17 Mart 2015 16:55
3 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirli bilinən Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayevin apelyasiya prosesi başa çatıb. Ona elan olunmuş ittihamda deyilir ki, Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru əvəzi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərini aşıb.

2013-cü il aprel ayının əvvəllərində universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Kamil Mirzəzadə xəstəliyi ilə bağlı akademik məzuniyyət almaq üçün Qorxmaz Ağayevə müraciət edib. Prorektor məzuniyyətə görə ondan 500 manat pul istəyib. O, aprelin 15-də, saat 16 radələrində universitetin inzibati binasındakı xidməti otağında tələbədən 400 manat rüşvət alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Qorxmaz Ağayev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qorxmaz Ağayev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

“Kömək etmək istədim”

Şirvan Apelyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçən prosesdə Qorxmaz Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1999-cu ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib: “Kamil Mirzəzadə bir neçə ay ərzində müraciət edərək xəstəliyi ilə əlaqədar akademik məzuniyyətə buraxılması üçün kömək göstərməyimi xahiş etdi. Tələbə mənə pul təklif etdi, pulun məbləğini demədi. Lakin hər dəfə tələbənin pul təkliflərini rədd etdim.

Kamil Mirzəzadənin akademik məzuniyyətə buraxılması məsələsi vəzifə səlahiyyətimə aid olmasa da, müraciətlə bağlı ona kömək etməyi özümə borc bilmişəm. Ona ərizə ilə ümumi şöbəyə müraciət etməyi məsləhət görmüşəm. Həmçinin xəstəliyi ilə bağlı akademik məzuniyyətə çıxmaq üçün həkim məsləhət komissiyası tərəfindən arayış təqdim etməli olduğunu izah etmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, tələbələrə akademik məzuniyyətin verilməsi səlahiyyəti universitet rektoruna aiddir: “Tələbəni akademik məzuniyyətə buraxmaq vəzifəsi səlahiyyətimə daxil olmayıb. Kamil Mirzəzadənin nə səbəbdən mənə müraciət etməsi aydın deyil. Aprelin 15-də Kamil Mirzəzadə təkrar iş otağıma gələrək xəstəliyi ilə əlaqədar akademik məzuniyyətə buraxılmasına kömək etməyimi xahiş etdi. Ərizə yazmaqda Kamil Mirzəzadəyə kömək etməsi üçün tədris işləri üzrə inspektor Şahnaz Hüseynovaya tapşırıq verdim. Həmin vaxt Kamil Mirzəzadə ərizə yazmağa getdi”.

“Videodakı başqa adamdır”

Prorektor bildirib ki, xidməti otağında Kamil ona pul verməyə cəhd edib: “Lakin tələbədən pul götürmədim və otaqdan çıxmasını tələb etdim. Kamil Mirzəzadədən pul istəməyim yalandır. Gizli video-çəkilişdə Kamil Mirzəzadədən 400 manat rüşvət alan şəxs mən deyiləm. Kamil otağımdan çıxıb, mən isə tədris hissə otağına getmişəm. Bir neçə dəqiqə sonra prokurorluq əməkdaşları otağa girdilər, özlərini təqdim edərək mənə qarşı fiziki güc və zor tətbiq etdilər.

Özümü pis hiss etdiyim üçün onlar üzümə hava dəyməsi üçün pəncərəyə tərəf apardılar. Lakin çölə heç nə tüpürməmişəm və qusmamışam. Həyəcanlandığım üçün otaqda yerə qusmuşam. Sonradan isə həyətdən 400 manat tapıldığını eşitmişəm. Həmin pul mənə də təqdim edildi. Lakin təzyiqim qalxdığı üçün həmin pullara fikir verməmişəm. Həmin pulla mənim heç bir əlaqəm olmayıb".

“Ağzından pul tüpürdüyünü bildirdi”

Şahid qismində ifadə verən Kamil Mirzəzadə qeyd edib ki, Qorxmaz Ağayev ondan rüşvət tələb edib və bu səbəbdən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Onun sözlərinə görə, aprelin 15-də, saat 15.45-də digər əməliyyat iştirakçılarından ayrılaraq ondan rüşvət tələb edən Qorxmaz Ağayevlə görüşmək üçün universitetin yerləşdiyi binaya daxil olub: “Qorxmaz Ağayevi xidməti otağının yanında bir neçə nəfər universitetin işçiləri ilə birlikdə gördüm. Ona yaxınlaşaraq arayışı gətirdiyimi bildirdim, sonra xidməti otağa keçdik. Qorxmaz Ağayev tibbi arayışa baxdı, məni Şahnaz adlı qadının yanına apararaq ərizə yazmalı olduğumu bildirdi. Şahnaz ərizənin sözlərini diktə etdi.

Sonra mənə gedə biləcəyimi dedi. Lakin Qorxmaz Ağayev başı ilə işarə edərək məni öz otağına dəvət etdi. Otaqda onun istədiyi 400 manatı verdim, pulu götürərək saydı. Otaqdan çıxandan sonra prokurorluq işçilərinə işarə verdim. Onlarla birlikdə yenidən həmin binaya daxil olduq, 2-ci mərtəbədəki “Tədris hissəsi” otağına girdik.

Prokurorluq işçiləri özlərini təqdim edərkən Qorxmaz Ağayev müqavimət göstərməyə cəhd etdi. Prorektor oturacaqlara təpik atdı və özünü yerə yıxdı. Daha sonra özünü pis hiss etdiyini bildirərək çölə açılan pəncərəyə yaxınlaşdı, başını pəncərədən bayıra çıxardı və tüpürdü. Həmin vaxt Qorxmaz Ağayevin ağzında olan pulu pəncərədən aşağı tüpürdüyünü gördüm.

Qorxmaz Ağayevin özünü pəncərədən çölə atacağından ehtiyat edən əməliyyatçılar onun şalvarının kəmərindən tutdular. Pəncərənin altında dayanmış polis əməkdaşı əməliyyatçıları çağıraraq pəncərədən başını çıxaran şəxsin ağzından pul tüpürdüyünü bildirdi".

Qorxmaz Ağayevin vəkili Əlizadə Kazımov apelyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı Ədalət Əzimov təmin edilməməsini istəyib.

Hakim heyəti sonda Qorxmaz Ağayevin apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərarı açıqlayıb. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.1-ci maddəsi 178.2.3-cü (dələduzluq) maddəsinə tövsf edilib və cəza 3 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: