24 İyul 2015 14:38
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-cü ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 25 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Xanlar Vəliyevin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 13-də altı ayın yekunlarına dair iclasındakı nitqində korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyub.

Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən görülən tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.

Xüsusi vurğulanıb ki, 2015-ci ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

"Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 20 apelyasiya protestinin 46,2 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 78 məhkəmə prosesi keçirilib" deyə Xanlar Vəliyev bildirib.

Hacı Zeynalov


Müəllif: