12 Mart 2015 17:25

Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəblinin müəllimlərin daha artıq qazanmaları üçün əlavə işlərlə məşğul olmasını təklif etməsi mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Müəllimlərə dövlət qulluqçusu adı verilməlidir”

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycan müəllimi haqqında qanun qəbul edilməlidir. Onun sözlərinə görə, bu qanunda kimlərin müəllim ola bilməsi, hansı təhsil müəssisələrinin yetirmələrinin bu müsabiqələrdə iştirak edə bilməsi və digər məsələlər öz əksini tapmalıdır: “Həmçinin hazırki müəllim ordusunun əmək haqlarının, sosial şəraitinin, imtiyazlarının ümumi əhatə dairəsini göstərməliyik. O cümlədən mən parlamentdə hökumətlə birgə müzakirələr zamanı bu mövqeni dilə gətirdim ki, Azərbaycandakı müəllimlərin sayının avtomatik olaraq üçdə ikisini ixtisar etmək çox sərt və ağır tədbir olardı. Çünki bizə bəllidir ki, Avropada 20 şagirdə 1 müəllimin düşməsinqərarlaşdırılıb. Azərbaycanda isə 1,2 milyon şagirdə 182 min müəllim dərs deyir. Belə olan təqdirdə biz orta Avropa normasından 3 dəfə yuxarı bir saya malikik. Bəs nə etməli? Parlamentdə bildirdim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müəllim biliyinin qiymətləndirməsi səlahiyyətləri verilməsi lazımdır. Könüllülük əsasında müəllimlər gəlib öz biliklərinin qiymətləndirilməsi testindən keçməlidirlər. Kimsə uğur qazanacaqsa, onları xüsusi sertifikatla təmin etmək lazımdır və Maliyyə Nazirliyi həmin müəllimlərin 3 və ya 4 dəfə artıq maaş alması məsələsini dövlət rəhbərliyi ilə razılaşdırmalıdır. Çox əminəm ki, cənab Prezident təhsilə hər zaman olduğu kimi yüksək qiymət verməsini burada da nümayiş etdirərək, müəllimlərin daha yuxarı maaşla təminatına qərar verəcək. Belə olan təqdirdə digər müəllimlər isə 5 il ərzində bu prosesdən keçməlidirlər. Keçə bilməyənlər isə sonrakı dövrdə onsuz da təhsil sistemində qalmayacaqlar. Bu təklifimi Maliyyə Nazirliyi də, hökumət strukturları da yaxşı qarşıladılar”.

Z.Oruc hesab edir ki, müəllimlər yüksək təminata layiq görülsələr, onlar dövlət qulluqçusu adını alsalar, qanunla bu məsələ tənzimlənsə, hər hansı başqa məqamlara da yer qalmaz: “Düşünmürəm ki, Hadı müəllimin mövqeyi Azərbaycan müəllimlərini aşağılamaq niyyətilə olub. Deyə bilmərəm fikir hansı kontekstdə səslənib. Amma mənə elə gəlir ki, Azərbaycan dövləti, parlamenti Azərbaycan müəllimi haqqında qanun qəbul eləməklə, bu məsələdə diskussiyalara daha əməli bir məcra verər, problem daha yaxşı çözmüş olar və müəllim dövlət qulluqçusu olar. Baxın, biz dövlət qulluqçusunu hazırlayan, ərsəyə gətirən, onu formalaşdıran müəllimlərə bu adı verməməklə, əslində nə qədər ziyan vurmuş oluruq”.

“Müəllimlərin əmək haqqı 5 dəfə qaldırılmalıdır”

Millət vəkili Fazil Mustafa bildirib ki, Milli Məclisin komitə sədrinin fikirlərində bir yanaşma üsulu var. O güman edir ki, Hadı müəllim bunu pis niyyətlə deməyib: “O deyib ki, müəllimlərə bir az da sərbəstlik tanınmalıdır ki, özlərini yaşatmaq üçün əlavə repetitor fəaliyyətilə məşğul olsunlar. Burada kiminsə bənna, fəhlə işləməsindən söhbət getmir. Amma mən bu fikirlə razı deyiləm. Fikrimcə, müəllimlərin əmək haqqı minimum 5 dəfə qaldırılmalıdır. Bunlara Azərbaycanın ən şərəfli və ən şəxsiyyətli insanları kimi dəyər verilməlidir. Xüsusilə, savadlı müəllimlər könüllü şəkildə testdən keçməlidirlər və onların nəticələri nəzərə alınmaqla maaşları artırılmalıdır. Tam əminliklə deyirəm ki, onda tədrisin keyfiyyəti də qalxacaq. Çünki bu gün Azərbaycan müəlliminə olan münasibət heç də ürəkaçan deyil və bu xoş bir vəziyyət yaratmır. Biz çalışmalıyıq ki, Azərbaycan məktəbinə müəllimin nüfuzu qayıtsın”.

F.Mustafa vurğulayıb ki, repetitor fəaliyyəti müəllim üçün acınacaqlı bir həyat tərzidir: “Nə qədər pul qazansan da, dərsdən sonra 4-5 saatın zehni məşğuliyyətə gedir. İdman dərsi keçmirsən ki, deyəsən ki, fiziki məşq edirsən. Eyni şeyi təkrar eləmək kimin xoşuna gəlir? Ona görə də bu repetitor fəaliyyəti heç də müəllim üçün fəxr ediləsi, yaxud da onun işini yüngülləşdirici bir məsələ deyil. Çörək üçün fiziki imkanını sərbəst vaxtına sərf edir və müəllimin nə övladı ilə məşğul olmaq imkanı var, nə də ailəsi ilə. Ona görə də çox acınacaqlı vəziyyətdir və başqa iş tövsiyə eləmək əvəzinə, müəllimin maaşını 5 dəfə artırmaq lazımdır. Müəllimə tam şərait yaratmaq lazımdır ki, məktəbə bağlansın. Müəllim məktəbə bağlanmayanda şagird də məktəbə bağlanmayacaq”.

F.Mustafa hökumətin hesabatında müəllimlərin əmək haqlarının qaldırılmasını prioritet məsələ kimi gündəmə gətirdiyini deyib: “Konkret olaraq, deputat həmkarımın fikri ilə bağlı məsələ qaldırmaq niyyətində deyiləm. Çünki plüralizmdir və hər bir deputatın öz fikrini söyləmək haqqı var. Ona görə də hətta mənim xoşuma gəlməyən fikir olsa belə, ona sayğı ilə yanaşmalıyam”.

“Nə üçün gedib fəhlə işləməlidir?”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev bildirib ki, hansı müəllimin qabiliyyəti varsa, onun şagird və tələbələri olur və o, repetitorluqla lazımi səviyyədə yaşaya bilir. Onun sözlərinə görə, əgər hər hansı müəllimin savadı və müəllimliyi kifayət qədər deyilsə, zəif müəllimdirsə, o zaman onun arxasınca şagird və tələbə də getməyəcək. Millət vəkili deyib ki, həmin müəllimin fəhləlik etməsi də təbiidir: “Müəllimin fəhləlik etməsi onun müəllimlik bacarığından asılıdır. Fəhləlik edən müəllimin yalnız adı müəllimdir. Əgər o, doğrudan da, səviyyəli müəllimdirsə, hamı öz uşağını o cür müəllimlərin yanına göndərəcək ki, auditoriyadan kənar hazırlıq keçsin və Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanda qiymət ala bilsin. Ən azı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı metodikanı şagirdə izah edə bilsin. Əgər o müəllim bütün bu meyarlara cavab verirsə, o zaman hazırlaşdırdığı şagird və tələbələr də imtahanlardan keçə bilirlər. Təbii ki, bunun müqabilində də həmin müəllimə əmək haqqı verilir və bununla özünün yaşayış səviyyəsini təmin edə bilir. Mən özüm də vaxtilə indiki İqtisad Universitetində laborant işləmişəm. Laborant vəzifəsini aparmaqla yanaşı, orada qəbulla bağlı hazırlığa gələn 15 nəfər orta məktəb şagirdini hazırlamışam. Yəni, 15 tələbəni hazırlamaq asan iş deyildi. Bu gün də müəllimlərimiz bu istiqaməti tutmalıdır, bu ideya ilə hərəkət etməlidir. Bu gün kənd yerlərində müəllimlərin aldığı əmək haqları qaneedici olmasa da, müəyyən mənada yaşayırlar. Çünki onların torpaq sahələri də var. Bilirsiniz ki, kənd yerlərində olan hər bir müəllimə torpaq sahələri də verilir. Onların hər biri fermer rolunu oynaya bilər. Yəni, hər şey insanın qabiliyyətindən asılıdır. İnsanın qabiliyyəti olanda ümumi yaşayış meyarını müəyyənləşdirir və bu strategiyaya uyğun fəaliyyət qurub yaşaya bilir”.

Ə.Vəliyev deputat həmkarı Hadı Rəcəblinin müəllimlərlə bağlı təklifinə də toxunub: “Deputat həmkarım olan Hadı müəllim də müəllimlər haqqında belə bir söz deyib. Ancaq fəhləliyə gedən o müəllim, görünür, ixtisasından bir qədər uzaqdır və ona görə də gedib fəhləlik edir. Əgər o müəllim öz ixtisası üzrə yaxşı mütəxəssis idisə və respublikanın təhsil sistemi içərisində tam və ayıq şəkildə fəaliyyət göstərə bilibsə, sinifdənkənar hazırlıq işləri ilə məşğul olub yaşamaq imkanına malikdir. Bütün insanlar da yaxşı bilir ki, hər bir şagird ali təhsil müəssisələrinə daxil olmaq üçün yaxşı müəllimlərin yanına gedib hazırlaşırlar. Ən azı məsləhət alırlar və bunun müqabilində də maliyyə vəsaiti ödəyirlər. Əgər mən müəlliməmsə, deməli, yüksək qabiliyyətə malikəm və nə üçün gedib fəhlə işləməliyəm? Deyək ki, müəllim auditoriyada tədris edir, əgər o, yaxşı müəllimdirsə, auditoriyadan sonra onun ardınca şagird və tələbələr axışır. Ona görə də kim zəif müəllimdirsə, onun arxasınca heç kəs getmir. Buna repetitorluq da deyirlər. Bu gün hərə bir söz danışır ki, repetitor niyə lazımdır, bu olmamalıdır və sairə. Ancaq mənim fikrimcə, bu yaxşıdır və olmalıdır. Birinci növbədə ona görə ki, repetitorluqla məşğul olan müəllim öz biliyini şagird və tələbələrinə verir. Biz savadsızlığa qarşı mübarizə aparmalıyıq. Əgər bir müəllim savad verirsə, o zaman ona qarşı mübarizə aparmalı deyilik”.

BƏXTİYAR


Müəllif: