6 İyul 2015 17:31

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkədə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış Azərbaycan Konqreslər Bürosu ötən gün mətbuat konfransı keçirib.

Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid qurumun fəaliyyəti və məqsədi barədə məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış Konqreslər Bürosu dövlət və özəl sektorun birgə layihəsidir: “Azərbaycanda turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi daşıyan qurum 2013-cü ildən fəaliyyət göstərir. Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkənin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, beynəlxalq tədbirlərdə iştirak və digər biznes əhəmiyyətli işlər daxildir. Məqsədimiz korporativ görüşləri Azərbaycana cəlb etməkdir.

Azərbaycanın Beynəlxalq Assosiasiya üzrə 100 ölkədən 79-cu yerdə olması mühüm əhəmiyyət kəsb edir. Reytinq cədvəllərinə baxaraq Beynəlxalq Assosiasiya tədbirlərini təşkil edən peşəkarlar məhz hansı məkanlarda tədbirlərin keçirməsini təsdiqləyirlər.

Reytinq cədvəlində iştirakın əsas xüsusiyyətlərindən biri ölkədə keçirilən Assosiasiya tədbirlərinin miqdarıdır. Azərbaycanda 2014-cü il ərzində 10 Assosiasiya tədbiri keçirilib. Bizim Konqreslər Bürosu akademik və elmi ictimaiyyətlə birgə işləyərək, bu reytinqdə daha da önə keçməyi planlaşdırır".

Qeyd edək ki, 2015-ci ildə Təlimlər Planına uyğun olaraq Büronun üzvü olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün müxtəlif təlimlər keçirilib. Təlimlərin təşkilində əsas məqsəd Büronun üzvlərinin fəaliyyətini gücləndirmək və iş potensialını artırmaq olub.

Florian Senqstşmid Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti və əldə etdiyi uğurlar barədə də danışıb: “Büro Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. İCCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə reytinqi hər il dərc edilir. Bu reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm keçirilməlidir və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir.

Region ölkələri arasında lider olan Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub. Onu da bildirim ki, Azərbaycan Konqreslər Bürosu İCCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub. Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir. Şəhərlər üzrə reytinqdə paytaxt Bakı Kann, Luzern, Verona, Tbilisi, Təl-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb".

Florian Sengstchmid bildirib ki, əsas məqsəd Azərbaycanda böyük turizm assosiasiyası yaratmaqdır: “Çünki Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Assosiasiyanın üzvüdür. Azərbaycana irimiqyaslı tədbirlərin keçirilməsi üçün şəraitlər var. Buna görə də beynəlxalq assosiasiyaların növbəti tədbirlərini Azərbaycanda keçirməyə qərar verilib. Bu tədbirlərdən biri Elektrik və Elektronika Mühəndisləri İnstitutunun ”İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi" üzrə 10-cu beynəlxalq konfransı olacaq. Ən böyük texniki peşə cəmiyyəti olaraq bu qurumun dünyanın 170 ölkəsində 450000-dən çox üzvü var və hər il bu sahədə 1000-dən artıq tədbirin keçirilməsini təmin edir.

Bakıda keçiriləcək tədbir 12-14 oktyabr 2016-cı ildə nəzərdə tutulur və bu zaman 250-dən artıq qonağın ölkəmizə gəlməsi gözlənilir. Digər mühüm tədbir isə Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (EİBA) 2016-cı ildə keçiriləcək 1-ci Avrasiya konfransıdır. 1977-ci ildə yaranmış EİBA dünyanın 110 ölkəsində üzvü olan qlobal qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi enerji iqtisadiyyatına marağı olan mütəxəssislərə fikir və təcrübə mübadiləsi üçün sahələrarası forum təşkil etməkdir".

Azərbaycan Konqreslər Bürosunun meneceri Anar Nərimanovun sözlərinə görə, Azərbaycanın turizm sahəsi ilə ən çox Rusiya, Polşa, Çexiya, Britaniya və Almaniya kimi ölkələrin vətəndaşları maraqlanırlar: “Ümumilikdə Büronun üzvləri sırasında ölkənin biznes turizmində aparıcı mövqe tutan 25 şirkət var. Büro ilə əməkdaşlıqla bağlı böyük gözləntilərilər var. Biz çalışırıq ki, Azərbaycanda biznes turizm bazarının inkişafına dəstək olmaq”.

İlhamə


Müəllif:
Загрузка...