11 İyul 2015 11:35
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sərnişin avtobuslarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri (YNH) ilə bağlı məsələlərə aydınlıq gətirib.

E.Sultanov Trend-ə bildirib ki, Tovuzda 4 nəfərin ölümü və 7 nəfərin yaralanması ilə nəticələnən qəza faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü) maddəsi üzrə cinayət işi başlanılıb. Avtobusun sürücüsü şübhəli şəxs qismində tutulub.

Bakının Nizami rayonunda baş vermiş YNH-ə gəlincə, E.Sultanov qeyd edib ki, iki nəfərin ölməsi ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Nizami rayonunda baş vermiş qəzada 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan ikisinə yerindəcə tibbi xidmət göstərilərək evə buraxılıb, qalan 7 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami rayon polis idarəsində müvafiq araşdırmalar davam etdirilir. Hazırda qəza yerindən qaçmış avtobus sürücüsünün saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

E.Sultanov əlavə edib ki, hər iki yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar daxili işlər naziri və baş prokurorun nəzarətinə götürülüb.


Müəllif: