9 İyul 2015 15:57
381

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi məqsədilə mühüm islahat tədbirləri ilə yanaşı, Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması yönündə də işlər aparır.

Teleqraf.com-un məlumatına görə, ötən ilin ortalarından etibarən ƏƏSMN-nin 38 TSEK-indən artıq 24-ü müasir iş şəraiti və tibbi avadanlıqlarla, müayinə cihazları ilə təmin olunublar. Qısa müddət ərzində digər TSEK-lər də belə iş şəraitinə malik olacaqlar. Bu barədə ƏƏSMN-nin Səbail rayonu üzrə 10 saylı TSEK-i üçün müasir tələblərə uyğun iş şəraitinin istifadəyə verilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. Nazir müavini vurğulayıb ki, bu gün nazirliyin diqqətində dayanan əsas məsələ vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən TSEK-lərə müraciət edən şəxslərin normal şəraitdə və keyfiyyətli tibbi-sosial ekspertiza xidmətləri ilə təmin olunmasıdır.

Son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin xeyli gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran Natiq Məmmədov əlilliyin intensivlik göstəricisinin, habelə təkrar əlil və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayının getdikcə azaldığını, tam və hissəvi reabilitasiya göstəricilərinin artmaqda olduğunu qeyd edib: “Hazırda fəaliyyət göstərən Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaratmaqla, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə səbəb olub: “Ümumən tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi, bu sahəyə nəzarətin artırılması yönündə aparılan işlərin müsbət nəticələrindən biri kimi, əlillik təyinatı məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı da kəskin şəkildə azalaraq minimuma enib”.


Sonra TSEK-in yeni iş şəraitinə, müayinə avadanlıqlarına baxış olub, göstərilən tibbi-sosial ekspertiza xidməti nəzərdən keçirilib.

Naibə QURBANOVA


Müəllif: