9 İyul 2015 19:01
383

ATƏT Parlament Assambleyasının yay sessiyasında Milli Məclis sədrinin müavini, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışaraq parlamentarilərin diqqətini onların məruz qaldıqları işgəncələrə yönəldib.

Milli Məclisin sədr müavini deyib ki, öz yaxınlarının məzarlarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən girov götürülmüş mülki azərbaycanlılar D.Əsgərov və Ş.Quliyev hazırda qeyri-insani şəraitdə saxlanılırlar. Onlar amansız mənəvi və fiziki əzab-əziyyətlərə məruz qalırlar. Fotolardan və videokadrlardan görünür ki, ermənilərin verdikləri işgəncələr nəticəsində hər iki girov tanınmaz hala düşüb. Onların həyatları təhlükədədir.

Bahar Muradova D.Əsgərovun və Ş.Quliyevin girov götürülməsini Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı dözümsüzlük siyasəti aparmasının göstəricisi kimi dəyərləndirib. O, ATƏT-in fəaliyyətdə olan sədrinin girovların tezliklə azad edilməsi üçün dərhal və təsirli tədbirlər görəcəyinə ümid etdiyini bildirib.

Azay Quliyevin müəllifi olduğu qətnamənin lehinə Ermənistan parlamentarisi də səs verib

ATƏT-in Parlament Assambleyasının Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edildikdən bir gün sonra – iyulun 8-də Ermənistan nümayəndə heyəti aranı qatmağa cəhd edib.

Azay Quliyevin hazırladığı qətnamə yenidən diqqətə gətirilib və bildirilib ki, iyulun 7-də keçirilən iclasda qətnaməyə dəyişikliklə bağlı bir təklif yaddan çıxaraq səsləndirilməyib. Bu təklif Büro Katibliyi tərəfindən dəstəklənib və qətnamə yenidən müzakirəyə çıxarılıb.

Belə bir hadisə ATƏT PA-nın tarixində ilk dəfə yaşanır. A.Quliyev verilən təklifi çəkinmədən müzakirəyə çıxarıb, qətnamə bir daha səsə qoyulub və əvvəlki səsvermədən fərqli olaraq bu dəfə daha çox deputatın səsini qazanaraq qəbul edilib. Ən qəribəsi budur ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan özü də qətnamənin lehinə səs verib.

Qətnamənin qəbul ediləcəyindən ciddi narahat olan A.Geqamyan ona dəyişiklik edilməsi ilə bağlı yersiz təkliflərlə çıxış etsə də, bu təkliflərin heç biri iclasın ilk günündə avropalı deputatlar tərəfindən qəbul edilməmişdi. ATƏT PA-nın ötən sessiyasından sonra Ermənistan mətbuatı A.Geqamyanı savadsızlıqda, diplomatik bacarıqsızlıqda, Azərbaycan tərəfinə daim məğlub olmaqda qınamışdı. İndi ermənistanlı deputatı ölkəsində nələrin gözlədiyini hiss etmək çətin deyil.

Xatırladaq ki, qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. On doqquz maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.

Yay sessiyasında Helsinki Bəyannaməsi qəbul edilib

Dünən ATƏT Parlament Assambleyasının yay sessiyası çərçivəsində keçirilən plenar iclasda Helsinki Bəyannaməsi qəbul edilib. Bəyannamədə ATƏT-ə üzv ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunur.
Ermənistan nümayəndə heyətinin üzvləri sənədin əleyhinə səs veriblər. Onlar ATƏT ərazisində həlli uzanan münaqişələrin tezliklə nizamlanması istiqamətində səylərin artırılmasını, üzv ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörməti əks etdirən dördüncü paraqrafa etiraz ediblər. Həmçinin onlar Rusiya nümayəndə heyəti olmadan Bəyannaməyə Rusiya-Ukrayna məsələsi ilə bağlı maddənin salınmasını etirazla qarşılayıblar.

Azərbaycan nümayəndə heyəti isə Helsinki Bəyannaməsinin lehinə səs verib.

Səxavət HƏMİD


Müəllif: