ötən müddət ərzində girovların azad edilməsi istiqamətində müsbət addımlar atılıb və biz onun şahidi oluruq. Belə ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov girovların azad olunması üçün qətnamə layihəsi təklif edib. İndi həmin qətnamə layihəsi Ermənistanın Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı araşdırılan qətnamə layihəsinə birləşdirilib. Hesab edirəm ki, beynəlxalq ictimaiyyətin Ermənistana ciddi təzyiqi davam etməlidir. Eyni zamanda biz də öz həmyerlilərimizin azad edilməsi istiqamətində başqa addımlar atmalıyıq”.

BƏXTİYAR


Müəllif: