23 İyul 2015 16:44

“Son vaxtlar dünyada baş verən ekstremist çıxışların, qanlı terror aktlarının, habelə təkfirçilik kimi pis əməllərin qarşısı yalnız xalqların qətiyyətli iradəsi, dövlət rəhbərlərinin məsuliyyətli qərarları, din xadimləri və cəmiyyətin bütün təbəqələrinin birgə səyləri ilə alına bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bunu Tacikistanın paytaxtı Düşənbə şəhərində dünyanın 34 ölkəsini təmsil edən tanınmış dövlət, din və elm xadimlərinin iştirakı ilə keçirilən “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda Beynəlxalq konfransda çıxışı zamanı QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri bu yolda düzgün dini maarifləndirmə işinin və gənc nəslin dini dəyərlər, əxlaqi-mənəvi keyfiyyətlər ruhunda tərbiyəsinin böyük önəm kəsb etdiyini bildirib.

Beynəlxalq konfrans iştirakçılarının diqqətini Qarabağ münaqişəsinə yönəldən QMİ sədri bildirib ki, 25 ildən artıq müddət ərzində işğal və etnik təmizləmə siyasətinin acı nəticələrini yaşayan, Qarabağın işğalının, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi maddi və mənəvi terrorunun şahidi olan Azərbaycan xalqı terrorun və ekstremizmin nə olduğunu yaxşı bilir.

Paşazadə ekstremizmlə, terrorla, ideoloji təxribatlarla mübarizədə islami həmrəyliklə yanaşı bütün səmavi din ardıcıllarının dialoq və əməkdaşlığını təsirli vasitə kimi dəyərləndirdi.

Şeyxülislam terror və ekstremizm hallarına son qoyulması yönündə dinlərarası dialoq, məzhəblərarası anlaşmanın vacib olduğunu bildirərək, multikulturalizm və tolerantlığın Azərbaycanda mövcud nümunəvi modelindən bəhrələnməyin ümumbəşəri önəmini xüsusi vurğulayıb.

Çıxışının sonunda konfransda qəbul ediləcək qərarlarla bağlı konkret tövsiyə və təkliflər verən A. Paşazadə, bu yaxınlarda Tacikistanda baş vermiş təbii fəlakətlə bağlı qardaş tacik xalqına, onun rəhbərliyinə, yaxınlarını itirən ailələrə başsağlığını bildirib. QMİ sədri təbii fəlakətdən zərər çəkmiş ailələrə Azərbaycan müsəlmanları adından 10 min ABŞ dolları məbləğində maddi yardım təqdim etdiyini bəyan edib.


Müəllif:
Загрузка...