21 May 2014 11:12
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının şöbə müdiri ABŞ səfirinin tezislərini alt-üst etdi

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bu günlərdə “Azadlıq” radiosuna verdiyi müsahibə ictimai-siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Diplomat müsahibəsi zamanı işlətdiyi ifadələrlə açıq-aşkar milli maraqlarımıza zidd addım atmamızı tövsiyə edib, Qərbin Rusiyaya qarşı açdığı cəbhədə rəsmi Bakının da yer almasını məqsədəuyğun sayıb.

Müsahibəyə Azərbaycan rəsmiləri, bir çox ictimai və siyasi xadimləri, Milli Məclisin deputatları münasibət bildiriblər. Bütün bu münasibətlərdə səfirin müvafiq konvensiyaya və ölkələrimiz arasında mövcud olan münasibətlərin ruhuna uyğun olmadığı fikri bildirilib. Səfirin müsahibəsinə bildirilən münasibətlər içərisində Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bildirdiyi münasibət xüsusilə diqqət çəkir. Əvvəlcə, gəlin həmin müsahibənin bəzi məqamlarına nəzər salaq.

“Belə cəhdlərin səmərəsi də olmayacaq”

Ə.Həsənov əvvəlcə, ABŞ-Azərbaycan münasibətlərinin tarixinə nəzər salıb və qeyd edib ki, ABŞ-la Azərbaycan arasında keçən iyirmi ildə daim yaxşı münasibətlər olub. O, bu gün də iki ölkə arasındakı əlaqələrin kifayət qədər sabit olduğunu, bir sıra sahələr üzrə əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. PA-nın şöbə müdiri qeyd edib ki, Azərbaycan həm də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir: “Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir. Azərbaycan prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu xalqa necə yaşamağı öyrətməsi" heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi də olmayacaq".

Konkret olaraq R.Morninqstarın məlum müsahibəsinə gəldikdə isə Ə.Həsənov bildirib ki, onun fikirləri nə Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil, nə də ki, “Diplomatik əlaqələr haqqında” 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasının tələblərinə cavab vermir: “Konvensiyaya əsasən, xarici dövlətlərin diplomatları fəaliyyət göstərdikləri ölkələrin qanunlarına və ictimai həyat normalarına hörmətlə yanaşmalı, bu ölkənin daxili və xarici işlərinə qarışmamalıdır. Diplomatik nümayəndəliyin əsas funksiyaları öz ölkəsi ilə fəaliyyət göstərdiyi dövlət arasında dostluq münasibətlərini dəstəkləmək, xalqlar arasında ictimai, iqtisadi, mədəni və s. əlaqələrin inkişafına yardım göstərməkdir. Təəssüf ki, cənab Morninqstarın açıqlamalarında bu tələblər bir qədər pozulub”.

“Onların məyus olacağı şübhəsizdir”

Onu da bildirək ki, ABŞ səfirinin olduqca qeyri-diplomatik və təəccüb doğuran ritorikası diqqətdən yayınmayıb. Onun bir sıra iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi xarakterizə olunub. Bununla bağlı da öz fikirlərini açıqlayan Ə.Həsənov qeyd edib ki, Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz:

“R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz antiazərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və düşündürür”.

Ə.Həsənovun sözlərinə görə, bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir: “İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən “Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə yoxdur".

“Bu, səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil”

Azərbaycanda hakimiyyətin qeyri-monolit olması fikrinə gəldikdə isə PA-nın şöbə müdiri qeyd edib ki, bu da cənab səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil: “Azərbaycanda hakimiyyət xalqın iradəsi əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı olmayaraq, prezident İlham Əliyevin rəhbərliyi ilə, vahid komanda halında ölkənin dinamik inkişafı, milli maraqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və s. istiqamətdə prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla, həyata keçirilir. Azərbaycan öz coğrafi və geosiyasi mövqeyinə, xalqın milli maraqlarına və xüsusiyyətlərinə əsaslanaraq, dünyanın müasir reallıqlarına cavab verən siyasəti, məxsusi inkişaf yolu ilə seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və məqsədyönlü siyasəti bundan sonra da davam etdiriləcək”.

“Əli Həsənov kifayət qədər təcrübəli dövlət adamıdır”

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Əli Həsənov kifayət qədər təcrübəli bir dövlət adamıdır. O qeyd edib ki, Ə.Həsənov ötən illər ərzində istər ulu öndərin, istərsə də prezident İlham Əliyevin siyasi komandasında çox mühüm vəzifəni daşıyır, kifayət qədər informasiyalı bir şəxsdir, dərin analitik təfəkkürə malikdir: “Eyni zamanda ölkənin mənafeləri ilə bağlı hər zaman açıq mövqelərini ortaya qoyub. İndiki müsahibəsi də dərin məzmunu ilə seçilir, eyni zamanda müsahibədə çox mühüm siyasi yüklü tezislər, prinsiplər var. Ən başlıcası isə Amerika səfirinin verdiyi müsahibəyə münasibətdə son dərəcə dəqiq qiymətləndirmə mövqeyindən çıxış edib. Əslində, hörmətli Əli müəllimin burada bir mövqeyini xüsusi olaraq qabartmaq lazımdır ki, heç bir halda hər hansı müsahibəni iki dövlət arasındakı münasibətlərin tamam korlanması, soyuq bir era, gələcək əlaqələrin üzərindən xətt çəkilməsi və Azərbaycanın öz strateji kursundan geri daşınması kimi qələmə vermək olmaz. Gördüyünüz kimi, Əli müəllim də birmənalı vurğulayır ki, o, yenə də Azərbaycanın Amerika ilə əməkdaşlığının davam etdiriləcəyinə öz inamını saxlayır. Bu, təbii ki, Azərbaycan dövləti adından verilən açıqlamadır. Düşünürəm ki, hər kəs bunu nəzərə almalıdır”.

Z.Oruc qeyd edib ki, sözügedən müsahibənin ayrı-ayrı məqamları təhlil edilərkən əsasən hakimiyyət komandasının vəziyyəti, onun Amerika tərəfdarları və əleyhdarları kimi kateqoriyalara bölünməsinə qarşı çıxılmalıdır: “Hörmətli Əli müəllim çox açıqlığı ilə dilə gətirib ki, bu bəzən mediada özünə yer tapan hər hansı fikirlərin, bəyanatların sanki səfirin dilinə gətirilməsidir. Bir az da irəli getsək deməliyik ki, sanki elə zamanında ayrı-ayrı mətbuat orqanlarındakı xəbərlər elə səfirliklərdən qaynaqlanırmış. Yəni, bu, mətbuatın səfirə deyil, səfirliyin indiyədək mətbuata mənbə rolunda çıxış etməsidir. Elə ona görə də Əli müəllimin bu yaxınlarda informasiya təhlükəsizliyinin nə dərəcədə zərurət kimi meydana çıxdığını qeyd etdiyi başqa bir bəyanatını xatırlatmaq istəyirəm. Təbii ki, bu o deməkdir ki, bizim məkanımızda həddindən artıq yad məlumatlar dövr edir və bunun əksər hallarda məqsədli sızdırmalara bağlı olduğu, kəşfiyyat ünsürləri hesabına dövriyyəyə çıxarıldığını da bilməliyik. Məsələn, son dövrlər Azərbaycanda anti-rusiya ovqatının stimullaşdırılması bu qəbildəndir. Kimdir onların mənbələri? Əmin edirəm ki, Qərb ölkələrinin səfirlikləri”.

“ABŞ Rusiya əleyhinə sanksiyalara qoşulmağımızı istəyir”

Z.Oruc onu da bildirib ki, R.Morninqstarın bu cür ifadələr işlətməsində onun müsahibə verdiyi məkan da xüsusi rol oynayıb. Yəni, səfir sanki auditoriya üçün danışıb: “Əminəm ki, sabah siz müsahibə üçün səfiri redaksiyanıza dəvət etsəniz, onun əks leksikonuna şahidlik edəcəksiniz. O zaman təəccüblənməyin. Belə demək mümkünsə, o auditoriyaya uyğun da nitq hasil edir. Ən sonda istəyirəm ki, həm bu müsahibəyə, həm də Əli müəllimin açıqlamasına rəğmən bir qənaətimi birmənalı bölüşüm ki, səfirin kifayət qədər gizli maraqlara söykənən müsahibəsi Amerikanın bir sıra başlıca maraqlarını özündə ifadə edir. Bu da ölkəmizi Rusiyadan qoparmaq niyyətidir. Bununla onu demək istəyirlər ki, Azərbaycan Qərbin Rusiya əleyhinə sanksiyalarına qoşulsun. Bizim ölkəmiz şimal qonşumuzun əleyhinə getsin, Ukraynanın yanında yer alsın. Qərbin Avropa Qonşuluq Siyasəti hesabına çəkmək istədiyi anti-Rusiya kordonunda öz yerini möhkəmləndirsin, buna öz töhfəsini versin. Bax, mən səfirin son müsahibəsinin başlıca qayəsini qeyd etdiyim fikirdə görürəm”.

“Əli Həsənovun mövqeyi ilə tam razıyam”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni təəssüflə bildirib ki, Azərbaycanla bağlı məsələlər səfir R.Morninqstarın müsahibəsində qeyri-obyektiv və birtərəfli şəkildə dəyərləndirilib. O qeyd edib ki, səfirin qeyd etdiyi bütün məsələlərə PA-nın şöbə müdiri Əli Həsənov öz müsahibəsində münasibət bildirib: “Mən onun fikirləri ilə tamamilə razıyam. Azərbaycan dövləti və hökuməti bu gün çox monolit, bütün sahələrdə öz üzərinə götürdüyü məsuliyyəti yerinə yetirən, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla həyata keçirən və get-gedə güclənən, beynəlxalq nüfuzu artan, hər hansı problemlər varsa belə, o problemləri aradan qaldıran bir dövlət və hökumətdir. Ölkə prezidenti cənab İlham Əliyevin komandası da bugünkü, müasir tələblərə cavab verən və Azərbaycanı inamla, uğurla gələcəyə doğru aparan bir komandadır”.

Səxavət HƏMİD


Müəllif: