1 İyul 2015 12:37
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.

Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu müdafiə nazirinə təqdim olunub.

Bildirilib ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə zolağı, sinif otaqları, o cümlədən müxtəlif yardımçı bölmələrdən ibarət poliqonda müxtəlif iriçaplı atıcı silahlar, minaatanlar, qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi ilə həyata keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi döyüş hazırlığı üzrə vərdişlər aşılanır.

Müdafiə Nazirliyinin rəhbərliyi təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını veriblər.

BƏXTİYAR


Müəllif: