9 İyul 2015 19:05
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Gürcüstanın prezidenti və baş nazirinə müraciət edib.

QAT-ın mətbuat xidmətindən verilən xəbərə görə, müraciətə səbəb QAT sədri A.Nağının artıq bir ildir ki, Gürcüstana girişinə qadağa qoyulması ilə bağlıdır. Müraciətdə bildirilir ki, A.Nağı 2014-cü il iyunun 5-dən bu problemlə üzləşib: “Mən, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Gürcüstan Respublikasına girişimə qadağa qoyulması ilə bağlı Sizə müraciət edirəm. Mən bu qadağa ilə 2014-cü il iyunun 5-də üzləşmişəm. Həmin vaxt mən Türkiyədən qayıdarkən Sarpi keçid-sərhəd məntəqəsində saxlanılaraq geri qaytarılmışam. Həmin gündən bir ildən çox vaxt keçib. Lakin bu günə qədər mənə bu qadağanın səbəbini izah etməyiblər. Mən bir neçə dəfə Gürcüstanın xarici işlər nazirliyinə, Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət etmişəm, lakin heç bir aydın cavab almamışam.

Mən 2013-2014-cü illərdə bir neçə dəfə Gürcüstanda olmuşam. Qeyri-hökumət təşkilatları, universitet rəhbərləri və tələbələri, Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlər və digər nümayəndələrlə görüşmüşəm, Azərbaycan və Gürcüstan arasındakı ictimai əlaqələrin inkişafı, münaqişələrlə bağı informasiya mübadiləsi, işğala və separatizmə qarşı birgə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparmışıq”.

Müraciətdə o da qeyd olunub ki, A.Nağı hər zaman Azərbaycan və Gürcüstan arasındakı dostluq əlaqələrinin vacibliyini təbliğ edib: “Mən hər yerdə Azərbaycan və Gürcüstan xalqları və dövlətlərinin dostluğunun, əməkdaşlığının vacibliyini təbliğ etmişəm. Ona görə də mənim Gürcüstana girişimə qadağa qoyulması başa düşülən deyil və yalnız anlaşılmazlıq, ya da təxribat ola bilər. Xahiş edirəm, bu məsələyə müdaxilə edəsiniz və mənim barəmdə verilmiş bu yanlış qərarın ləğv olunmasına və yaxud günahım varsa, onun açıqlanmasına yardımçı olasınız”.

Səxavət


Müəllif: